QƏRBDƏN PUTİNƏ MESAJ - “Avqust ayı Rusiyada meşə yanğınları olmadan da isti keçəcək”

Baxış sayı:
5326

“Rusiyada yarıçılpaq vəziyyətdə, at üstündə poza verən cüdoçu-prezident imici artıq sönüb. Müxalifətin sosial bazası isə artmağa davam edir. Buna rəğmən Vladimir Putinin hansısa ictimai təzyiqlə gedəcəyini düşünənlər yanılır”.
 
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, bu cümlə Fransanın “Le Point” qəzetinin yazarı Katerina Svarovskayanın məqaləsində yer alıb.
 
Müəllif bu ilin iyul ayının 27-də Moskvada keçirilən sanksiyalaşdırlmamış mitinqdən sonra 1400 vətəndaşın həbs olunduğunu xatırladıb. Özü də müxalifətçilər nə zorakılıq ediblər, nə hansısa pəncərini və ya qapını sındırıblar, nə də bir maşını yandırıblar. İstintaq Komitəsinin qaldırdığı cinayət işi üzrə proses bir çox insanın 8-15 il arası azadlıqdan məhrum edilməsi ilə nəticələnə bilər. “Bu cür qorxutma tədbirləri yaxın günlərdə mitinqlərdə iştirak etmək istəyən hər kəsə yönəlib” -deyə məqalədə qeyd edilir.
 
“Rusiyada hakimiyyət həmişəki kimi müxalifətlə dialoqdan qaçır. Bu isə artıq tendensiyaya dönüb. Onlar (iqtidar mənsubları-red.) Vladimir Putinin bu sözlərini az qala rəhbər şüara çeviriblər: “50 il bundan qabaq Lenin küçəsi mənə bir qaydanı öyrətdi: Əgər dava qaçılmazdırsa, ilk zərbəni sən vur”, -deyə yazıda qeyd olunur.
 
“Görünür Rusiya lideri fikirləşir ki, küçəyə çıxan insanlar cəmiyyəti qura bilməz”, -deyə politoloq Aleksey Makarkin jurnalistə bildirərək əlavə edir: “Burada mitinqçilər qarşısında geri çəkilmək siyasi zəiflik əlamət kimi qəbul olunur”.
 
Məqalədə qeyd edilir ki, “Levada-tsentr”in son sorğusunda Vladimir Putinin reytinqi 2018-ci illə müqayisədə 11% daha azalıb. Hazırda rusiyalıların sadəcə 38%-i onu 2024-cü ildə prezident postunda görmək istəyir.
 
“Putinin avtoriteti alternativin olmamasına əsaslanıb. İndi onu əvəz edə biləcək hansısa namizəd görünmür. Buna görə də onun populyarlığı müəyyən dərəcədə sabitliyini qoruyur”, -deyə “Levada-tsentr”in rəhbəri Lev Qudkov bildirir.
 
Buna rəğmən müəllif Svarovskaya 2011 və 2013-cü ildən bu yana antiputinizmin daha da çiçəkləndiyini qeyd edir.
 
“Avqust ayı yerli qubernatorların fərsizliyi ucbatından Sibirin yaşıllğını yox edən meşə yanğınları olmadan da olduqca isti keçəcək...”, - müəllif yazını bu sözlərlə yekunlaşdırıb.