Qərbi Azərbaycan Respublikasının perspektivi… – EKSPERT RƏYLƏRİ

Baxış sayı:
589

Qabil Hüseynli: “Bu, çox ciddi siyasi və diplomatik səylər göstərilməsini tələb edir”

Kərəm Məmmədov: “Respublika qurmaq elə asan məsələ deyil”

Bir neçə gün öncə, ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs Qrupu BAO-nun  (Bütöv Azərbaycan Ocaqları) təşkilatçılığı ilə keçirilən bir video konfransda Mühacirətdə Qərbi  Azərbaycan (İrəvan) Respublikası elan etdi ki, bu hadisə mətbutada və cəmiyyətdə ciddi müzakirə olunmaqdadır. Professor Qafar Çaxmaqlının açıqlamsına görə, məqsədi ərazi bütövlüyümüzü bərpa etmək olan bu respublikanın öncə Milli Şurası fəaliyyətə keçəcək. Daha sonra respublikanın Milli Məclisi seçiləcək və höküməti formalaşdırılacaq.

Əslində, Mühacirətdə Qərbi Azərbaycan (İrəvan)  Respublikasının elan edilməsi cox ciddi hadisədir. Amma bu respublikanın qurulması, hökumətin formalaşması, onun legitim hökumət kimi tanınması və real güc olması kifayət qədər zaman və enerji tələb edir…

“Bu, tam qanunauyğun hadisədir”

Qabil Hüseynli müxalifətə çağırış etdi: Dəfn mərasiminə gəlməyin!

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə açıqlamasında dedi ki, Türkiyədə elan olunan Mühacirətdə Qərbi  Azərbaycan (İrəvan)  Respublikası ciddi ideyadır: “Qafar Çaxmaqlının da bu ideyanın başında durmasına normal baxıram. Amma bu, çox böyük işdir və çox ciddi siyasi, diplomatik səylər göstərilməsini tələb edir. Bu, həm də elə edilməlidir ki, Qərbi Azərbaycanda olan bütün mahalları və bölgələri əhatə edən bir ictimai-siyasi hadisəyə çevrilsin. Yəni bizim ölkəmizdə əgər 60-65 min erməni dığası öz müqəddəratını təyin edib, qondarma “Dağlıq Qarabağ Respbulikası”nı yaradırlarsa, orada sayları yüz minlərlə olan Qərbi Azərbaycan türkləri niyə özlərinin müqəddəratını təyin edib, doğulduqları, ancaq deportasiya edildikləri torpaqlara qayıtmaq üçün təşkilati tədbirlər görüb hərəkət etməsinlər? Məncə, bu, tam qanunauyğun hadisədir, hələ bir az da gecikmiş hadisədir. Qaldı onun sonrakı prosedurlarına, əlbəttə, Məclis yaratmaq istəyirlər. Mən onlarla əlaqədə olmamışam, sadəcə olaraq  mətbuatda oxuduqlarımı deyirəm, sonra parlament formalaşdırılacaq, parlmentdə mühacirətdə olan  Qərbi Azərbaycan (İrəvan) hökumətini yaradacaq. Mən bir ziyalı kimi deyirəm, bu işdə üzərimə düşən nə varsa, yəni kənardan dəstək verməyə, ondan sonra, bu ideyanı populyarlaşdırmağa, bunun ətrafında təbliğat kampaniyası qurmağa kömək edə bilərəm, amma bu işin içinə girmək niyyətim yoxdur. Sadəcə olaraq bu prosesə kənardan dəstək verib, lazım olan köməyi göstərməyə çalışacam”.

“İrəvan Ermənistana 90 illiyə icarə verilmişdi”

 Q. Hüseynlinin fikrincə, Azərbaycan Milli Şurasının İrəvan qəzasının erməni dövləti yaratmaq üçün Ermənistana verilməsi haqqında 29 may 1918-ci il tarixli qərarının ləğv edilməsi Qərbi  Azərbaycan (İrəvan)  Respublikası üçün müəyyən qədər hüquqi çətinliklər yaradacaq: “Amma bu məsələni də həll edə bilərlər. Onsuz da ermənilər o qədər qeyri-qanuni işlərə gediblər ki. Məsələn, İrəvan Ermənistana 90 illiyə icarə verilmişdi. Üstəlik də İrəvan icrayə verilərkən ermənilər o öhdəliyi götürmüşdülər ki, onlar Zəngəzura və Qarabağa iddialarından əl çəkəcəklər. İndi onlar baş vermədi, bu torpaqları müəyyən qəyyumlarının köməyi ilə ələ keçiriblər və bu zaman hər hansı bir hüquqi və diplomatik prosedura gözlənilməyib. Bu məsələlər dəqiq analiz edilməlidir və yaradılacaq Qərbi Azərbaycan (İrəvan) hökumətinin strukturları legitimləşdikdən sonra, məncə, onlar parlamentdə bu məsələyə də baxa bilərlər”.

 “Bölgəyə ermənilərin gətirilməsi ilə bağlı tarixi həqiqətələr var”

“Mühacir Qərbi Azərbaycan Respublikasının elan edən Təşəbbüs Qrupunun üzvləri əminliklə deyir ki, qarşıda duran vəzifələr sülh yolu ilə də həll oluna bilər. Məqsədləri beynəlxalq normalar çərçivəsində bütün vasitələrlə, həmçinin BMT-nin ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpası ilə bağlı müvafiq maddələri ilə həyata keçirilə bilər. BMT Azərbaycanın Ermənistan tərəfindən son işğal olunan torpaqları ilə bağlı 4 qətnamə qəbul edib, heç biri icra olunmur. BMT-nin Qərbi Azərbaycan Respubliklasının haqlı tələbi ilə bağlı qərarları olsa belə, bu, nəyəsə təsir edə bilər” sualına Q. Hüseynli belə savab verib: “BMT-nin Azərbaycan torpaqları ilə bağlı qəbul etdiyi  qətnamələr çox böyük əhəmiyyətə malikdir. İstənilən halda Azərbaycan tərəfi öz mübarizəsində o 4 qətnamədən hüquqi baza kimi istifadə edəcək. Qaldı Qərbi Azərbaycan (İrəvan) hökumətinin alacağı qərarlara, onun üçün hələ vaxt var. Ona qədər müəyyən hüquqi prosedurlara əməl edilməlidir. Yaradılacaq strukturlar legtimləşdirilməyə çalışılmaldır. Bir sözlə, onların qəbul etdiyi qərarlar hansısa beynəlxalq təşkilatın qəbul edib-etməməsindən asılı olmayaraq, əgər yüz minlərlə adam bu qərarları müdafiə edəcəksə, Azərbyacanın özündəki türklərin özü də bunu müdafiə edəcəksə, bu, hər hansı beynəlxalq təşkilatın qətnaməsindən də irəlidir. Yəni ortada fakt, xəritələr, deportasiyanın tarixləri var. Bu bölgəyə ermənilərin gətirilməsi ilə bağlı tarixi həqiqətələr var. Ona görə də mənim zənnimcə, bu məsələnin ideya kimi populyarlaşdırılması, sonradan siyasi tələblər halına salıması özü böyük hadisə olacaq və ən azından Dağlıq Qarabağ uğrunda mübarizəmizdə erməni faşistlərinin bu işğalçı və qəsbkar siyasətinin ifşa edilməsində mühüm rol oynayacaq”.

“Türkiydə 2 milyona yaxın Qərbi Azərbaycan mənşəli Azərbaycan türkü var”

Qərbi Azərbaycan Respublikasnın Türkiyədə elan edilməsinə gəlincə, Q. Hüseynli qeyd edib ki, Türkiyə bu hadisə haqda fikir bildirməsə də, susmaq  razılıq əlamətidir: “Üstəlik də Qərbi azərbaycanlılar təkcə Azərbaycanda yox, daha çox Türkiyəyə və İrana qədər səpələniblər. Bu saat Türkiydə 2 milyona yaxın Qərbi Azərbaycan mənşəli Azərbaycan türkü var və bu ərazidə onun yaradılması da onlara mənəvi haqq verir ki, həm də onların adından bu təşkilatı elan etsinlər”.

Hüseynli onu da vurğulayıb ki, ürəyi Azərbaycan eşqi ilə yanan və öz doğma torpaqlarına qayıtmaq həsrəti ilə yaşayan qərbi azərbaycanlıların hər biri, eləcə də Azərbaycan türkünün hər biri bu işə gücü çatan maliyyə dəstəyini verəcək və bu işin həqiqi real gücə çevrilməsi üçün nə lazımdırsa edəcək: “Bu, təkcə qərbi azərbaycanlıların birləşməsi yox, ermənilərin təcavüzkar siyasətinə qarşı aparılan mübarizənin tərkib hissəsi olacaq”.

“Milli oyanma baxımından mütərrəqi hadisədir”

Kərəm Məmmədova BDU-da vəzifə verildi - AzEdu.az AZƏRBAYCAN TƏHSİL ...

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, tarixçi alim Kərəm Məmmədov isə xatırlatdı ki, tarixdə mərkəzi Qars olmaqla, Cənub-Qərbi Türk Cümhuriyyəti olub: “Təbii ki, bu hadisəni mən alqışlayıram. Milli oyanma baxımından mütərrəqi hadisədir. Mən illər boyu demişəm ki, biz Azərbaycan Respublikası deyirik… Xatırlayırsınızsa, bir vaxt söhbət gəzdi ki, ölkəmizin adını Şimali Azərbaycan Respublikası qoyaq. Bununla da bütün dünyaya biz çatdırmış olurduq ki, Azərbaycan bölünüb. Məsələn, bu günləri Türkiyə deyəndə belə nəzərə çarpır ki, sanki Türkiyə bütövdür, amma türk xalqları görün, neçə yerə bölünüb”.

 “İndiyə kimi tarixdə belə mühacir hökuməti qurmaq təcrübəsi var”

K. Məmmədov hesab edir ki, Qərbi Azərbaycan Respublikasının legitmləşməsi üçün parlamenti təsis olunmalı, hökumət kabineti, ordusu, pul vahidi olmalıdır: “İndiyə kimi tarixdə belə mühacir hökuməti qurmaq təcrübəsi var. Mən ikisini dəqiq bilirəm. Birincisi, ikinci dünya müharibəsi illərində Polşanın mühacir hökumətidir. O birisi isə Şarl De Qolun başçılıq etdiyi Fransanın mühacir hökumətidir. Amma orada bir məsələ var idi ki, Polşa mühacir hökuməti Londonda yerləşmişdi, ancaq Fransanın mühacir hökuməti ( o dövrdə Fransa ən böyük müstəmləkə imperiyalarından biri olsa da, işğal olunmuşdu) Əlcəzairdə fəaliyyət göstərirdi. Bizdə də yəqin ki, Bakıda fəaliyyət göstərmək fikrindədirlər”.

 “Türkiyə bu məsuliyyəti boynuna götürmək gücündədir?”

 “Ancaq respublikanı Türkiydə elan ediblər” dedikdə K. Məmmədov belə söyləyib: “Türkiyədə elan ediblərsə, onda yəqin ki, mərkəzi Türkiyə olacaq, amma Türkiyə bu məsuliyyəti boynuna götürmək gücündədirmi?”

“29 may 1918-ci il tarixli qərarı ancaq Azərbayan Respubliklasının parlamenti ləğv edə bilər”

K. Məmmədov bildirib ki, Qərbi Azərbayan Respublikasının Azərbaycan Milli Şurasının İrəvan qəzasının erməni dövləti yaratmaq üçün Ermənistana verilməsi haqqında 29 may 1918-ci il tarixli qərarını ləğv etməyə hüququ yoxdur: “Onu ancaq Azərbaycan Pespublikasının parlamenti ləğv edə bilər. Çünki  Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi sayılır. Yalnız Azərbaycan Respublikası həmin qərarı ləğv edə bilər. Bu, Batum konfransında olan hadisədir. O vaxt İrəvan paytaxt olaraq ermənilərə güzəştə gedildi. Çünki may ayında 3 respublika bölünüb, dövlət quruldu. Gürcüstan mayın 26-da, ondan sonra mayın 28-də Azərbaycan respublikası elan edildi. Amma gürcülər paytaxt olaraq Tiflisi seçmişdilər.

Onu da deyim ki, o zaman Tiflisin özü də mübahisəli idi, ermənilər dirəşdilər ki, Tiflis həm də bizim paytaxtımızdır. Yəni erməni həyasızlığı o vaxtı da özünü göstərdi. Lakin Jordaniyanın başçılıq etdiyi gürcü hökuməti erməni heyətinə vaxt qoydu ki, “bir sutka ərzində Tiflisi tərk etməsəniz, sizi süngünü ucunda çıxardacağıq”. Ona görə də o vaxt  paytaxt olaraq İrəvan güzəştə gedildi. Əvvəlcə Gümrü nəzərdə tutulurdu, sonradan İrəvan seçildi”.

“Ermənistana çevrilən qurumun özü sintetik dövlətdir”

K. Məmmədov qeyd edib ki, Qərbi Azərbaycan Respublikası yaratmaq istəyənlər ərazi olaraq haranı nəzərdə tutur, o da bəlli deyil:  “Ermənistan deyilən qurum o vaxtı yarananda Ararat Respublikası adında yaranmışdı. Bu gün  Qərbi Azərbaycan Respublikası yaratmaq istəyənlər o sərhədləri dəqiq müəyyən ediblərmi? Baxın, o Ararat Respublikası Sovet hakimiyyəti dövründə Ermənistana çevrilən qurumun özü sintetik dövlətdir. Çünki onun şimal  torpaqları Şulaverdən, Dağ Borçalısından ibarətdir. Bunlar Borçalıdan qopardılan torpaqlardır. Oradan aşağı enirsən, Göycə mahalı və Qaraqoyunlu dərəsi-bunlar Qazaxdan qopardılan torpaqlardır. Oradan aşağı enirsən, Qərbi Zəngəzur – bu Azərbaycandan qorpardılan torpaqlardır. İndi artıq şərq hissəsini də  işğal ediblər. Yəni Qubadlı, Zəngilan-bizim Şərqi Zəngəzur sayılır və bir də ki, İrəvan ərazisidir. Hələ üstəlik orada Naxçıvandan qoparılmış torpaqlardır. Bunun özü Azərbaycan torpaqlarından qopardılmış qurama bir sistemdir”.

“Ordu kimin hesabına qurulacaq?”

 “Bu qurama sistemlə bağlı Qərbi Azərbaycanın real gücə çevirilib, nəyəsə nail olması mümkündürmü” sualına K. Məmmədov belə cavab verib: “Real güc deyəndə nəyi  nəzərdə tutursunuz? Ən azından ordunu. Respublika qurmaq asan məsələ deyil. O vaxtı Azərbayan Resplikasının ən azından bir tarixi ənənəsi var idi və dəqiq də bilirik ki, Şimali Azərbaycan adlanır. Onun qurulması üçün bu qədər mübarizə aparıldı. Paris sülh konfransında nə qədər mübahisələr oldu. Yəni respublika qurmaq elə asan məsələ deyil. Birinci növbədə, istənilən siyasi qurumun yaranması üçün həm onun idarəetmə mexanizmləri qurulmalıdır. Ondan sonra, qanunverci orqanı və ən mühüm də ordusu qurulmalıdır. O ordu kimin hesabına qurulacaq? Azərbaycan vətəndaşlarının hesabına qurulacaq? Çünki orada təşkil ediləcək ordu, yəni bizim Qərbi Azərbaycanda olan soydaşlarımız ki var, onların pasportlarına doğum yerləri yazılıb, onlardan ordu qurmaq mümkün olacaqmı?”

 “Ordusuz dövlət olurmu?”

“Onlar ordu haqqında danışmırlar, ancaq parlament, hökumət formalaşdırmaq barədə mətbuatda açıqlamaları var” söylədikdə K. Məmmədov bildirdi ki, ordusuz dövlət olmur: “Ordusuz dövlət olurmu? Onun pul vahidi olmalıdır. Təbii ki, hər bir azərbaycanlı ona kömək etməlidir. Adı ən azından Qərbi Azərbaycandır. Canımız, qanımız, malımız, dövlətmizlə hər birimiz bu işdə iştrak etməliyik. Deməzdim ki, real güc olması çətindir. Əgər təşkilatlanma varsa, qeyri-mümkün olmayan heç nə yoxdur. Şimali Kipr Respublikası niyə quruldu? O vaxtı o da çoxlarına möcüzə kimi görünürdü, ancaq quruldu. Düzdür, dünya ölkələrinin böyük qismi tanımır, tanımasın. Hər halda, bu, var və ona yavru Türkiyə deyirik”.

Şamo EMİN