“Qəşəng pul yeyilsin deyə...” - Yolumuz sağalmaz dərdə necə salınıb?

Baxış sayı:
6850

Xəbər verdiyimiz kimi, Bakı-Sumqayıt yolunda tıxacla bağlı problemlər bitmir. Dünən Prezident İlham Əliyev də bununla bağlı şikayətini dilə gətirib və göstəriş verib. 

“Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur. Baxmayaraq ki, qatar da işləyir. Vətəndaşların bir hissəsi qatardan istifadə etsə də, yenə tıxaclar olur”, - deyən dövlət başçısı tıxacların aradan qaldırlması üçün Azərbaycan Dövlət Avtomobil Yollarının Agentliyinin sədri Saleh Məmmədova tapşırıq verib. Prezident bildirib ki, yolun genişləndirilməsi üçün layihə hazırlansın.

Bəs görəsən, bu problemin səbəbləri nədir və həllini tapması üçün hansı tədbirlər həyata keçirilməlidir?

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı öncə tıxacların səbəblərinə aydınlıq gətirib:

“Bunun səbəbi keçmiş nəqliyyat naziri Ziya Məmmədovun və onun komandasının həmin yolu kor-koranə şəkildə, sadəcə öz təxəyyülləri həcmində tikməsi, məsələyə öz düşüncələri ilə yanaşmasıdır. Onlar orada nəqliyyat axınını, sıxlığını, gələcək perspektivləri, gələcəkdə burada nəqliyyat sayının arta biləcəyini nəzərə almayıblar, nə də xrometraj aparmayıblar. Yəni, bəzəkli yol alınsın deyə, qəşəng pul yeyilsin deyə, o yolu çəkdilər. İndi də biz onun acı nəticələrini boş-boşuna tıxaclarda keçirməklə ödəyirik”. 

E.Muradlı problemin aradan qaldırılması üçün uzun zamana ehtiyyac olduğunu və yolun genişləndirilməsi üçün Xırdalan dairəsindəki körpünün sökülə biləcəyini söyləyib:

“Mənə elə gəlir ki, Prezident bu məsələylə bağlı məlumatlıdır. Buna görə də, aidiyyatı qurumun rəhbərinə də çox ciddi göstəriş verdi. Bizi narahat edən məsələləri “Azəravtoyol”un sədrinin birbaşa üzünə dedi. Bildirdi ki, “orada nə baş verir?” Hansı ki, “Azəravtoyol”un sədri də bunu çox gözəl bilirdi. Sadəcə gözləyirdi ki, bunu Prezident desin, o da nəsə addım atsın. 

Yollarda nə baş verdiyi də məlum məsələdir. Xırdalan dairəsindəki körpü və “Şamaxinka” dairəsindəki tunel genişlənməlidir. Çox güman, Xırdalan dairəsindəki körpünü söküb genişləndirəcəklər. “Şamaxinka” adlanan ərazidəki məsələni də necə həll edəcəkləri bir az qəlizdir. Çünki artıq o yolun hərəkət hissəsinin ən yaxın yerində Ziya Məmmədovun qardaşı Elton Məmmədov çoxmərtəbəli binalar tikdirib. Baxaq, görək, o binaları oradan necə sökəcəklər. Ümumiyyətlə, sökə biləcəklərmi? O yolu genişləndirə biləcəklərmi? Bu Məmmədovlar bizim yol tariximizə, yol sistemimizə o qədər zərbə vurublar ki, bunun həlli bir az vaxt aparacaq. 

Mənə elə gəlir ki, Prezidentin müdaxiləsindən sonra məsələ həllini tapacaq. Ancaq bu uzun müddət vaxt itkisinə səbəb olacaq. Xeyli müddət insanlar orada tıxacda qalacaqlar. Çünki o yolu genişləndirmək üçün həmin ərazidə yol ya tam bağlanmalıdır, ya da qismən hərəkət məhdudlaşdırılmaldır. Tam bağlanacaqsa, bunun alternativi olmalıdır”.

Ekspert problemin həllini tapması üçün 1 il öncə layihə irəli sürüldüyünü, lakin yolların 6 ay bağlı qalacağını nəzərə alaraq, tətbiq edilmədiyini bildirib. Buna səbəb kimi alternativ yolların kənarlarının keçmiş bələdiyə rəhbəri Xaləddin İsgəndərov tərəfindən satılmasını və artıq həmin ərazidə tikililərin olduğunu göstərib:

“Mənə elə gəlir ki, “Azəravtoyolun” rəhbəri Saleh Məmmədov ciddi bir layihə ortaya qoymalıdır və oradan istifadə edən insanları da nəzərə almalıdır. Deyək ki, 6 ay təmir işi gedəcək, 6 ay ərzində insanlar alternativ yolla necə hərəkət edəcək? Alternativ yol Biləcəri qəsəbəsinin içindən keçir. Biləcəri qəsəbəsinin içindən keçən yolun da sağı, solu, hər tərəfi metrinə qədər satılıb. Binəqədi bələdiyyəsi, Binəqədi rayonunun köhnə icra başçısı Xaləddin İsgəndərov oranı “yüksək peşəkarlıqla” metrinə qədər satıb. İndi o yolu genişləndirmək də mümkün deyil, çünki artıq evlər, obyektlər tikilib. Dövlət məcburdur ki, Xaləddin İsgəndərovun tör-töküntülərini yığışdırmaq üçün əhaliyə  milyonlarla kompensiyasiya ödəsin ki, əhali oradan köçürülsün, yollar genişlənsin, ya da ki, belə də qalmalıdır. 

Təssəvvür edirsinizmi, Bakı-Sumqayıt yolunun alternativi bərabd vəziyyətdədir. Birinci alternativ yol açılmalıdır ki, Sumqayıt yolu bağlananda və ya qismən məhdudlaşdırılanda insanların istifadəsi asanlaşsın. Mənə elə gəlir ki, hərəkəti tam məhdudlaşdırmadan Bakı-Sumqayıt yolunda müəyyən işlər görmək mümkündür. Məndə olan məlumata görə, 1 il əvvəl belə bir layihə irəli sürülüb. Sadəcə olaraq, ortaya məsələ çıxıb ki, yolda hərəkət 6 ay məhdudlaşdırılmalıdır. 6 ay hərəkətin məhdudlaşdırılmasını hesablayanda şimal istiqamətindən Bakıya girişin 6 ay ifli olması deməkdir. Sumqayıt yolu 6 zolaqlı yoldur, amma Biləcərinin içindən keçən yol 1 zolaqlıdır. Görün, 6 zolaqlı yolda tıxac olursa, 1 zolaqlı yola keçirilsə, orada nə baş verər?! Çox çətindir”.