Qərbin Suriya kürdlərinə dəstək və sevgisinin sirri

Baxış sayı:
3427

Avropa Saleh Müslimi niyə vermədi?

Xəbər verdiyimiz kimi, çərşənbə axşamı Praqa məhkəməsi Suriyada fəaliyyət göstərən kürd lider Saleh Müslimi “yetərli dəlil olmadığı” səbəbilə azad edib. Saleh Müslim fevralın 24-də Türkiyə dövlətinin tələbi ilə Çexiya İnterpol Təşkilatı tərəfindən saxlanılıb. Daha sonra Ankara Müslimin Türkiyəyə verilməsini istəyib. Ancaq işə baxan yerli məhkəmə irəli sürülən dəlilləri həbs və ekstradisiya üçün yetərli görməyib.
Türkiyə hökuməti bəyan edib ki, PYD-nin keçmiş həmsədri, Suriya kürdləri arasında ciddi nüfuza malik Saleh Müslimin adı terror ittihamı ilə axtarışa verilənlər siyahısındadır. Türkiyə Daxili İşlər Nazirliyi Müslim haqqında axtarış elan edib və haqqında məlumat verəcək şəxslərə 4 milyon lirə mükafat təyin edib. Eyni zamanda Türkiyə məhkəməsinin Müslim barədə həbs qərarı var. Saleh Müslim saxlanıldıqdan sonra Türkiyə tərəfi axtarış sənədlərini də Çexiyaya göndərdiyini bəyan edib.
Qeyd edək ki, PYD-nin sabiq həmsədri Saleh Müslim 2016-cı il fevralın 17-də Türkiyə ordusu əməkdaşlarını daşıyan avtomobillərin keçdiyi yolda partlayışdan sonra başlanan istintaq çərçivəsində şübhəli hesab olunub və barəsində axtarış elan edilib.
1951-ci ildə Suriyanın Hələb şəhərində anadan olan Saleh Müslim milliyyətcə kürddür. Orta təhsilini Suriyada alıb, 1970-ci illərdə Türkiyəyə köçüb. 1977-ci ildə İstanbulda universiteti bitirən Müslim ixtisasca mühəndisdir. 1998-ci ildə siyasi fəaliyyətə qoşulmuş Saleh Müslim Suriya Kürdüstan Demokrat Partiyasına üzv olub. Daha sonra Müslim SKDP-nin həmsədri seçilib. Daha sonra PYD-də həmsədrlikdən gedən Müslim hazırda Suriya Demokratik Birlik Partiyasının lideridir. Saleh Müslimin oğlu Şirvan Müslim 2013-cü ildə Tel Abyad qəsəbəsində baş verən toqquşmalarda dünyasını dəyişib.
Suriyada kürdlər siyasi baxımdan təşkilatlanmış olsa da, məlum hərbi-siyasi hadisələr başlayana qədər kürd siyasi fəalları təzyiqlərə məruz qalıb. S.Müslim 2010-cu ildə hökumətin təzyiqləri səbəbindən İraqa qaçıb, yalnız 2011-ci ildə Suriyada məlum hadisələr başlayandan sonra geriyə dönüb.
Suriyada hadisələr başladıqdan dərhal sonra hazırlıqlı olan kürd qrupları tezliklə öz hərbi və siyasi təşkilatlarını qurdular. Hazırda kürdlərin ən güclü siyasi təşkilatı olan PYD 2003-cü ildə Saleh Müslimin liderliyində qurulub. Kürdcə Partiya Yekitiya Demokrat (Demokratik Birlik Partiyası - K.R.) sözlərinin baş hərflərini əks etdirən PYD və onun hərbi qanadı YPG - Yekineyen Parastina Gel - adlanır.
PKK-nin Suriya qolu da adlandırılan bu təşkilatlar 2011-ci ildən sonra Suriyanın şimalında möhkəmlənib və 2014-cü ildə İŞİD Suriyanın şimalını ələ keçirəndə ona qarşı müqavimət göstərən əsas hərbi qurum olub. 2012-2013-cü illərdə PYD və onun hərbi qanadı YPG Suriyanın şimalında aktiv hərbi-siyasi quruma çevrilib. 2013-cü ildə Saleh Müslim Avropaya səfər edib və yolüstü Ərbildən İstanbula, oradan da Ankaraya gedib. Burada ölkə rəsmiləri ilə görüşən Muslimlə sonradan da anlaşıldığı kimi danışıqlar uğurlu olmayıb. Sonrakı illərdə PYD İŞİD-ə qarşı mübarizədə ABŞ-ın regionda əsas hərbi müttəfiqinə çevrilib. 2014-cü il sahə əməliyyatlarında kürdlər ABŞ-ın quru qüvvələrini əvəz edib. 2015-ci ildən sonra isə müttəfiqlik dərinləşib və Suriya kürdləri digər etnik qrupları da içərisinə alan Suriya Demokratik Qüvvələri (SDQ) adlı koalisiya formalaşdırıb və Suriyanın şimalında faktiki olaraq kürd özünüidarəsi formalaşdırıb. 2017-ci ildə isə kürdlər ABŞ-ın köməyi ilə İŞİD-in Suriyadakı paytaxtı Raqqanı ələ keçirib və bununla da Suriyanın şimalında əsas hərbi-siyasi gücə çevrilib. Hazırda Suriya ərazisinin 25 faizdən çoxuna kürdlər nəzarət edir. Bu, hökumətdən sonra ən böyük güc mənasına gəlir.
Saleh Müslim hazırda da Suriya kürdlərinin əsas siyasi liderlərindən biri hesab olunur. Bu səbəbdən də Ankaranın onu Avropadan ala bilməzi mümkün görünmürdü. Ancaq bəzi türkiyəli analitiklər Afrin əməliyyatının dayandırılması qarşılığında Müslimin Ankaraya verilə biləcəyini ehtimal edirdilər. Lakin göründüyü kimi, Avropa bu addıma getmədi. Məsələ ondadır ki, Çexiya məhkəməsinin bu qərarında iki mühüm amil rol oynayıb. Birincisi, hüquqi çatışmazlıqlardır. Məlum olub ki, Müslim haqda axtarış qərarı verilsə də, faktiki olaraq cinayət işi aparılmayıb və kürd liderin həbsinə səbəb ola biləcək ciddi istintaq dəlilləri yoxdur.
İkinci mühüm məsələ və təbii ki, məhkəmənin qərarına səbəb olan siyasi amildir. Qərb ölkələri hazırda Suriya kürdlərinə açıq şəkildə dəstək verir. Bunun bir səbəbi onların İŞİD kimi terror təşkilatlarına qarşı olmalarıdırsa, digər səbəbi isə dünyəvi siyasi qurum olmaları, daha əvvəl Suriya hakimiyyəti tərəfindən təzyiqə məruz qalmaları və sairdir. Bu səbəbdən də Avstraliyadan Kanadaya qədər bir çox ölkələr Suriya kürdlərinə silah, maddi və humanitar yardımlar edir. Hətta YPG-nin tərkibində ABŞ və Avropadan onlarla könüllü döyüşçülər var.
Ötən gün ABŞ-ın İŞİD əleyhinə hərbi koalisiyasının sözçüsü polkovnik Dillon YPG-nin İŞİD-ə qarşı savaşmasına tərif yağdırıb. Üstəlik, hazırda Türkiyə Afrində kürdlərə qarşı antiterror əməliyyatı aparır. Belə bir vaxtda Avropanın kürd liderini Ankaraya təslim etməsi inandırıcı deyil. Necə ki olmadı. Əksinə, Qərb hazırda kürdlərin tərəf kimi qəbul olunması və Ankaranın Suriya siyasi həll prosesində kürdlərin də masa başında olmasına çalışır./musavat/