​Qubad İbadoğlu: “Azərbaycanda qiymətlər süni şəkildə artırılır”

Ukraynada qrivnanın, Qırğızıstanda isə somun dollara nisbətən iki dəfəyə qədər dəyərsizləşməsi baş verdi. Amma həmin ölkələrdə xüsusilə də ərzaq məhsullarının qiyməti artmadı.
Məsələn, Kiyevdə və Bişkekdə kafelərdə tam paketli günorta yeməyi 1,5-3 dollar arasında dəyişir. Mağazalarda ərzaq məhsullarının qiyməti Bakı ilə müqayisədə 2,5-3 dəfə aşağıdır.
Amma Azərbaycanda ticarətçilər və sahibkarlar dolların bahalaşmasından istifadə edərək dərhal qiyməti artırdı.
Bunu iqtisadçı-alim Qubad İbadoğlu bildirib.
Q.İbadoğlu deyir ki, Bakıda müşahidə olunan bahalaşmada süni qiymət artımının rolu böyükdür: “İş adamları belə həssas dövrlərdə daha çox qazanmaq fürsətini əldən vermirlər. Manatın dəyərsizləşməsinin birbaşa idxal qiymətlərinə təsir göstərməsinə baxmayaraq yerli istehsal məhsulların da qiyməti artıb. Orta hesabla 50 faiz bahalaşma o deməkdir ki, ticarətçilər əvvəlki devalvasiyanın xərclərini də indiki ilə birlikdə hesablayaraq xalqın güzəranını daha pisləşdirirlər. Ticarətçilər və sahibkarlar xərclərin gözlənilən artımının iki qatını bəri başdan hesablayıb, onu qiymətdə maddiləşdirməsinlər”.
İqtisadçı hesab edir ki, bu cür bahalaşma ilə qısa müddətli dövrdə qazanc əldə edilsə də alıcılıq qabliyyətinin aşağı düşməsinin əsas ağrısını onlar çəkəcək: "Qeyri-elastik məhsulların (çörək və digər əvəz edilə bilməyən ərzaq malları) əmtəə bazarında qiymətinin formalaşması üçün rəqabətli mühit yaradılmalı, süni qiymət artımına nəzarəti gücləndirilməlidir".