Qüdrət Həsənquliyev haqda SENSASİON FAKTLAR – Türkiyəyə nifrətin səbəbi bununla bağlı imiş...

Baxış sayı:
6115

O, Türkiyə əleyhinə fikirlər səsləndirməklə ölkə başçısının siyasi kursuna tam əks mövqedə dayandığını nümayiş etdirib
 
BAXCP sədrinə nəyin bahasına olursa-olsun Kremlin maraqlarını müdafiə etməyi Kəmaləddin Heydərov tapşırır?

 
Prezidentliyə namizəd, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "İctimai" telekanalda keçirilən debatların birində 2 qardaş ölkə - Azərbaycan və Türkiyə münasibətlərinin kökündə duran, bu dövlətləri bir-birinə daha da yaxınlaşdıran "bir millət, iki dövlət" şüarının dəyişdirilərək "bir millət, bir dövlət" şüarına uyğun hərəkət etməyin vacibliyini vurğulayıb. Belə ki, o, Türk Konfederasiyasının yaradılmasını, Türkiyə ilə Azərbaycanın vahid xarici siyasət yürütməsini təklif edib. Qeyd edək ki, ADP sədrinin bu təklifi əksər siyasilər, ictimai xadimlər, elm adamları, o cümlədən media mənsubları tərəfindən bəyənilib və Azərbaycanla Türkiyənin dostunun da, düşməninin də eyni olması ilə bağlı səsləndirilən fikirlər müsbət qarşılanıb.
Əslində, məhz bu cür də olmalıdır. Çünki tarixə nəzər salsaq görərik ki, Azərbaycan hər dəfə dara düşdükdə onun köməyinə, demokratiya, insan hüquq və azadlıqlarındam dəm vuran Qərb, o cümlədən şimal qonşumuz Rusiya deyil, məhz qardaş Türkiyə gəlib. Unutmaq lazım deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərləri tərəfindən Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycana dəvət olunmasaydı və onlar bura gəlməsəydi, o zaman ölkəmizin adı yalnız arxivlərdə qalacaqdı. Elə bu günün özündə də Azərbaycan Türkiyə ilə sıx münasibət qurduğu, hərbi sahədə əməkdaşlıq etdiyi, eləcə də bir sıra məsələlərdə ortaq siyasət yetirdiyi üçün bir çox dövlətlər, o cümlədən beynəlxalq təşkilatlar bizimlə mümkün qədər ehtiyatla davranmağa səy görtərir. Həmçinin Azərbaycan da öz növbəsində, bütün mühüm tədbirlərdə, nüfuzlu beynəlxalq qurumlarda qardaş ölkənin mövqeyini dəstəkləyir, hətta ona qarşı səsləndirilən bəyanatlara ən sərt şəkildə cavab verir. Ümumiyyətlə, bu gün beynəlxalq arenada Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqedə olduğunun təbliğində, Xocalı soyqırımının tanıdılmasında, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunmasında Türkiyə amilinin mühüm rolu var. Odur ki, bütün bunları nəzərə alaraq, demək olar ki, bu iki qardaş ölkə arasındakı konfederativ birlik yaratmağa, "bir millət, bir dövlət" modelini realizə etməyə ciddi əsaslar var.
Lakin Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edən şəxslər sözügedən təklifə qarşı çıxır, hələ bu azmış kimi, Türkiyə əleyhinə xoş olmayan, hətta mövcud iqtidarın yeritdiyi siyasi kursun tələblərinə 180 dərəcə zidd ifadələr səsləndirirlər. Misal kimi, BAXCP sədri, prezidentliyə namizəd Qdrət Həsənquliyevi göstərmək olar. Belə ki, o, prezidentliyə namizədlərin teledebatında Sərdar Cəlaloğlunun Azərbaycan ilə Türkiyənin konfederasiyasının yaradılması təklifinə qarşı çıxaraq, əksinə, rəsmi Bakını Rusiya ilə daha sıx əməkdaşlıq etməyə çağırıb.
Onu da qeyd etmək lazımdır ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq üzvü, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) komissiya sədri Mustafa Kabakçı artıq Qüdrət Həsənquliyevin teledebat zamanı Türkiyə əleyhinə səsləndirdiyi fikirlərə cavab verib. AKP rəsmisi sfera.az-a müsahibəsində BAXCP sədrinin fikirlərinin şəxsi düşüncəsi olduğunu söyləyib: "Onun fikirləri bütövlükdə Azərbaycanın mövqeyi deyil. Bizə yalnız qardaş Azərbaycan dövlətinin və millətinin mövqeyi önəmlidir. Türkiyə dövləti olaraq biz də Azərbaycanla olan əlaqələrimizi millət və dövlətlə yürüdürük. Azərbaycanda kimsə Türkiyə əleyhinə fikir söyləyə bilər. Ancaq həmin adamların fikirlərinin Azərbaycanda dəstək qazanmayacağına tam əminik. Ona görə də həmin millət vəkilinin Türkiyə ilə bağlı düşüncələri Azərbaycan-Türkiyə münasibətlərinə zərər vura bilməz".
Mustafa Kabakçı bildirib ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə münasibətlərini ən yüksək səviyyəyə çatdırıblar: "Millətimiz də bu münasibətlərin yüksək səviyyədə olmasından məmnundur və dövlət başçılarına lazımı dəstəyi verirlər. Bir daha söyləyirəm ki, həmin millət vəkilinin Türkiyə əleyhinə çıxışlarının Azərbaycanda heç bir dəstəyi yoxdur. Bu gün dünyada yeni dövr başlayır. Bu türk dünyasının güclənməsi dövrüdür. Bu yaxınlarda macarlar da bəyan edib ki, artıq dünyada türk birliyi yaradılmalıdır. Bu barədə Almaniya mediasında da geniş məqalə dərc edilib. Yəni, Azərbaycan və Türkiyə eyni kökdəndir. Bizi parçalamağa və məğlub etməyə heç kəsin gücü çatmaz".
Məsələnin maraqlı tərəfi ondadır ki, AKP rəsmisinin sfera.az-a müsahibəsi üzərindən bir qədər keçdikdən sonra həm adıçəkilən saytdan, həm də həmin sayta istinadla Mustafa Kabakçının fikirlərini yayımlayan digər xəbər portallarından çıxarılıb. Bununla bağlı verilən məlumatlarda deyilir ki, Qüdrət Həsənquliyevin fikirlərinin tənqid olunduğu və onun dolayısıyla ölkə başçısı İlham Əliyevin qardaş Türkiyə ilə bağlı siyasətinə zidd mövqedə dayandığını sübuta yetirən sözügedən müsahibə, əksər saytlardan məhz BAXCP sədrinə yaxınlığı ilə seçilən tanınmış informasiya agentliklərindən birinin yardımı ilə çıxarılıb. Görünən odur ki, həmin informasiya agentliyinin rəhbərliyi bu yolla Qüdrət Həsənquliyevə olan minnət borcunu qismən də olsa qaytarmağa çalışır. Çünki AKP rəsmisinin müsahibəsini bu və digər yollarla bəzi saytlardan çıxarmağa müvəffəq olan həmin informasiya agentliyinin xanım rəhbəri vaxtilə Qüdrət Həsənquliyevlə sıçaq münasibətdə olub və fövqəladə hallar nazirinə də məhz BAXCP sədri vasitəsiylə "xod" tapıb. Nəticədə Kəmaləddin Heydərovun nəzarətində olan media qurumlarından birinə çevrilib. Ümumiyyətlə, artıq heç kimə sirr deyil ki, Qüdrət Həsənquliyev fövqəladə hallar naziri ilə yetərincə yaxın münasibətlərə malikdir. O da bildirilir ki, BAXCP sədrinə həm parlamentdə, həm də iştirak etdiyi müxtəlif tədbirlərdə nəyin bahasına olursa-olsun Rusiyanın mövqeyini müdafiə etməyi, Moskvanın maraqlarına zidd açıqlama verməməyi birbaşa Kəmaləddin Heydərov tapşırır.
Fövqəladə hallar nazirinin Azərbaycan hakimiyyətindəki Rusiyapərəst kadrlardan biri olduğunu nəzərə alsaq, o zaman onun göstərişi ilə hərəkət edən, Kəmaləddin Heydərovun pulları hesabına həm özünün, həm də partiyası və qəzetinin mövcudluğunu qoruyub saxlayan, yetərincə maliyyəyə sahib olan Qüdrət Həsənquliyevin Türkiyə əleyhinə fikirlər səsləndirməsinə təəccüblənməmək lazımdır. Axı, adam nə etsin, ağa deyir sür dərəyə, o da əmrə itaət edib sürür. Yalnız önəmli bir məqamı unudur ki, ölkə başçısı İlham Əliyev, o cümlədən məhrum prezident Heydər Əliyev hər zaman Türkiyəyə qardaş gözü ilə baxıb, daim "bir millət, iki dövlət" devizinə uyğun hərəkət edib, siyasi kurslarında bu məqamı hər zaman önə çəkiblər. Beləliklə, 2000-ci ilin parlament seçkilərində MSK-nın “Yurd”çu katibi kimi AXCP üzvlərini bütövlükdə dairə seçki komissiyalarından uzaqlaşdıran, onların yerinə isə“Yurd”çuların yerləşdirilməsinə şərait yaradan və məhz bundan sonra hakimiyyətindəki Rusiyapərəst kadrların dəstəyi ilə parlamentə yolu açılan, 2003-cü ildən indiyədək Milli Məclisdə kreslo zəbt edən Qüdrət Həsənquliyev Türkiyə əleyhinə fikirlər səsləndirməklə həm qardaş ölkənin hakim partiyası AKP-nin etirazına səbəb olub, həm də ölkə başçısı İlham Əliyevin siyasi kursuna tam əks mövqedə dayandığını nümayiş etdirib. Bəli, BAXCP sədri formal da olsa, iqtidara əks mövqedə dayana bilər. Çünki adam özünə“müxalifətçi” deyir və cəmiyyəti də buna inandırmağa çalışır. Lakin siyasətlə bir o qədər maraqlanmayan insanlar belə, bu nağıla inanmırlar. Görünən dağa bələdçi lazım olmadığı kimi, BAXCP-nin də müxalifət partiyası olmadığını sübuta yetirməyə ehtiyac yoxdur. Belə olan halda, Qüdrət Həsənquliyevin İlham Əliyevin siyasi kursuna zidd açıqlama verməsi, əslində BAXCP sədrinin maliyyə bosu, diqtəsiylə hərəkət etdiyi Kəmaləddin Heydərovun ölkə başçısının siyasi kursuna əks mövqedə dayandığını sübuta yetirmiş olur.
Bu arada, Qüdrət Həsənquliyevin həm özünün, həm də partiyası və qəzetinin mövcudluğunu məhz fövqəladə hallar nazirinin maliyyə dəstəyi ilə qoruyub saxladığını təsdiqləyən məqama gəlincə, qeyd etmək lazımdır ki, BAXCP sədri prezidentliyə namizəd kimi seçki fonduna fiziki şəxslərdən 25 min manat daxil olduğunu və bu məbləğin hamısının seçici imzalarının toplanılmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatı, habelə imzaların toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə xərcləndiyini birdirsə də, bu gün onun "Xəzər" televiziyasında ödənişli çıxışı nəzərdə tutulub. Adıçəkilən telekanalda isə ödənişli seçkiqabağı təşviqat çıxışının 1 saniyəsi minimum 40 (saat 11:50), maksimum isə 100 manat (saat 20:20) müəyyən edilib. Qüdrət Həsənquliyevin seçki platforması və digər məsələlər üçün təxminən, 30 dəqiqəlik efir vaxtından istifadə edəcəyini nəzərə alsaq, o zaman o, "Xəzər" televiziyasına minimum 72 min, maksimum isə 180 min manat ödəməlidir. Maraqlıdır, görəsən seçki fonduna fiziki şəxslərdən 25 min manat daxil olduğunu iddia edən BAXCP sədri bu qədər vəsaiti hardan əldə edəcək? Çox güman ki, daim olduğu kimi, bu dəfə də Kəmaləddin Heydərovun səxavət kisəsi onun üçün sonunadək açıq olacaq...
Ümumiyyətlə, fövqəladə hallar nazirinə yaxınlığı ilə seçilən Qüdrət Həsənquliyevin Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edən qüvvələrin və şəxslərin sözçüsü olduğunu sübuta yetirmək üçün onun bir sıra önəmli məsələlərlə bağlı fikirlərinə diqqət yetirmək kafidir. Çünki açıqlamalarının bir çoxunda Kremli xilaskar kimi təqdim edən BAXCP sədri hər zaman Rusiyapərəst çıxışları ilə yadda qalıb. Belə ki, o, dəfələrlə Azərbaycanın Moskva ilə razılaşıb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT), Avrasiya İttifaqı və Gömrük İttifaqına qoşulmalı olduğunu, hətta Rusiyanın Azərbaycanda hərbi bazasının yaradılmasının və ölkəmizdə Kremlin maraqlarının tam şəkildə təmin edilməsinin tərəfdarı olduğunu vurğulayıb. Bu isə özlüyündə müstəqil daxili və xarici siyasət yeridən, dişi-dırnağı ilə günbəgün beynəlxalq təşkilatlarda nüfuzunu artıran Azərbaycanı Rusiya kimi hegemon bir dövlətin qucağına otuzdurmaqdan cəhdindən başqa bir şey deyil. Bu həm də Azərbaycanın müstəqilliyinə və suverenliyinə zidd bir mövqedir.
Xülasə, bütün bunlar onu deməyə əsas verir ki, son dövrlər, ələlxüsus da prezident seçkiləri ərəfəsində Azərbaycandakı Rusiyameylli qüvvələr bir xeyli aktivləşib. Və təəssüf ki, onlar həm ölkə siyasətinə, həm də hakimiyyətin müəyyən qanadına təsir göstərmək imkanlarına sahibdirlər. Ümid edirik ki, Azərbaycan hakimiyyətində təmsil olunan və ölkənin suverenliyini hər şeydən üstün tutan yetkili şəxslər bu məsələni diqqətdə saxlamaqla yanaşı, Rusiyanın maraqlarını müdafiə edən qüvvələrin zərəsizləşdirilməsi istiqamətində zəruri tədbirlərə əl atacaqlar.
 
"HÜRRİYYƏT"
 
P.S. Son olaraq isə onu qeyd edək ki, Qüdrət Həsənquliyevin Rusiyaya sevgisi Kəmaləddin Heydərovun pulları hesabına yaransa da, onun Türkiyəyə nifrətinin arxasında isə tamamilə fərqli maraqlar dayanır. Belə ki, bunun üçün onun həyat yoldaşının etnik kimliyini araşdırmaq yetərli olar. Bu zaman məlum olacaq ki, hakimiyyətdəki bəzi məmurlarla onun yaxınlığı həm də arvad qohumluğu hesabına ayarnıb. Bütün bunlar haqda növbəti yazımızda daha ətraflı məlumat verəcəyik.
O ki qaldı Həsənquliyevin “fövqəlnazir”in media şəbəkəsində “Məni Türkiyəyə qarşı olmaqda yalnız ruhi xəstələr ittiham edə bilər” kimi həyacanlı açıqlamalar verməsinə, buna da təbii yanaşmaq lazımdır. Çünki adamın illərdir çuvalda gizlətməyə çalışdığı cidası üzə çıxmaqdadır...