“Quran-Kərim bütün elmlərin, o cümlədən fəlsəfənin meyarıdır”

Sərdar Cəlaloğlu: “Hər bir yeni elmi kəşf Qurani-Kərim tərəfindən təsdiq olunmadıqda, onun doğruluğuna və xeyirliliyinə inanmaq olmaz”
 
“Qurani-Kərimi anlatmaq din xadimlərinin bilavasit vəzifəsi deyil”
 
“Televiziylarada falçıların, astroloqların, ekstrasenslərin çıxış etməsi İslam cəmiyyəti üçün yolverilməzdir”
 
“Əslində, hər bir seçki saxtakarlığına qarşı mübarizə və ya hakimiyyət uzurpasiyasına müqavimət özündə İmam Hüseyn dərsi kimi meydana çıxmalıdır”
 
“Mən Azərbaycanda dini təbliğatın düzgün qurulmadığı qənaətindəyəm. Azərbaycanda dini təbliğatla yalnız dini təhsil almış insanların, həm də ayrı-ayrı təriqət və məzhbələrin məktəblərində təhsil almış insanların iştirakını yanlış hesab edirəm”
ADP sədri Sərdar Cəlaloğlunun son vaxtlar dini mövzuda yazdığı yazılar və müxtəlif qəzetlərə verdiyi müsahibələr böyük maraqla qarşılanmaqdadır. İnsanların böyük əksəriyyəti hesab edir ki, istər ölkədə, istər də ümumilikdə regionda din pərdəsi adı altında bir çox təhlükəli siyasi oyunların getdiyi bir vaxtda, vətəndaşların dini maarifləndirilməsinə daha çox ehtiyac var. Odur ki, bu sahədə S.Cəlaloğlunun, eləcə də digər tanınmış din adamlarının yazıları və fikirləri cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilir. Sözsüz ki, bütün bunlarla yanaşı, həmin şəxslərə qarşı qəzet və saytlarda hücumlar da az olmur. Hansı ki, bu adamlar ortaya ciddi arqument qoya bilmədikdə, konkret olaraq ADP sədrinə qarşı “siyasətçi dinə qarışmamalıdır” kimi absurd fikirlər irəli sürürlər. Bu səbəbdən Sərdar Cəlaloğlu ilə söhbətimizə elə həmin məsələdən başladı.
 
(Əvvəli ötən sayımızda)
 
- Maraqlıdır, biz cəmiyyət olaraq, tutaq ki, İmam Hüseyndən necə nümunə götürə bilərik?
 
- İmam Hüseyndən iki cür nümunə götürmək olar. Birincisi, İmam Hüseynin başına gələn hadisəyə hissi reaksiya vermək. Bu, əzabkeşlik kimi meydana çıxır. Hansı ki, müasir dövrdə şiələr arasında geniş şəkildə təcrübədən keçirilir. Bu adət xristianlıqdan əxz edildiyindən və xristianlıqda isə İncilin təhrif edilməsindən meydana çıxdığından, yanlışdır. İkincisi, şüurlu reaksiya. İmam Hüseyn hadisəsi bir ilahi dəlildir və insanlara nümunə ücün baş vermişdir. Dəlil-sübut ücün istifadə olunan həqiqətdir. Beləliklə, hər bir şiə İmam Hüseyn hadisəsini düşünərək onun mahiyyətini dərk edib, onun nümunəsində yaşam stili seçməlidir. Yəni əsl şiəlik İmam Hüseyinin aqibətinin mahiyyətini öz taleyində yaşatmaqdir. Allah-təala İmam Hüseyn müsibəti ilə insanlara hansı nümunəni nazil edib? Bu mətləb ondan ibarətdir ki, əgər nahaq varsa və siz doğru yoldasınızsa, nə övladınızı, nə sərvətinizi, nə hakimiyətinizi, nə də caninizi itirməkdən qorxmadan o doğru yolu gedib, zülmə qarşı vuruşmalısınız. Bu hökmün dəlili İmam Hüseyn hadisəsdir.
İndi İslam ölkələrində, o cümlədən şiələrin yaşadığı bütün ölkələrdə zülm az qalır ərşə dayansın. Amma özünü şiə hesab edənlər İmam Hüseyn nümunəsini təkrarlamır. Şaxsey-vaxsey getməyin İmam Hüseynə nə dəxli var? İmam Hüseyn Allah yolunda şəhid olub, insanlar onun şəhidliyindən nümunə götürmək əvəzinə,onun şəhidliyinə yas tutur. İslam dininə görə şəhidlər ölmür, deməli İmam Hüseyn məna aləmində diridir. Diriyə necə yas tutmaq olar?! İkincisi, Allah-təala həqiqətən təqvalılığı Allahla görüşə inamla şərtləndirmişdir. Yəni İslama görə, ölmək axirət aləmində Allahla görüşə getmək deməkdir. Əgər biz inanırıq ki, İmam Hüseyn Allahla görüşə gedib, onda nə üçün buna yas tutmalıyıq? Bu peygəmbərin meracına - Allahla görüşə aparılmasına uyğun bir hadisədir. Biz meracı bayram kimi, amma Allahın yanına birdəfəlik merac etməyi yas kimi qəbul edirik. Peyğəmbərin hədislərində də var, bunu şiələr də bilir ki, ölən insnın arxasınca ağlamaq dinə görə düz deyil.
İmam Hüseynə ən düzgün münsibəti Mahatma Qandi göstərib. O, İmam Hüseyn hadisəsini  “insanlıq məktəbi “adlandırıb. Niyə? İmam Hüseynin həyatını oxuyan, öyərənən bir insan onun kimi olarsa, yer üzündə şər olmaz. Əgər bu 1,5 milyard müsəlmanın yarısı, şiələrin onda biri İmam Hüseyn kimi nahaqqa qarşı çıxarsa, zülmün qabağına gedərsə, yerdə zülm olmaz. Mahatma Qandi dinc-demokratik mübarizənin banilərindəndir. O, azlığın aşkar çoxluğa qarşı dirənişini dinc-demokratik mübarizə kimi təyin etmişdir. İmam Hüseyn də 72 nəfərlə 10 minlik ordunun qarşısında dirəniş nümayiş etdirdiyindən dinc-demokratik mübarizə tarixinin ən şanlı nümunələrindən birini ortalığa qoymuşdur. Buna görə, kim ki, azlığa baxmayaraq, çoxluğa qarşı haqq uğrunda mübarizə aparır, o, İmam Hüseyn hadisəsini düzgün anladığını nümayiş etdirir. Qurani-Kərimin bir çox ayələrində, o cümləıdən “Səff” surəsində Allah-təala insanlara, azlıqda olmalarına baxmayaraq, zülm edən çoxluğun qarşısında polad kimi səf-səf duraraq, müqavimət göstərməyi əmr edir.  
İmam Hüseyn hadisəsini anlamaq ağlamaqla, sinə döyməklə, özünü  öldürməklə, qan tökməklə və ya gedib qan verməklə yox, bu hadisənin batini mənasını anlayıb, onu öz həyatının mənasına keçirməklə sübut oluna bilər. Yəni hər bir şiə İmam Hüseyn kimi olmalıdır, zülmə  hər şeyindən məhrum olmaga hazır olmaqla və bu zaman Allahın hədlərindən keçmədən, yəni özü zülmkara çevrilmədən qarşı çıxmalıdır. Şiələr yaşadığı ölkələrdə hakimiyyət müxtlif üsullarla uzurpasiya olunur. Ya seçkilər saxtalaşdırılır, ya dövlət çevrilişləri baş verir. İmam Hüseyn hakimiyyətin ədalətsiz mənimsənilməsinə qarşi mübarizədə şəhid olub. Bir çoxları bunu hakimiyyət davası kimi yozmağa çalışır. Bu yanlışdır. İslam dininə görə, hakimiyət Allah-təalaya məxsusdur və o istədiyi adama Öz hakimiyyətindən pay verir. Allah-təalanın kiməsə hakimiyyətdən pay verməsi hakimiyyətin ədalətli yolla əldə edilməsi kimi meydana çıxır. O insanlar ki, ədalətsiz yollarla hakimiyyət əldə edir, əslində onlar Allah-təalanin hakimiyyət verən Adına qarşı çıxmış olur. Yəni Allahın doğru yolundan azmış olur. Hər bir müsəlman isə Allahın doğru yolunda vuruşmalı olduğundan, bu yoldan çıxana qarşı cihad etməlidir. İmam Hüseynin şəhidliyi Allah yolunda-Allahın hakimiyyət vermədiyi, lakin hakimiyyəti ədalətsiz olaraq ələ alanlara qarşı bir cihad idi,  hansı ki, hər bir müsəlman üçün ilahi əmrinin icrasindan ibarət idi.
Əslində hər bir seçki saxtakarlığına qarşı mübarizə və ya hakimiyyət uzurpasiyasına müqavimət  özündə İmam Hüseyn dərsi kimi meydana çıxmalıdır. Nə yazıqlar ki, bu məktəbdən dərs alanlar hələ də bu dərsi mənimsəməyiblər.
-Sizcə,təriqət və məzhəblərin mövcudluğu şəraitində İslamın həmrəyliyinə necə nail olmaq olar?
-Quran-Kərimdən aydın şəkildə görünür ki, Allah-Təala qabaqcadan dində müxtəlif əqidələrin meydana çıxacağını bəyan etmişdir. Əqidə fərqliliklərinin İslamda birləşməyi kəsməməsi üçün Qurani-Kərimdə bir çox əmrlər verilmişdir. Onlardan biri başqa məzhəb və təriqətlərlə Qurani-Kərim üzrə mübahisə etməməkdir. Yəni hansı təriqət Qurani-Kərimi necə anlayırsa, bu, o təriqətin öz işi olmalıdır və heç bir təriqət həmin təriqətin əqidəsinə müdaxilə etməməlidir. İkincisi, əqidələr arasında münasibətdə təhqirə, alçaltmaya və zorakılığa yol verilməməlidir. Allah-təala hətta batili inancları belə təhqir etməyi qadağan edir. Bu, onunla izah olunur ki, əgər sən doğru yoldasansa və doğru olaraq batili inancların məbudlarını təhqir edərsənsə, ona tapınanlar da nadanlıq ucbatından Allah-təalaya küfr edə bilərlər. Allah-təala hansı təriqətin və məzhəbin doğru olduğunu yanlız onun özünün bildiyini bəyan edir və bunu da yanlız qiyamət günü elan edəcəyini bildirir. Buna görə də bu gün təriqətlərin özünün doğru yolda, başqalarının əyri yolda olduğunu iddia etməsi və bu zaman təhqirlərə, zorakılıqlara əl atması Allaha şirk qoşmaq, Allahın əmrlərindən çıxmaqdır. Hansı ki, başlanğıcda eyni hərəkətləri İblis etmişdir.
Təriqət və məzhəblərin İslamı parçalaması və zəifləməsi təkcə Qurani-Kərimdə və ya peyğəmbərin hədislərində bəyan edilməmişdir. Öz dövrünün görkəmli, qabaqcıl dövlət xadimləri həqiqi din alimləri məzhəb və təriqət ayrıseçkiliyinə qarşı mübarizə aparmışdır. Bunun ən böyük nümunəsini biz Həzrət Əlidə görürük. Həzrət Əli öz sağlılğında xəlifə kimi xaricilərlə müharibə aparsa da, dünyasını dəyişərkən özündən sonra bu mübarizənin davam etdiriləməsini qadağan etmişdir. Bizim tariximizin ən böyük sərkrdə və hökmdarlarından olan Nadir şah da təriqət və məzhəblərin Türük dünyasını və İslamı parçaladığını və zəiflətdiyini anladığına görə, Türk sultanlarına Türk və İslami birlik naminə İslamın 5 əsas təriqətinin rəhbər götürülməsini və digər təriqətlərin qadağan edilməsi təklifini vermişdir. Bu təklif öz dövrünün radikal təriqətçilərinin maraqlarına zidd olduğundan Nadir Şahın terror edilməsinə səbəb olmuşdur. İslamda təriqət və məzhəblərin yaranma prosesi davam etməkdə, təriqət və məzhəblər arası münasibətlər Qurana zidd şəkild qurulmaqda, İslam parçalanmaqda və zəifələməkdədir. Bizim qarşımızda iki yol var: ya Qurani-Kərimə zidd olduğuna görə, İslamda istənilən əqidə küfr elan edilib qadağan olunmalıdır, ya da Nadir şahın təklifi yenidən gündəmə gəlməli, bir neçə əqidə əsas götürülməli, hamı tərəfindən bu əqidələrə hörmət edilməlidir.
Əslində, bu gün təriqət və məzhəblərin İslama zidd olmasını yalnız mən iddia etmirəm. Məndən bir qədər sonra Əl-Həzər universitetinin din alimlərindən biri təriqət və məzhəblərdən xilas olmaq üçün Qurani-Kərimi yeni ölçüdən idrak edilməsinin vacibliyini bildirmişdir. Eləcə də Türkiyədə bir çox din alimləri Qurani-Kərimdən əlavə mənbələrə istinad edib dində yol tutmağı yanlış hesab edirlər. Nəhayət, 2-3 həftə bundan qabaq İranda imam Xomeneyi və Ayətulla Ruhaninin təşəbbüsü ilə İslami vəhdət konfransl keçirilmişdir. Bu konfransın da əsas qayəsi təriqət və məzhəblər arası ziddiyyətlərin aradan qaldırılması və İsalmi birliyə nail olmaq olmuşdur.
-Bəs, Sizin bu istəqamətdə konkret hansı təklifləriniz var?
-Bilirsiniz ki, 2 ildən artıqdır Qurani-Kərimin elmi-fəlsəfi şərhi ilə bağlı kitab üzərində işləyirəm. Bu kitab təxminən 10 cilddən ibarət olacaq. Buna paralel mətbuatda çıxış edərək, din və siyasət məsələləri ilə bağlı özümün fikirlərimi ictimaiyyətlə bölüşürəm. Mən tədqiqata başlamamışdan qabaq müxtəlif təriqətlərin istinad etdiyi kitablara, bəzi təfsir kitablarına, o cümlədən İslam alimlərinin tərcümeyi-halına nəzər saldım. Məndə belə bir təəssürat yarandı ki, Qurani-Kərimin elmi-fəlsəfi izahının universal prinsipi yoxdur. Hər bir alim hər bir ayə ilə bağlı ayrıca metod və üsul tətbiq etməklə Qurani-Kərimin aydınlaşdırıcı ayələrini mənsub olduğu əqidəyə uyğunlaşdırmışdır. Nümunə üçün bir şiə və bir sünni Məalına baxmaq kifayətdir. Baxmayaraq ki, hər ikisi Qurana əsaslanır, amma Məallara baxdıqda bir-birindən 180 dərəcə əks məna üzə çıxır. Əgər digər təriqətlər də öz Məallarını çap edərsə, onda əlimizdə bir Quran əvəzinə yüzlərlə alternativ quran olduğu aydın olacaq. Məal əslində Qurani-Kərimi Allahın hidayəti iılə anlamadan insanları yayındırır və nəticədə onları əyri yola salır. Halbuki insanları Qurani-Kərimi anlamağa yalnız Allah-tala özü kömək ola bilər. Mən Qurani-Kərimin izahına başlamamışdan öncə Qurani-Kərimin bir səmavi kitab kimi hansı məntiqə, hansı hekayə üslubuna və hansı hadisələrə əsaslandığını müyyən etdim və bütün Qurani-Kərimi anlamaq üçün vahid, universal metod hazırladım. Həmin metod əsasında Qurani-Kərimin bütün aydınlaşdırıcı ayələrini eyni qaydada izah etməyə başladım. Aldığım bütün nəticələrin Qurani-Kərimin aydın ayələri ilə təsdiq olunduğunu gördüm. Bu da seçilmiş metodun doğruluğunu təsdiq edir.
Mən dini təbliğatın Azərbaycanda düzgün qurulmadığı qənaətindəyəm. Azərbaycanda dini təbliğatla yalnız dini təhsil almış insanların, həm də ayrı-ayrı təriqət və məzhbələrin məktəblərində təhsil almış insanların iştirakını yanlış hesab edirəm. Qurani-Kərimin təbliği elmin bütün sahələrində çalışan alimlərin, o cümlədən filosofların iştirakı ilə aparaılmalıdır. Yalnız bu halda insanlar Qurani-Kərimin mahiyyətini anlaya bilər. Bu gün Azərbaycanda Qurani-Kərimin təbliğinə paralel batili inancların və batili elmlərin təbliğatı aparılır. Televiziylarada falçıların, astroloqların, ekstrasenslərin çıxış etməsi İslam cəmiyyəti üçün yolverilməzdir. Çünki Qurani-Kərimdə bu elmlərin hamısı batili elm kimi qadağan edilmişdir. Əslində, belə ikili təbliğat haqqa batil donu geyindirməyə gətirib çıxarıb ki, bu gün cəmiyyətimizdə adamların dindən uzaqlaşmasının əsas səbəbi də budur. İkinci məsələ dinin cəmiyyət həyatında yerinin düzgün təyin olunmamasıdır. Bir çoxları belə hesab edir ki, din insan həyatının məhdud bir sahəsini əhatə etməlidir. Bu tamamilə yanlışdır. Xüsusən dinin yas mərasimləri və qəbirstanlıqlarla məhdudlaşdırılması dini məhv etməyə yönəlib. Zəburda deyilir: “Sən ölülərin nəyinə lazımsan. Sənə yalnız dirilərin ehtiyacı vardır”. Doğrudan da belədir. Qurani-Kərimdə insanların doğru yola düşməsi onların dirilikləri ilə şərtlənmişdir. İnsan tövbə edib, doğru yolda olmağın tələb etdiyi şərtləri yerinə yetirmək gücündə olmadığı andan başlayaraq, onun üçün Allahın doğru yolu bu dünyada başa çatmış hesab olunur. Ölülər də tövbə edib doğru yolda ola bilməyəcklərindən, Qurani-Kərim yalnız dirilərə lazımdır. Lakin Qurandan açıq şəkildə görsənir ki, insnların qəbirstanlıqları ziyarət etməsi, dəfn mərasimlərində iştirakı təcrübədən onlara doğru yolu xatırladır. Buna görə də İslam ölmüş insanların qəbrlərini ziyarət etməyi, dəfn mərasiminin bütün mərhələlərində aktiv iştirak etməyi əmr edir.
Səsləndirdiyim fikirlərlə bağlı istənilən səviyyəli debatlarda iştirak etməyə hazıram. Hətta mənim yanlış düşünməyimin sübut olunmasını belə dinimizə xidmət kimi qəbul edirəm. Amma əminəm ki, dediklərimdə yanılmıram. Çünki təcrübə göstərir ki, təriqət və məzhəblər İslamı daxildən məhv edir. Qurani-Kərimi düzgün anlamamaq bizi xurafata sürükləyir. Və dünyanı müsəlmanlara qarşı cəbhələşməyə gətirib çıxarır. 
-Qurani-Kərimin elmi-fəlsəfi izahı nə dərəcədə düz ola bilər?
 
- Qurani-Kərimdən görünür ki, Allah-təala insanları iki cür öyrədir. Birincisi, mələklər vasitəsilə beyinlərə pay kimi bilik verilir. Bir də Allah-təala bilvasitə insanların qəlblərindən hikməti öyrədir. Beyinə verilən biliklər əqli biliklərdir. Hansı ki, biz təcrübədən həmin biliklərin bizdə olduğunu təsdiq edirik. Həqiqi əqli biliklər qəlb ilə verilən bilikləri anlaması üçün vasitə rolu oynayır. Məhz buna görə Qurani-Kərimdə çoxlu elmi bilgilər vardır. Bu cür bilgilər bilinməyənlər haqqında bilgiləri insanlara öyrətmək üçün verilir. Bu baxımdan əslində Qurani-Kərimi düzgün anlamaq üçün elmi və fəlsəfi biliklərə malik olmaq lazımdır. Burada fəlsəfə dedikdə mən fəlsəfi təlimləri nəzərdə tutmuram. Fəlsəfə dedikdə, insanın filosofluq qabiliyyətindən aşkarladığı fikirləri nəzərdə tuturam. Filosofluq düşüncə prosesində ümumilişmə qabiliyyətinə malik olmaq deməkdir.Yəni Qurani-Kərimi anlamaq üçün mütləq insandan induksiya qabiliyyəti tələb olunur. Deduksiya ilə Qurani-Kərimi anlamaq olmaz. Fəlsəfə həm də Qurani-Kərimin məntiqini anlamaq üçün lazımdır. Əgər biz bəşəri kitabların məntiqini bilmiriksə, onda Qurani-Kərimin ilahi məntiqini necə anlaya bilərik? Digər bir məsələ həqiqəti dərəcələmə məsələsidir. Emanasiyanın nə olduğunu bilmədən kimsə Qurani-Kərimdən bir ayənin mənasını belə, anlaya bilməz. Əqli elmlər bizə bu dünyanın gizli bilgilərini anlamaq üçün lazımdır. Hansı ki, Qurani-Kərimdə bəyan edilir. Bu baxımdan ən müxtəlif elmlərdən xəbəri olmadan fəlsəfi düşüncə qabiliyyətinə malik olmadan kimsə Qurani-Kərimi anlaya biıməz. Məhz buna görə Allah-təala Qurani-Kərimdə bəyan edir ki, gərək sizin aranızda alimlər olsun ki, Qurani-Kərimi sizə anlatsın. Qurani-Kərimi anlatmaq din xadimlərinin bilavasit vəzifəsi deyil. Biz bunun təsdiqini Qurani-Kərimin özündən tapa bilərik. Allah-təala Qurani-Kərimdə Məhəmməd peyğəmbərə bu kitabın ayələrinin yalnız zahirinə görə insanlara izah etməyə əmr edir. Çünki batini məna əqli elmlərin inkişafından asılı olaraq insnlar tərəfindən anlaşıla bilər. Bu baxımdan müxtəlif tarixi dövrlərdə Qurani-Kərimin yeni ölçülərdən, yəni əqli elmlərin son nailiyyətlərindən yenidən idrak edilməsi tələb olunur. Bu gün gen mühəndisliyi, kibernetika, mobil əlaqələr, Kvant fizikası, kosmik tədqiqatlar və s. əsrində yaşayırıq. Bu bilgilər əslində bizə Qurani-Kərimin bu günə qədər mənası qaranlıq qalan ayələrini anlamaq üçün bir vasitə rolu oynayır.
Qurani-Kərim və elmlə bağlı bu qısa fikirlərimi belə yekunlaşdırmaq istəyirəm ki, bir çox alimlər yanlış olaraq yeni elmi kəşflərin Qurani-Kərimi təsdiq etdiyini bəyan edir. Bu, Qurani-Kərimə küfr etməkdir. Əgər Qurani-Kərim özündən əvvəlki müqəddəs kitabları təsdiq edən və qiyamətə kimi Allah-təala tərəfindən qorunan kitabdırsa, onda bu kitabın bəşərin təsdiqinə nə ehtiyacı ola bilər?! Əksinə hər bir yeni elmi kəşf Qurani-Kərim tərəfindən təsdiq olunmadıqda onun doğruluğuna və xeyirliliyinə inanmaq olmaz. Qurani-Kərim elmləri təqdir edir, elmlər Qurani-Kərimi yox. O elmi kəşflər və nəzəriyyələr k, Qurani-Kərim tərəfindən təsdiq olunmur, həmin elmi kəşflər və nəzəriyyələr tarixin sınağından çıxa bilməz. Quran bütün elmlərin, o cümlədən fəlsəfənin meyarıdır.  
 
"Hürriyyət"