Qərbdə Zamirəyə yeni ad qoydular “Lady Shopping” - BU GÜN YENƏ MƏHKƏMƏYƏ ÇIXARILIR...

Baxış sayı:
538

Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin arvadı, Londonun ən bahalı univermaqlarından olan “Harrods”da 16 milyon funt sterlinq xəcləyərək az qala dünyanın ən bədxərc qadını kimi məşhurlaşan Zamirə Hacıyeva Qərb mətbuatında yeni ləqəblə anılır. Virtualaz.org xəbər verir ki, İtaliyanın “Corriera della Sera” qəzeti xanım Hacıyevanı “Lady Shopping” adlandırıb.

Qəzet xatırladır ki, ötən həftə Zamirə Hacıyeva Azərbaycan tərəfinin sorğusu əsasında saxlanılıb. Bu sorğu Hacıyevanın ərinin rəhbərliyi dövründə Azərbaycan Beynəlxalq Bankından milyonlarla dollar mənimsəməsi ittihamları ilə bağlıdır. Həmin cinayət işi üzrə Hacıyeva bir neçə il əvvəl beynəlxalq axtarışa verilmişdi.

Üstəlik Böyük Britaniya hakimiyyəti də çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində Z.Hacıyevanın bu ölkədəki on milyonlarla dollarlıq akivlərinə həbs qoyub. Əgər xanım Hacıyeva həmin pulların qanuni yollarla qazanıldığını məhkəmədə sübut edə bilməsə aktivlər müsadirə olunacaq.

Z.Hacıyevanın ekstradisiyasına dair məhkəmə prosesi gələn ilin iyun ayına təyin edilib. Ötən həftə məhkəmənin çıxardığı qərara əsasən Hacıyeva həmin vaxta qədər həbsdə qalmalıdır. Vəkillər onun 500 min funt sterlinq girov əvəzində ev dustaqlığına buraxılması haqda vəsadət qaldırıb, amma prokurorlar buna qarşı çıxıblar.

“Frans press” agentliyinin xəbərində deyilir ki, Z.Hacıyevanın vəkilləri onun girov əvəzində ev dustaqlığına buraxılmaması barədə qərardan şikayət verib. Həmin şikayətə bu gün noyabrın 8-də yuxarı instansiyada-London Yüksək Məhkəməsində baxılacaq. Bu haqda Krallıq Prokurorluq Xidməti (CPS) bildirib.

Vestminister magistrat məhkəməsi əvvəlcə qərara alıb ki, Z.Hacıyevanı 500 min funt sterlinq girov əvəzində ev dustaqlığına buraxmaq olar. Lakin prokurorlar dərhal qərardan protest veriblər. Prokurorlar bunu Z.Hacıyevanın şəxsi təyyarəsinin olması və Londondan uçub getməsi riski ilə əsaslandırıblar.

“Lady Shopping”in barəsində hansı qərarın çıxarıldığı haqda gün ərzində oxucuları məlumatlandıracağıq.