“Qüdrət Həsənquliyev Rusiyanın burada apardığı siyasətin təmsilçisidir” – PARTİYA SƏDRİ

Baxış sayı:
7957

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənqiliyevin mətbuatda yayılan son müsahibəsində Azərbyacanın əleyhinə olan ifadələr yer alıb. Belə ki, “islahatlar sürətləndirilsə, Qərb Azərbaycanda sabitliyi pozaraq inqilab etməyə, ölkəni daha 50 il geri atmağa cəhd edəcək. Onlar bacardıqları qədər xristian ölkəsi ilə müharibə vəziyyətində olan müsəlman Azərbaycanın siyasi və iqtisadi baxımdan inkişaf etmiş, müasir, böyük beynəlxalq nüfuza malik güclü bir dövlətə çevrilməsinə imkan verməməyə çalışacaqlar” fikrindən aydın görünür ki, ölkədə islahatların aparılması heç də hamı tərəfindən müsbət qarşılanmır. Halbuki, xalqımızın, dövlətimizin islahatlara, ölkəmizin demokatikləşməsinə, insan hüquq və azadlıqlarına dəyər verilməsinə böyük ehtiyacı var.
Q. Həsənquliyevin fikrincə, Qərbin Azərbaycandan istəyi Türkmənistan kimi bir dövlət qurmaq, torpaqlarımızı işğaldan azad etmək üçün müharibə etmək barədə düşünməməkdir. Halbuki, bunu istəyən elə ilk növəbədə, Rusiyadır. Maraqlıdır ki, BAXCP sədri, həm də millət vəkili olan bir şəxs bunları düşünür.
Hələ diqqət edin, millət vəkili Q.Həsənquliyev “Qarabağın azadlığı üçün danışıqları hamımızın forpost adlandırdığı Ermənistanla deyil, bağlı qapılar arxasında Rusiya ilə aparmalıyıq” deyir. Görəsən, bu danışıqlar niyə gizli aparılmalıdır, bəlkə torbada pişik var, xəbərimiz yoxdur?
 
“Məqsəd islahatların qarşısına bir sədd çəkməkdir”
 
Q.Həsənquliyevin açıqlamları ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Hürriyyət”ə bunları deyib: “Mən başa düşmədim, nəyə görə Qərb islahatların əleyinə olmalıdır? Qərb bütün dünyada dövlətlərin demokatikləşməsini istədiyi bir vaxtda niyə Azərbyacanda əksinə islahatları istəməsin? Bu, məntiq haradandır? Azərbaycanda nə qədər islahatlar aparılmasa, Azərbaycan bir o qədər Rusiyanın yanında olacaq. Belə çıxır Qərb istəyir ki, Azərbaycan Rusiyanın yanında olsun, ona görə islahatların əleyinə çıxır. Bu, tamamilə yanlış fikirdir. Bu, Azərbaycanda islahatların aparılmamasına bir ictimai rəy hazırlamaqdır. Məqsəd də islahatların qarşısına bir sədd çəkməkdir. Əksinə islahatlara görə yalnız Rusiya Azərbaycana təzyiq edə bilər. Necə ki, Gürcüstana, Ukraynaya təzyiq elədi”.
 
“Qərb istəsə də, öz tərəf müqabilini geridə saxlaya bilməz”
 
“Q.Həsənquliyevin fikirncə, guya, Qərb Türkmənistan kimi bir dövlət qurmağımızı istəyir, geridə qalmış bir ölkə olaq. Bu fikirlərlə razılaşırsınızmı” sualına S. Cəlaloğlu belə cavab verdi: “Qərb Azərbaycanı necə geriyə sala bilər ki? Bu adamın məntiqi yoxdur. Bəyəm, Türkmənistanı Qərb geriyə salıb? Türkmənistanın coğrafiyasına görə əhalisi seyrəkdir, ərazisi böyükdür. Türkmənistan səhra bir yerdir, oradakı iqlim şəraiti ciddi bir mədəniyyətin yaranmasına, ölkənin inkişaf etməsinə imkan vermir. Eyni zamanda türkmənlər kifayət qədər patriarxal münasibətlərdə oduğuna görə onlar müasir dövrlə ayaqlaşa bilmirlər. Türkmənistanın geridə qalması təkcə bu dövrə aid deyil. İstər çar Rusiyası, istərsə Sovet Rusiyası, istərsə də bundan əvvəlki dövrlərdə Türkmənistan həmişə geridə qalmış bir ölkə olub. Bunun Qərbə nə aidiyyatı var. Əgər Türkmənistanı Qərb geriyə salıbsa, onda Qüdrətin dediyindən belə qəbul etmək olar ki, Azərbaycanı da geriyə sala bilər. Yox, əgər Türkmənistanı Qərb geriyə salmayıbsa, Türkmənistanın geridə qalması coğraiyası, əhalisinin şüur səviyyəsi ilə bağlıdırsa, onda Azərbaycanın coğrafiyasını dəyişək, Azərbaycan vətəndaşlarının şüuruna təsir edələr ki, biz də geridə qalaq.
Azərbaycan əhalisinin bu gün yarım milyonu Qərb ölkələrində mühacirətdədir, kifayət qədər əlaqələr var. Azərbaycan vətəndaşlarının ən çox iqtisadi, mədəni əlaqələr qurduğu ölkələr də Qərb ölkələridir. Qərb istəsə də, öz tərəf müqabilini geridə saxlaya bilməz. Çünki bizi geridə saxlasa, gərək, özü də geridə qala. Qüdrət Həsənquliyevin bu dediklərinin hamısı Rusiyaya aiddir. O, özü Rusiyanın maraqlarını müdafiə edən adam oduğuna görə Rusiyanın Azərbyacana qarşı elədiyi bütün hərəkətləri Qərbin ayağına yazır”.
 
“Qüdrət Həsənquliyev Rusiyanın danışıqlarına haqq qazandırmaq üçün bunu öz ideyası kimi verir”
 
“Biz niyə Qarabağın azadlığı üçün danışıqları Ermənistanla deyil, bağlı qapılar arxasında Rusiya ilə aparmalıyıq” sualına gəlincə, S. Cəlaloğlu vurğuladı: “Hamı bilir ki, Rusiya çar Rusiyası vaxtı işğal etdiyi Azərbaycan torpaqları hesabına Ermənistan dövləti yaradıb və Azərbaycan torpaqları hesabına bu yaratdığı dövlətin sərhədlərini genişləndirmək istəyir. Bu da ermənilərə məhəbbətlə bağlıdır. Rusiya sadəcə olaraq özünün işğal və ilhaq etdiyi Ermənistan ərazisinə plastlin kimi baxır. Ermənilər rusların əlində bir maşadır. Ona görə, mən də hesab edirəm ki, danışıqlar ruslarla aparılmalıdır, amma bunu qapalı aparmaq lazım deyil, əksinə beynəlxalq hüquqa istinad etmək lazımdır. Rusiyanın işğalçı dövlət olduğu hər dəfə Rusiyaya xatırladılmalıdır və Rusiyadan işğal olunmuş torplarımızdan tərk edilməsi tələb olunmalıdır. Düzdür, Rusiya güclüdür. Bilirsiniz, gücün qabağında gücə tabe olmaq böyük qəhrəmanlıq deyil, əsl qəhmanlıq gücün qarşısında durmaqdır. Rusiya nə qədər güclü olur olsun, çeçünlər 25 il mübarizə apardı. Azərbaycan xalqı əgər öz ərazilərini işğaldan azad etmək və bu bölgədə mövcud olmaq istəyirsə, birinci növbədə, ruslara qarşı müqavimət göstərməyi bacarmalıdır. Buna bizim kifayət qədər gücümüz var. Bunun bir çox səbəbləri var. Birincisi, Gürcütandan, Moldaviyadan, Ukraynadan fərqli olaraq Azərbaycanın dalında 1,5 milyard müsəlman cameəsi durub. Rusiya ərazisində yaşayanların 50 faizi müsəlmandır, türk xalqlarıdır. Düzgün siyasət aparılacağı təqdirdə Rusiya ilə bizim qarşıdurmada biz uduzmayacağıq. Ona görə də Rusiya güclüdür deyə, leyləklə tülkünün məsələsi olmasın, yəni Rusiya nə istəyir, onu verək söhbəti olmasın, onda biz gərək Qarabağı Rusiyaya verək. Bunun başqa bir variantı yoxdur. Qaldı ki, o gizli danışıqlara, gizli danışıqlar yalnız xalqın maraqlarına zidd olan məqamlarda tələb olunur. Əgər sən xalqın marağına uyğun bir siyasət aparırsansa, nəyə görə gizli danışıqlar aparmalısan, gizlilik nəyə lazımdır? Çünki Qüdrət Həsənquliyevin dediyi “gizli danışıq” ifadəsi erməni mənşəli, Rusiyanın xarici işlər naziri Lavrovun ifadəsidir. Lavrov da deyir ki, Ermənistanla Azərbaycan arasında danışıqlar gizli qalmalıdır. Çünki Azərbaycan hökumətinə təzyiq edirlər k, Qarabağ Ermənistana güzəştə getsin. Qüdrət Həsənquliyev də Rusiyanın danışıqlarına haqq qazandırmaq üçün bunu öz ideyası kimi verir. Qüdrət Həsənquliyev sadəcə olaraq Rusiyanın burada apardığı siyasətin təmsilçisi kimi çıxış edir. Amma çalışır ki, öz mövqeyini ört-basdır eləsin. Ona görə, Rusiyanın burada həyata keçirmək istədiyi siyasəti Qərbin adına yazır. Eyni zamanda Rusiyanın istədiklərini də Azərbaycan ictimaiyyətinin öz fikirləri kimi deyir. Bu, onu göstərir ki, Rusiya Azərbaycan daha ciddi təzyiqlər etmək istəyir ki, onun Azərbaycandakı tərəfdarları da aktivləşiblər”.
 
Şamo EMİN, Hurriyyet.org