"Qərbyönümlü dairələr İvanişvili hakimiyyətini devirməyə çalışır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Baxış sayı:
5023

""Rustavi-2" televiziyasında Putinə qarşı edilən söyüşlər artıq gürcü ictimaiyyətinin barışmaz yola qədəm qoyduğunun göstəricisidir"

"Gürcüstanda daxili siyasi vəziyyət mürəkkəb olaraq qalır. Rusiya əleyhinə proseslər daha da qızışdırcı mərhələyə keçir". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.
Onun bildirdiyinə görə, burada üçüncü qüvvələr çalışırlar ki, hakimiyyətlə Rusiya arasında müəyyən bağları qoparsınlar: "Çünki Bidzina İvanişvilinin nəzarətində olan hökumət Rusiya ilə müəyyən əlaqələri bərpa edib və bu istiqamətdə daha da irəliyə addımlar atır. Qeyd edim ki, bu proses həm daxildə, həm də xaricdə Qərbyönümlü dairələri narahat edir. Onlar çalışırlar ki, hazırkı hakimiyyəti devirib, anti-Rusiya siyasətini yenidən bərpa etsinlər. Bu gün Rusiya Gürcüstanın 20 faiz ərazilərini işğal edib, daha da güzəştlər qoparamağa çalışır. Bu güzəştlərin içərisində Abxaziyadan keçməklə Ermənistan dəmiryolunun açılışıdır. Bu, bütövlükdə Qərbin də maraqlarına zidd addımdır. Çünki Rusiyanın Ermənistanla asan şəkildə quru yol bərpa edildikdən sonra Qərbin regionda enerji və təhlükəsizlik maraqları risk altında olacaq. Ona görə də İvanişvilinin Moskvayönümlü siyasətinə qarşı formalaşmış bu daxili etirazlar gürcü xalqının milli təhlükəsizliyinə və regionun stabilliyinə xidmət edir".

"Əgər etirazlar genişlənərsə, o zaman hakimiyyət dəyişə və Saakaşvilinin lider olduğu "Vahid Milli Hərəkat" Partiyası hakimiyyətə gələ bilər"

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, əgər etirazlar genişlənərsə, o zaman hakimiyyət dəyişə və Saakaşvilinin lider olduğu "Vahid Milli Hərəkat" Partiyası hakimiyyətə gələ bilər: "Davam edən gərginlik fonunda Rusiya proseslərə seyirçi qalmayacaq. Ölkəyə sanksiyalar tətbiq edəcək və Cənubi Osetiya istiqamətində sərhədləri Gürcüstanın içərilərinə kimi çəkəcək. Bu da Azərbaycanın əsas ixrac neft boru kəmərinə təhlükə vəd edir. İvanişvilinin "Gürcü Arzusu" Partiyası artıq daxili legitimliyinə zərbə vurdu və seçkilər keçirilərsə xalqın səsini qazanmayacaq. Hazırda İvanişvili konfendensial olaraq Rusiya ilə diplomatik danışıqlar aparır. Bunu da xalq bilir və "Rustavi-2" televiziyasında Rusiya prezidenti Vladimir Putinin şəxsinə qarşı aparıcı tərəfindən edilən söyüşlər artıq gürcü ictimaiyyətinin barışmaz yola qədəm qoyduğunun göstəricisidir".