“Qüdrət Həsənquliyevin iqtidarda "kütbeyin" dediyi adam...” - ADP SƏDRİ

Baxış sayı:
7051

“Çox təəssüf ki, iqtidarda özlərinin çirkin əməllərini həyata keçirmək üçün onu daxildən parçalamaq, onun ən nüfuzlu və sədaqətli kadrlarını gözdən salıb onlara qarşı etimadsızlıq yaratmaq niyyəti güdən və bununla da ölkəni siyasi böhrana sürüklədiklərinin fərqində olmayan kütbeyin insanlar var”.

Bu bəyanatı ötən həftə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev səsləndirib.

Bu bəyanatdan öncə isə Q.Həsənquliyev Gəncədə baş verən olaylarla bağlı danışarkən bildirmişdi ki, bu hadisələri təşkil etməklə, bizə ismarıc yolladılar: “Düşünürəm ki, hadisələr hələ bitməyib. Baş verənlər əsas döyüş qabağı düşmənin necə cavab verəcəyini yoxlamaq üçün aparılan kəşfiyyat döyüşünə bənzəyir. Azərbaycandan istədiklərini ala bilməsələr, payızda daha böyük təxribatlara cəhd olacaq”.

Q.Həsənquliyevin şübhə dolu bəyanatları bu gün də cəmiyyətdə müzakirə olunmaqdadır. Çünki onun “Azərbaycandan istədiklərini ala bilməsələr, payızda daha böyük təxribatlar olacaq” deməsi ölkənin təhlükə altında olduğunu göstərir ki, bu da insanlarda xof yaradır. Hə iki bəyanatda Q.Həsənquliyevin iqtidarın parçalanmasını aşkar bəyan etməsi isə gizli mətləblərdən xəbər verir. Hətta əvvəlki bəyanatında Həsənquliyev qeyd edib ki, “kənarda və elə iqtidarın daxilində də oyuncaq prezident olmaq istəyən kütbeyin insanların sayı yetərincədir”. Maraqlıdır ki, Q. Həsənquliyev iqtidarda prezident olmaq istəyən “kütbeyin” insanlar deyəndə kimləri nəzərdə tutur?

“Qüdrət Həsənquliyev maraqlarını müdafiə etdiyi qrupun dili ilə digər qrupu hədələyir”

Qüdrət Həsənquliyevin son iki bəyanatına diqqət yetirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun fikrincə, BAXCP sədrinin mövqeyi göstərir ki, o, iqtidarda aşkar hansısa qrupun təmsilçisi kimi çıxış edir: “Əslində, Qüdrət Həsənquliyev o qrupun ölkənin idarə olunmsı ilə bağlı bütün maraqlarını, iradələrini ifadə edir. Mən onun birinci müsahibəsini də oxumuşdum. Açığı, çox təəccüblənmişdim. Birincisi, kimsə bilsə ki, Rusiya təxribat törədir, bunu bu cür ictimaiyyətə çatdırmaq doğru deyil. Çünki ictimaiyyətin özündə panika yarada bilər. Belə şeyləri dövlət çərçivəsində həll edərlər. Azərbaycan Demokart Partiyası olaraq bizə xalqımızın, dövlətiminzin maraqları təhlükə altında qalan xarici, yaxud daxili ciddi bir təhükə ilə bağlı hər hansı bir məlumat daxil olsa, şübhəli hadisələr müşahidə etsək, partiyanın adından dərhal yazılı şəkildə rəsmi səviyyədə müvafiq orqanlara, Daxili İşlər Nazirliyinə, Təhlkəsizlik Komitəsinə, Prezident Aparatına məlumat göndərərik ki, bu sahədə belə bir təhlükəli tendensiya var, bu, xalqın, dövlətin maraqlarına ziddir. Çünki elə informasiyalar var ki, onu elan etmək birincisi, cəmiyyətdə panika yaradır. İkincisi də hər hansı bir hadisə yoxdursa, belə bir hadisəni deməklə, müəyyən zəif iradəli insanlar onu şüuraltı olaraq qəbul edilər ki, belə bir hadisə olacaq. Müəyyən bir situasiyada onlar elə bilirlər ölkədəki həmin təxribat başlayır və onlar da prosesə qoşulurlar. Yəni faktiki olaraq “təxribat olacaq” deməklə, “təxribat olsun” demək arasında heç bir fərq yoxdur. Xüsusən Rusiya kimi güclü bir dövlətin Azərbaycanda təxribat edəcəyi ilə bağlı bir məlumatın verilməsinin iki məqsədi var:

1. Bu adamın dili ilə Rusiya Azərbaycanı hədələyir. 2. Rusiya belə bir təxribat etməyəcəksə, onda Qüdrət Həsənquliyev maraqlarını müdafiə etdiyi qrupun dili ilə özünü dediyi iqtidar daxilindəki digər qrupu hədələyir. Buradan başqa bir nəticə çıxartmaq olmur”.

“Konstitusiyaya görə istənilən Azərbaycan vətəndaş prezident ola bilər”

S.Cəlaloğlu onu ad qeyd etdi ki, Qüdrət Həsənquliyein əvvəlki müsahibəsi ilə bağlı fikirləri, o cümlədən VİP sədri Əli Əliyevin “Hürriyyət” qəzetində çıxan çox gözəl təhlilini də oxuyub:“Digər siyasətçilərin də təhlillərini oxudum. Bütün təhlillərdə bir qırmızı xətt kimi belə bir fikir keçirdi ki, Qüdrət Həsənquliyev bu məlumatı dəqiq bilirsə, bu, o deməkdir ki, onun Rusiyanın kəşfiyyat orqanları ilə hansısa bir əlaqəsi var. Yox, əgər bu məlumatlar dəqiq deyilsə, onda Qüdrət Həsənquliyev Rusiyanın adı ilə Azərbaycan iqtidarında hansısa bir qrupu, Azərbaycan dövlətini, prezidentini təhdid edir. Onun son bəyanatına da mən diqqətlə baxdım. Demək olar ki, onun bu bəyanatı Azərbaycan iqtidarının bügünə qədər apardığı siyasəti alt-üst edib. Heydər Əliyev dönəmindən İlham Əliyevə dönəminə qədər Heydər Əliyev, ondan sonra isə İlham Əliyev birmənalı şəkildə deyib ki, Azərbaycan iqtidarı monolitdir, parçalanma, qruplaşma yoxdur. Amma indi Qüdrət Həsənquliyev inadlı şəkildə Azərbaycan iqtidarının daxilində hansısa bir qruplaşmanın olduğunu deyir. Eyni zamanda həmin qruplaşmanı küçə söyüşləri ilə təhqir edir, onları “kütbeyin”, dövlətçiliyə düşmən adlandırır, xarici dövlətlərlə agentura əlaqlərində olmaları ilə əlaqələndirir. İstər-istəməz sual olunr İlham Əliyev, yoxsa Qüdrət Həsəquliyev düz deyir? Yəni Azərbaycan iqtidarı monolitdir, yoxsa Azərbaycan iqtidarında Qüdrət Həsənquliyevin dediynə görə artıq ikitirəlik var, bu tirələr bir-birinə qarşı vuruşur. Bu baxımdan, Qüdrət Həsənquliyevin bu bəyanatlarını mən məsuliyyətsiz, bu adamın tutduğu siyasi mövqeyə uyğun olmayan bir hal kimi qiymətləndirirəm. Qüdrət Həsənquliyev də bizim kimi adi bir partiya sədridir, Milli Məclisin deputatıdır. Amma 125 millət vəkilindən, Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 55 partiyadan fərqli olaraq Qüdrət Həsənquliyev kimi, yəni arxasında bir nəhəng güc olan kimi heç kəs danışa bilmir. Mən həkim kimi deyirəm, psixoloji olarq onun verdiyi bəyanatlara baxsaq, aşkar görsənir ki, sanki bu adamın arxasında bir xarici dövlətin gücü, nəhəng maliyyə, hərbi güc var. Hətta iqtidarın özündə təmsil olunan hansısa bir qrupu hədələyə, təhqir edə, alçalda bilir. “Prezidet olmaq istəyən “kütbeyinlər”” nə deməkdir? Əvvala, Azərbaycan Konstitusiyasına görə istənilən Azərbaycan vətəndaşı, o cümlədən iqtidarının daxilində kimlərsə prezident ola bilər. Bir millət vəkili insanların öz Konstitusion hüquqlarının istifadə edərək prezident olmaq istəyini nə üçün “kütbeyin” adlandırmalı, təhqir etməlidir? Belə çıxır ki, kimsə öz Konstitusion hüququndan istifadə etmək istəyirsə, bu, onun ünvanınadır. Yəni dolayısı yolla Qüdrət Həsənquliyevin bu hərəkəti Azərbaycan Konstitusiyasına yönəlmiş aşkar hörmətsizlikdir. İkincisi, Azərbaycan iqtidarını təmsil edənlərin böyük əksəriyyətini toxunulmazlığı var. Necə millət vəkili kimi, Qüdrət Həsənquliyev toxunulmazdır, eləcə də bizim qanunlara görə prezident, vitse-prezident, nazirlər toxunulmazdır. Yəni Qüdrət Həsənquliyev hansı şəxsləri nəzərdə tutur ki, onların sırasından kimsə prezident ola bilməz, onların hamısının toxunulmazlıq statusu var. Toxunulmazlıq statusu olan bir adamı sən necə kütləvi informasiya vasitələrində küçə söyüşləri ilə təhqir edə bilərsən? Tutaq ki, Azərbaycan iqtidarında Ramiz Mehdiyev, Kəmaləddin Heydərov, Əli Həsənov və yaxud hansısa bir nazir prezident olmaq istəyir, sən necə bu adamları “kütbeyin” adlandıra bilərsən? Bu adamlar, Konstitusiyaya görə, öz hüquqlarından istifadə edə bilərlər. Qüdrət Həsənquliyev açıq şəkildə deyir ki, guya, ikinci qrup var, Azərbaycan iqtidarını dağıtmaq, parçalamaq istəyir. Burdan istər-istəməz buradan belə nəticə çıxır ki, Qüdrət Həsənquliyev demək istəyir ki, “Azərbaycan iqtidarı məhz bizim qrupdur. Yalnız bizim qrup Azərbaycan dövlətinə, millətinə xidmət edir. bizim qrupdan başqa digər qruplar Azərbaycan dövlətinin və xalqının düşmənidir”. Bu da qrupbazlıdan başqa bir şey deyil. Heç kəs öz ayranına turş deməz ki. Mən də deyərəm ki, bizim qrup Azərbaycan dövlətinə ən yaxın qrupdur. Bu baxımdan, Qüdrət Həsənquliyevin son vaxtlar verdiyi bəyanatlar ciddi siyasi səhvdir. Hətta veridyi bəyanatdan sonra bir daha öz bəyanatını açıq şəkildə təkrarlayır”.

“O, bu barədə prezidentə hesabat veribmi?”

Deputatın fikirləri ilə bağlı söz deyənlərin təxribat törədəcək qüvvələrin yanında olmasına gəlincə, S.Cəlaloğlu vurğuladı ki, kimlərsə bu təxribatın törədilməsində rol alıbsa, onlar heç vaxt indidən Qüdrət Həsənquliyev kimi özünü bir təxribatın tərəfdarı kimi göstərməz, gizlədər: “Sən bir təxribat törətmək istəyirsənə, sən niyə mətbuata çıxmalısan, mövqeyini bildirməlisən. Amma bu adamlar çıxıb aşkar Qüdrət Həsənquliyevin fikirlərinə münasibət bildirirlər. Münasibət bildirdikdə isə Qüdrət Həsənquliyev dərhal bir yarlıq yapışdırır. Elə arasında bir söz var: “adını sənə qoyum, səni də yana-yana qoyum”. Qüdrət Həsənquliyevin haqqında irəli sürülən ittihamları o, özü həmin adamlara qarşı yönəldir. Adamlar deyir ki, Qüdərt Həsənquliyev bu faktları dəqiq bilirsə, hansı yolla əldə etməsini deməlidir. Bu məlumatları nə üçün dövlət oraqanlarına vermir, Kütləvi İnformasiya Vasitlərində yayır? O, bu barədə prezidentə hesabat veribmi? Dövlət Təhlükəsizlik Komitəsinə, Daxili İşlər Nazirliyinə yazıbmı? Ən azı parlamentin sədrinə məlumat veribmi? Üzvü olduğu komissiyanın bundan məlumatı varmı? Yox. Birdən-birə bu cürə təhlükəli bir məlumatın mətbuata çıxması nə deməkdir? Bu, ölkədə çox cidid təhlükəli proseslərə təkan verə bilər. Təxribat olacaq-olmayacaq deyə bilmərik, amma payız olmamış indidən bu bəyantları vermək ki, ay Azərbaycan cəmiyyəti, Azərbaycanda Rusiya təxribat törədəcək. Bu, o deməkdir ki, Azərbaycan iqtidarı heç bir təxribatın qarşısını almaq gücünə malik deyil, Azərbaycan iqtidarı daxildən parçalanıb. Parçalanmış qruplar bir-biri ilə ölüm-dirim münbarizəsi aparsın, bu vəziyyətdə Rusiya Azərbaycana qarşı intervensiya etsin. Bütün bunların hamısı Azərbaycan dövlətçiliyinə, hətta hökumətə qarşı çox böyük ittihamlardır. Tutaq ki, Rusiya Azərbaycan qarşı təxribat törətsə, Azərbaycan iqtidarı nə edəcək? Qüdrət Həsənquliyevin verdiyi bəyanatdan dərhal sonra bütün hüquq-mühafizə orqanları ortalığa münasibət qoymalıdır”.

“Parlamentin bir deputatı haradan bilir ki, Rusiya Azərbaycandan nə istəyir?”

“Mənim yadıma gəlir, bizim qəzetdə mənim müavinlərimdən biri təhlil etmişdi ki, sosial-iqtisadi siyasət dəyişdirilməsə, Gəncədə inqilab gözlənilir, bu vəziyyət inqilaba apara bilər. Az qalırdılar ki, onu həbs etsinlər. Amma bu qənaətə təhlil nəticəsində gəlinmişdi. Bu isə deyir ki, “məndə fakt var, Azərbaycanda mütləq təxribat olacaq. Azərbaycan Rusiyanın dediyi bütün şərtləri yerinə yetirməlidir”. Belə bir halda nə Dövlət Təhlükəsizlik Komitəsi, nə Baş Prokurorluq, nə də Daxili İşlər Nazirliyi bu adamın verdiyi bəyanatla bağlı ortalığa mövqe qoymur. Ən azı bu adamı çağırıb araşdırlmalıdırlar ki, bu məlumatları sən haradan almısan? Bu təxribat necə olacaq? Sən haradan bilirsən ki, Rusiya Azərbaycanda təxribat törədəcək? Rusiya ilə əlaqələr prezident, xarici işlər nazirləri, yüksək rütbəli məmurlar səviyyəsində olur. İndi mən sual edirəm, parlamentin bir deputatı haradan bilir ki, Rusiya Azərbaycandan nə istəyir? Axı, Rusiya səninlə danışıqlar aparmır. Belə çıxır ki, Rusiya buna deyir ki, biz Azərbaycandan bunu istəyirik, Azərbaycanın bu hərəkətlərinə görə narazıyıq. Təbii ki, Rusiya heç vaxt Qüdrət Həsənquliyevə belə bir fikir deməz. Deməli, onda bunu Rusiyanın Azərbaycanda maraqlarını müdafiə edən qüvvə deyib ki, sən de ki, Rusiya bunu istəyir. Əgər onlar Rusiyanın adamlarıdırsa, onlar Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edirsə, bəli, Rusiya onlara deyər ki, bunları etsinlər, yoxsa biz belə edəcəyik”, - deyə ADP sədri əlavə etdi.

S.Cəlaloğlunun fikrincə, Qüdrət Həsənquliyevin həm əvvəlki, həm də son bəyanatı siyasi cəhətdən olduca ziyanlıdır: “Azərbaycanda sabitliyin pozulmasına yönəlik zəmin hazırlayan bəyanatlardır. Gələcəkdə Azərbyacan cəmiyyətində müəyyən təxribatların törədilməsinə istiqamət verməkdən başqa bir şey deyil. Ona görə, Qüdrət Həsənquliyev iqtidarda kimi təhdid edir, bu, araşdırılmalıdır”.

“Prezident olmağı istəmək kütbeynlikdirsə, onda Qüdrət Həsənquliyev sən niyə prezident olmaq istəyirdin?”

“Qüdrət Həsənquliyev guya, parlamentdə Azərbaycan müxalifəti kimi təmsil olunur. Əgər sən müxalifətin nümyəndəsisənsə, niyə iqtidarın parçalanmasından narahat olursan, iqtidarın nümayəndəsi kimi çıxış edirsən? Yalançı müxalifət budur da. Sən dünənə qədər deyirdin ki, mən müxalifətəm. İqtidarda olanların heç biri bu dərəcədə narahatçılıq ifadə etmir. Sən işini-gücünü buraxıb iqtidarın monolitlik, hansısa bir qanadın möhkəmlənməsi uğrunda mübarizə aparırsan. Birincisi, sən millət vəkili kimi icra strukturlarına müdaxilə etməməlisən. Sənin işin qanunvericilikdir, sən isə ölkənin idarəetməsi ilə bağlı ali icra hakimiyyətinin işinə müdaxiə edirsən. Bu da hakimiyyət bölgüsünə ziddir. Digər tərəfdən, sən bir partiyanın sədrisən, Azərbaycan iqtidarı da Yeni Azərbaycan Partiyasıdır. Qardaşım, sən öz partiyanın işi ilə maraqlan. Səni iqtidarda olan bir partiya niyə maraqlandırmalıdır? Axı, sən keçən dəfə prezident seçkilərində prezident olmaq istəyirdin. İndi nəyə görə başqa bir prezident olmaq istəyəni “kütbeyin” hesab edirsən? İqtidar daxilindən keçən prezident seçkilərində Zahid Oruc, Qüdrət Həsənquliyev, Araz Əlizadə, Fərəc Quliyev iştirak edib. Prezident olmağı istəmək kütbeynlikdirsə, onda Qüdrət Həsənquliyev sən niyə prezident olmaq istəyirdin? Belə çıxr ki, sən, Fərəc Quliyev, Zahid Oruc, Araz Əlizadə prezident seçkilərində iştirak edə bilərsə, bu, kütbeyinlik deyil. Amma sizin dördünüzdən başqa bir adam prezident olmaq istəyərsə, bu, kütbeyinlikdir. Sənin hansı keyfyyətinə görə, sən Azərbaycan xalqını təmsil etmək iddiasına düşə bilərsən, amma Azərbaycan iqtidarında olan başqa bir adam düşə bilməz. Bunu anlamaqda mən çox çətinlik çəkirəm. Bu məsələ çox ciddi bir məsələdir”, - deyə ADP sədri düşünür.

“Hamı başa düşür ki, Qüdərt Həsənquliyev Azərbaycan iqtidarını Rusiya ilə hədələyir”

“Q.Həsənquliyevin bəyanatı konkret şəxsin ünvanına ola bilərmi” sualına S. Cəlaloğlu belə cavab verdi: “Bunu çox asan başa düşmək olar ki, Azərbaycanda dəfələrlə ayrı-ayrı deputatlar, eləcə də ictimai-siyasi xadimlər prezident seçkilərindən əvvəl müəyyən dövlərdə Yeni Azərbaycan Partiyasının başqa bir lideri ortaya çıxara biləcəyi, prezindentliyə başqa bir namizəd irəli sürüləcəyi ilə bağlı fikirlər var idi. Mən ad çəkmək istəmirəm. Bunu hamı bilir. Bu fikirlər partiya sədrləri, ictimai xadimlər tərəfindən də səsləndirilmişdi. Hətta bəzi deputatlar da bununla bağlı müzakirələr açmışdı. Yəni bilinən budur. Digər başqa kimləri də nəzərdə tutur, o açıq şəkildə deməlidir. Əgər Azərbaycan iqtidarında doğrudan da kütbeyin insanlar varsa, onda Qüdrət Həsənquliyev onların idarəetmədə saxlanmasının əleyhinə çıxmalıdır, prezident olmaq iddiasına yox. Deməlidir ki, bu adamlar kütbeyindir, bundan nazir, Prezident Aparatında müşavir ola bilməz. Belə çıxır ki, o adamlar səndən də “kütbeyindir”. Belə cıxır ki, sən Zahid Oruc, Fərəc Quliyev, hətta Araz Əlizadə belə ağıllı, dərrakəli adamlardır, bunlardan başqa iqtidar daxilində kimsə prezident olmaq istəsə, hamısı “kütbeyindir”. Bu çox gülünc fikirlərdir. O, özü iqtidar daxilindən üç dəfə prezidentliyə namzidəliyini irəli sürüb, ya etiraf etməlidir ki, mən formal olaraq prezidentliyə namizədliyimi irəli sürmüşəm, prezident olmaq fikrim olmayıb. Yalnız o halda o, prezident olmaq istəyənlərin çərgəsindən çıxa bilər. Yox, əgər desə ki, mən ciddi şəkildə alternativ idim, prezident olmaq istəyirdim, onda özü kütbeyn olduğunu etiraf edir. O da kütbeyindirsə, onda kütbeyin bir adamın fikrinə mən nə qiymət verim? Bu adam dolayısı yolla özü-özünü kütbeyin adlandırır. Ona görə də mənə elə gəlir ki, Qüdrət Həsənquliyev Azərbaycan deputatları arasında əlahiddə və xüsusi statusa malik insan kimi özünü aparır. O adam çox amiranə şəkildə prezidentin səlahiyyətli ilə bağlı hətta mövqe bildirir. Bu şey belə olmalıdır, bu şey elə olmalıdır, deyir. Hansı ki, heç kəs deyə bilməz ki, İlham Əliyev get, bunu belə elə. Və yaxud Azərbaycanın hansısa bir nazirliyinin edə biləcəyi hansısa bir məsələ ilə bağlı konkret mövqe qoyur. Seçkilərdə də deyirdi ki, “mən hakimiyyətə gələndən sonra Rusiya ilə Gömrük İttifaqına daxil olacağıq. Siz də məni müdafiə etməlisiniz”. Hətta Azərbaycan xalqına əmr edir ki, siz bunu etməlisiniz. Yəni başqa əlacınız yoxdur. Bu istər-istəməz sual doğurur ki, Qüdrət Həsənquliyev bu cür amiranə ton ilə danışması, prezindetin, nazirlərin səlahiyyətlərinə müdaxilə etməsi, qanunverici orqanın nümayəndəsi olduğu halda, icra orqanının nümayəndəsi kimi çıxış etməsi və icra orqanında bir qrupun maraqlarını təmsil etməsi nə deməkdir? Bunu İlham Əliyev də düşünməlidir. Bununla bağlı Azərbaycanda bütün çayxanlarda, hər yerdə söhbətlər gedir ki, Qüdrət Həsənquliyevin bu bəyanatı nə deməkdir. Qüdrət Həsənquliyev kimdir, kimin adından danışır? Bu adam deputat olduğu halda niyə icra hakimiyyətinin işinə qarışır? Nə üçün icra hakimiyyətində kimlərinsə prezident olmaq istəyi ilə bağlı belə təhqirlər edir? Nə cür Rusiya ilə Azərbaycanı hədələyir? Bunlar hamısı çox ciddi məsələlərdir. Hətta cəmiyyətdə siyasi qüvvələrdən fərqli olaraq camaat açıq şəkildə iqtidarın daxilində ruspərəst qüvvələrin təmsilçisi kimi Qüdrət Həsənquliyevi görür və hamı da başa düşür ki, Qüdərt Həsənquliyev Azərbaycan iqtidarını Rusiya ilə hədələyir. Qüdət Həsənquliyev öz qrupunun maraqlarına zidd addım atılacağı təqdirdə Rusiyanın Azərbaycan iqtidarını cəzalandıracağını demək istəyir ki, əgər siz bizim qrupa qarşı hər hansı bir addım atarsınızsa, Rusiya sizi cəzalandıracaq. Çünki Rusiyanın maraqarını təmsil edir. Bütün oyunun mahiyyəti bundan ibarətdir”.

Şamo EMİN