​Qubad İbadoğlunun qardaş ölkə üçün hazırladığı antiböhran tədbirləri

Baxış sayı:
2365

Türkiyə rəsmiləri azərbaycanlı alimin təkliflərini bəyənib

Azərbaycanlı iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlunun Türkiyədə baş verən iqtisadi problemlərlə bağlı təkliflər hazırladığı barədə məlumat vermişdik.
Xatırladaq ki, ABŞ sanksiyaları ilə üzləşən Türkiyə iqtisadiyyatında ciddi problemlər baş qaldırıb. Ölkənin milli valyutası olan lirə bir neçə gün ərzində 50 faizə yaxın dəyərsizləşib. Böhran günlərində Q.İbadoğlu qardaş ölkədən problemlərin həllinə dair tövsiyələrinin istənildiyini bildirib. Bu barədə “Yeni Müsavat”a məlumat verən iqtisadçı-alim qeyd edib ki, Türkiyə akademik dairələrindən aldığı təkliflər əsasında qardaş ölkənin böhrandan çıxması üçün zəruri bildiyi tədbirləri əks etdirən təkliflərini onlara təqdim edib: “Türkiyə rəsmilərinə təqdim etdiyim təkliflər 10 blokda təsnifləşib. Bunlar aşağıdakılardır:

1) Pul təklifinin tənzimlənməsi;
2) Faiz dərəcələrinin tənzimlənməsi;
3) Açıq bazar əməliyyatları üzrə alətlərdən istifadə olunması;
4) Vəsaitlərin cəlb olunması üzrə sterilizasiya xarakterli REPO və SVOP əməliyyatları üzrə tənzimlənmə;
5) Banklararası pul bazarında faiz dərəcələrinə təsir etmək məqsədilə sterilizasiya xarakterli əməliyyatlar;
6) Hərraclar vasitəsilə yenidənmaliyyələşdirmə kreditləri ilə tənzimləmə;
7) Valyutalar üzrə deposit faizlərinin diversifikasiyası üzrə əməliyyatlar;
8) Xarici valyutada öhdəliklər, eləcə də qeyri-rezident maliyyə sektorundan cəlb edilmiş vəsaitlər üzrə məcburi ehtiyat normaları üzrə əməliyyatlar;
9) Valyuta möhtəkirliyi, xaricə kapital axını və süni qiymət artımına qarşı əməliyyatlar;
10) Mərkəzi Banka müstəqilliyin verilməsini, bazar iqtisadiyyatına sadiqliyi və reformaların davamlılığını əks etdirən siyasi iradənin nümayiş etdirilməsi".

Dünən isə iqtisadçı-alim sosial şəbəkədə status yazaraq, Türkiyə rəsmilərinin onunla əlaqə saxlayaraq, təkliflərinə görə təşəkkür etdiklərini bildirib: “Türkiyə rəsmiləri təkrar əlaqə saxlayaraq, təkliflərimi çox bəyəndiklərini, eynisini etdiklərini və edəcəklərini bildirdilər”.
Q.İbadoğlu hesab edir ki, Türkiyə ABŞ-la ticarət müharibəsinə son qoysa, lirənin ABŞ dollarına nəzərən məzənnəsi tezliklə sabitləşə bilər: “Mənim təklfilərimə verilən cavab göstərdi ki, Mərkəzi Bank tənzimləmə alətlərindən düzgün istufadə edir. Odur ki, ticarət muharibəsi dayandırılmalı və Mərkəzi Banka tam mustəqillik verilməlidir”.