QRU-nun məxfi hərbi hissəsi aşkarlandı: çevriliş törədir, sui-qəsdlər edir və... - AVROPADA AT OYNADIRLAR

Baxış sayı:
802

Rusiya Baş qərargahının Baş Kəşfiyyat İdarəsinin məxfi hərbi hissəsi aşkarlanıb. Həmin hərbi hissə Avropa ölkələrində diversiya-dağıdıcı fəaliyyətlə məşğul olur, çevrilişlər təşkil edir və sui-qəsdlər həyata keçirir.
Virtualaz.org xəbər verir ki, bu haqda “The New York Times “ qəzeti qərb xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən yazır. Söhbət QRU-nun “29155” kodu daşıyan hərbi hissəsindən gedir. Bu hərbi hissə diversiya-təxribat fəaliyyəti üzrə ixtisaslaşıb. Dörd qərb xüsusi xidmət orqanındakı mənbələr deyiblər ki, QRU-nun keçmiş polkovniki Sergey Skripalın və qızının Bpyük Britaniyanın Solsberi şəhərində zəhərlənməsi əməliyyatını da məhz həmin hərbi hissə həyata keçirib. Habelə Montenegroda baş vermiş çevriliş cəhdi də bu hərbi hissənin işidir.

Qəzet yazır ki, xüsusi xidmət orqanları bu hadisələr arasında bağlar qura biliblər, amma Rusiya diversantlarının növbəti dəfə nə vaxt və harada peyda olacağını heç kim müəyyən edə bilməyib.
Mənbələr deyiblər ki, 29155 kodlu hərbi hissədə Əfqanıstan, Çeçenistan və Ukraynadakı müharibələrdə iştirak etmiş adamlar işləyirlər. Onlar sabotajlar törətmək, diversiyalar təşkil etmək üzrə ixtisaslaşıblar.
“Onların əməliyyatları o dərəcədə məxfdir ki, belə hərbi bölmənin mövcudluğu haqda hətta QRU-nun digər bölmələrində də bilmirlər”,-mənbələr deyiblər.
Bununla belə həmin hərbi hissənin ehtimal edilən komandirlərinin adlarını müəyyən etmək mümkün olub. Bunlar general-mayor Andrey Averyanov və Anatoli Çepiqadır. Məhz sonuncu Skripalların zəhərlənməsi əməliyyatına rəhbərlik edib.
Avropa ölkələrindən birinin xüsusi xidmət orqanlarındakı mənbə deyib ki, həmin xüsusi təyinatlı bölmənin nümayəndələri bir çox illər boyu Avropada sərbəst hərəkət ediblər. Və heç kim bu adamların əslində diversantlar olduğunu təxmin edə bilməyib.