“Qərb Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsinə ona görə göz yumdu ki...”

Elşad Musayev: “Daxildə güclü etiraz olmasa, heç bir beynəlxalq təşkilat, iri dövlət, demokratik dövlət bizə dəstək verməyəcək”
 
““Naxçıvan klanı” dediyimiz həmin o qrupun rəhbərləri düşünüb-daşınmaq məcburiyyətindədir. Mən hesab etmirəm ki, onlar sahib olduqları nüfuzu, varidatı, şəraiti əllərindən buraxacaqlar...”

Son günlər mətbuatda keçmiş səhiyyə naziri Əli İnsanovun Novruz bayramı ərəfəsində əfv ediləcəyi haqda informasiyalar verilir. Əslində, bu məlumat hüquq müdafiəçilərinin Əfv Komissiyasına tədqim etdiyi siyahıda Ə.İnsanovun adının olmasından qaynaqlansa da, təbii ki, son söz yenə də ölkə başçısınındır. Lakin, bununla yanaşı, belə iddialar da səslənir ki, üç gün əvvəl birinci vitse-prezident təyin olunan və 2018-ci ildə iqtidarın prezidentliyə alternativsiz namizədi olacağı şübhə doğurmayan Mehriban Əliyeva Qərbi Azərbaycanlıların dəstəyini qazanmaq üçün eks-naziri həbsdən azad etdirə bilər.
Maraqlıdır, əslən Qərbi Azərbaycandan olan və mətbuatda Əli İnsanovu açıq şəkildə dəstəkləyən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bu haqda nə düşünür? Bu və digər suallara dünən “Hürriyyət”in qonağı olan E.Musayevlə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq. 

(Əvvəli bu linkdə: http://muxalifet.az/hakimiyyt-daxilind-cox-ciddi-qarsidurma-var.html)
 
 
- Deyirsiniz ki, Qərbi Azərbaycanlılar illərdir sıxışdırılır, indi də Naxçıvanlılar sıxışdırılmağa başlanıb. Sizcə, bu iki böyük toplumun dəstəyi olmadan dövləti idarə etmək mümkündürmü?

- Vaxtilə “Naxçıvan klanı”nın çox böyük səhvi oldu. Onlar Əli İnsanovun tutulmasında iştirak etdilər və hakimiyyətin balanslaşdırıcı qollarından birini zəiflədib, sıradan çıxardılar. Əvvəl istəsək də, istəməsək də belə idi: ölkənin hər tərəfindən regional təmsilçilər vardı, bunlar balansı saxlayırdı. Bu balans pozuldu. Qərbi Azərbaycanlılar sosial baza kimi say etibarilə hamıdan çoxdur. Amma bu gün əvvəlcədən önləyici nə isə demək olmur. Təbii, ölkədə, hətta “Naxçıvan klanı”nın içində belə, xeyli qisim adam vardı ki, bunlar Əli İnsanovun tutulmasını düzgün hesab etmirdilər, onlar daha praqmatik yanaşırdılar. İndi ölkədə Hacı Əbdül məsləhətçilik edir... Bu, gülünc bir şeydir. Hacı Əbdülün məsləhətçiliyini Mütəllibov dövründə gördük, ölkə hara getdi... İndi Hacı Əbdülün məsləhətinə qulaq asırlar, o, bir məsləhət verir, bunlar da yerinə yetirir... Və yaxud Hacı Əbdül məsləhət verir, dərhal Cavid Qurbanovun mətbuatında ona dəstək verilir. Ondan sonra Naxçıvan xəttinin mətbuatında Cavid Qurbanov vurulur. Belə oyunlar gedir, İlham Əliyev də Mehriban Əliyevanı gətirib birinci vitse-prezident qoyur və bununla bildirir ki, mən bu xəttin müdafiəçisiyəm. Ona görə, “Naxçıvan klanı” dediyimiz həmin o qrupun rəhbərləri də düşünüb-daşınmaq məcburiyyətindədir. Mən hesab etmirəm ki, onlar sahib olduqları nüfuzu, varidatı, şəraiti əllərindən buraxacaqlar. Bu baxımdan hesab edirəm ki, hakimiyyət daxilində ciddi qarşıdurma gözlənilir və bu da ölkə üçün yaxşı heç nə vəd etmir. 

- Sizcə, Qərbin dəstəyi olmadan İ.Əliyev xanımını birinci vitse-prezident təyin edə bilərdi?

- Açığını deyək ki, biz Azərbaycanı həddindən artıq şişirdirik. Azərbaycan balaca bir ölkədir, nə iqtisadi, nə siyasi, nə də hadisələrə təsir etmək gücü var. Azərbaycanın nəyi var ki, Qərb də bunun üçün oynasın?! Qərb Azərbaycana heç fikir vermir, biz də deyirik ki, mütləq bunlar Qərbin, Şərqin razılığını aldı. Doğrudur, Qərb institutları, bəzi beynəlxalq təşkilatlar müəyyən təzyiqlər edir, amma Qərb müsəlman ölkəsi olan Azərbaycanda demokratiyanın olması üçün heç də sinov getmir. Ümumiyyətlə, Qərb deyəndə, istər ABŞ olsun, istər Avropadakı iri dövlətlər olsun, bunların ilk növbədə öz iqtisadi, geopolitik maraqları var. Bunların Azərbaycan kimi müsəlman ölkələrində demokratiyanın olub-olmaması üçün elə də maraqları yoxdur. Odur ki, İlham Əliyevin Mehriban Əliyevanı birinci vitse-prezident gətirməsinə göz yumdular. Çünki Azərbayacana ciddi ölkə kimi baxmırlar. 

- Mehriban xanım siyasi iradə nümayiş etdirərək, Əli İnsanovu həbsdən azad etdirsə, Qərbi Azərbaycanlılar ona dəstək verə bilər?

- Bu xırda bir məsələdir. Kimsə kimi azad etsin, ona görə dəstək verilsin... elə bir şey olmur. Həm də, Qərbi Azərbaycanlılar adından da heç kəs mənə səlahiyyət verməyib ki, bu haqda danışım. O cümlədən bir başqası da Qərbi Azərbaycan adından danışa bilməz. Ümumi atmosferi müzakirə edə, proqnozlar verə bilərik ki, kiminləsə əməkdaşlıq edə, kiminləsə əməkdaşlıq etməyə bilərik. Digər tərəfdən, Qərbi Azərbaycan yekcins deyil ki. Qərbi Azərbaycanın müxtəlif siyasi təşkilatlarda və müxtəlif baxışda olan adamları var. Qərbi Azərbaycanlıların bir müsbət cəhəti var ki, onlar ən kritik, öldürüb-qurtarma məqamında qısa müddətdə birləşə bilirlər. Hakimiyyət də bu səbəbdən ölkədə bir siyasi təşkilat qoymayıb, qərargahı olanı da çıxarıb... Mətbuatın içindəsiniz. Qərbi Azərbaycandan olan bir dənə əsaslı, ofisi, yeri olan qəzet tanıyırsınız? Yoxdur. Vaxtilə “məlum bölgə” deyən jurnalistlər də vardı. Həmin o “məlum bölgə” deyənlər ayrı-ayrı müxalifət partiyalarında oturmuşdu. İndi gedin ev alanların siyahısına baxın, əksəriyyəti onlardır. Görün, orda Qərbi Azərbaycandan olan jurnalist varmı? “Məlum bölgə” deyirdilər. İndi məlum bölgənin qucağında, yaxud yanında otururlar, əmrində dururlar, onların çörəyini yeyirlər. Amma vaxtından deyirdilər ki, onların hamısını dənizə tökmək lazımdır. Yəni faktiki olaraq bu gün Qərbi Azərbaycanlıların nə siyasi təşkilatları, nə QHT-ləri, nə də mətbuat orqanları qalıb. Olanları da içəri salıblar, qorxudublar və s. Yəni bu hakmiyyət balansı pozub. Təbii ki, buna da Qərbi Azərbaycanlılar etiraz edəcək. Kimlər edəcək, hansı vədədə edəcək, bu ayrı məsələdir...

- Yeri gəlmişkən, azadlığa çıxandan sonra Əli İnsanovun siyasi partiya yaradacağı haqda fikirlər də var...

- Əli İnsanov nə siyasi partiya, nə QHT, nə də mətbuat orqanı yaratmaq barədə bir şey deməyib. İnsafən, Əli İnsanov o bölgədə ən böyük nüfuzu olan adamdır. Amma o, siyasətlə məşğul olacağı barədə heç bir iddia ortaya qoymayıb. 

- O halda nə üçün həbsdən azad etmirlər?

- Nüfuzuna görə. Əli İnsanov Ümumdünya Səhiyyət Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş alimdir. Əli İnsanov rəsmi milyonçudur. Onun patenti bu dəqiqə də gəlir. Adam içəridə yatır, amam pulu gəlir. İstəmirlər bunu. Bu ölkədə kiminsə gücü, nüfuzu, maliyyəsi olmasını istəmirlər. Misal üçün, mənim əlimdə heç bir şey yoxdur, məndən nə alacaqlar. Amma bir qisim adam da var ki, bunun qanuni yolla pulu gəlir. 

- Sizdə bu əminlik hardan yaranır ki, Əli İnsanov Qərbi Azərbaycanlıların rəhbəri ola bilər?

- Mən elə söz deməmişəm. 

- Deyirsiniz ki, Əli İnsanov Qərbi Azərbaycanlılar içərisində ən böyük nüfuzu olan adamdır. Bu isə o deməkdir ki, onun bir sözü ilə bütün region onun arxasında dura bilər... 

- Hadisələri qabaqlamayaq. Əli İnsanovun siyasətlə məşğul olması barədə heç bir bəyanatı yoxdur. Adam, ola bilsin, çıxıb elmlə məşğul olacaq, ola bilsin, çıxıb burda qalacaq, ola bilsin, xaricə gedəcək, onu deyə bilmərik. Amma söhbət nüfuzdan gedir. Məsələn, bir kəndə gedirlər, deyirlər ki, filankəsin nüfuzu daha çoxdur. Qərbi Azərbaycanlılar içində də Əli İnsanovun nüfuzu daha çoxdur. Bu reallıqdır. Demirəm ki, mənim və yaxud başqasının nüfuzu çoxdur. Əli İnsanov 11 il həbsxanada yatdı, 70 yaşında kişi dəyanətlə dözdü, dirəşdi və s. Ona görə, təkcə Qərbi Azərbaycandan yox, Azərbaycanın bütün bölgəsindən, o adama nifrət edən insanların belə, ona münasibəti dəyişdi. Əli İnsanov həbsdə kişilik nümunəsi göstərdi. O şəraitdə saxlanılan nə qədər adamlar, cavan uşaqlar sındı. Amma Azərbaycanda da kənardan baxırlar ki, Əli İnsanov dirəşir, beləliklə ona hörmət yaranır.

- Belə fikir də var ki, Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması ilə Azərbaycanda yeni bir dövr başlayır. Sizcə, bu dövrdə iqtidarla müxalifət arasındakı münasibətlər necə olacaq?

- Heç bir dəyişiklik olmayacaq. Mehriban Əliyeva da bu komandanın üzvü olub. Yəni de-fakto ölkənin ikinci adamı olub, indi de-yure ikinci adamıdır. Ona görə, heç bir dəyişiklik gözlənilmir. Bu komanda necə düşünürsə, Mehriban Əliyeva da eləcə düşünür. Bir də bu xanımın çiyninə həddən artıq böyük yük veriblər. Birinci vitse-prezident, millət vəkili, Heydər Əliyev Fonunun prezidenti, UNESKO-nun, İSESKO-nun xoşməramlı səfiri, Gimnastika Federasiyasının prezidenti... YAP-da bu qədər kişi var, yükün bir hissəsini də onlar götürsünlər çiyinlərinə. Amma ümumilikdə, heç bir dəyişiklik gözlənilmir, necə var, eləcə də olacaq. 

- Axı, bir qrup gedir, başqa qrup gəlirsə, istər-istəməz hakimiyyətə yeni bir nəfəs gələcək. Digər tərəfdən, Mehriban xanımın saydığınız vəzifələrə sahib olması indiyədək heç də hüquqi baxımında hakimiyyətdə söz sahibi olması anlamına gəlmirdi. Çünki hakimiyyətdə söz sahibi olmaq üçün həm də rəsmi vəzifəsi olmalı idi...

- Demokratik idarəetmədə sizin dediyiniz kimi olur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin etdilər. Bu, Heydər Əliyev Fondunda Mehriban xanımın tabeçiliyndə işləmiş bir adamdır. Onun tərcümeyi-halında başqa iş yeri yoxdur. Nəqliyyat sahəsində, yüksək texnologiyalar sahəsində, rabitə sahəsində bir gün belə, işləməyib. Adamı gətirib qoyurlar nazir. Söz sahibi, təyinat və s. bizdə elə deyil... Bu ölkə qanunlarla idarə olunmur. Bu ölkə göstərişlə idarə olunur. Bu ölkə yuxarıdan aşağı diqtə ilə idarə olunur. Azərbaycanda qanun sayan var ki?! 

- ...Artıq Mehriban xanımın birinci vitse-prezident olaraq rəsmi səlahiyyətləri olacaq. Kobud şəkildə desək, dünənə qədər hər hansı bir məmuru işdən çıxarmaq üçün həyat yoldaşına müraciət etməli idisə, indi faktiki olaraq belə bir səlahiyyət sahibdir... 

- Yox, indi də çıxara bilməz. Hələ məlum deyil ki, birinci vitse-prezidentin səlahiyyətləri nədir. Onun səlahiyyətləri harda var: bir əsasnamə yox, bir qanun yox, nə bilim, heç nə yoxdur. Vitse-prezidentin hansı səlahiyyəti var, bizdə elə bir qanun yoxdur. 

- Ən azı prezident olmadığı təqdirdə onun səlahiyyətlərini icra edəcək.

- Başa düşürəm. Bəs prezident olanda nə edəcək? Yəni hər şey qanunla olmalıdır. 

- Bu təyinatdan sonra bəzi müxalifət partiyaları toplaşıb, bəyanat qəbul etdilər. Bu bəyanatla işinizi bitmiş hesab edirsiniz, yoxsa...

- Sizin də dediyinz kimi, bir neçə partiya - KXCP, ADP, Xalq Partiyası, VİP, BAP, ALDP, Ağ Partiya, Aydınlar Partiyası yığışdı, bu məsələ ilə bağlı açıqlama verildi. Təəssüflər olsun ki, bizim bu bəyanatı mətbuat orqanlarının əksəriyyəti vermədi. Bu da onu göstərir ki, Azərbaycanda normal mətbuat da qoymayıblar. Mətbuat da silinib gedib. Siyasi təşkilatlar da, açığı, yekcins deyil. Ümumiyyətlə, Azərbaycanda müxalifətin fəaliyyətini minimuma endiriblər. Partiyalar da yekcins deyil. Amma, hər halda, müxalifətdə olan qüvvələrin əksəriyyəti etiraz etdilər. Hadisələrin gedişi necə olacaq, onu dəqiq demək olmaz. Çünki bizim planlarımız fərqlidir, başqa partiyanınkı fərqli. Mən hesab edirəm ki, insanların etirazını təşkil etmək üçün qapalı toplantılar keçirmək lazımdır. Məsələn, ADP qərargahında biz toplantılar keçirdik, mənim fikrimcə, bunu davam etdirmək laızmdır. Bir qismi deyir ki, birbaşa açıq toplantıya keçək. Amma camaatda bir xof, qorxu var. Bütün bunlar reallqıdır. Təbii, az bir qisim də olsa, açıq etiraz edən adamlar da var. Çoxlu da passiv və daxilən etiraz edən qüvvə var ki, bunları səfərbər etmək, bir yerə gətirmək lazımdır ki, ölkədə vəziyyəti dəyişək.

- Müxalifət həmişə hakimiyyətin dəyişilməsi məsələsində daha çox beynəlxalq təşkilatların reaksiyası ilə maraqlanır. Amma məlum təyinatdan 3 gün (müsahibə alındığı gündən – müəl.) keçsə də, hələ də beynəlxalq səviyyədə heç bir etiraz yoxdur...

- Fikir vermisinzsə, mən indiyə qədər nə diplomatik korpusların, nə də beynəlxalq təşkilatların nümayəndələri ilə görüşə maraq göstərməmişəm. Niyə? Çünki o vaxtdan indiyə qədərki yanaşma səhvdir. İri dövlətlərin əksəriyyətinin öz maraqları var. Onlar üçün Azərbaycanda demokratiyanın olub-olmaması ikinci dərəcəli bir şeydir. Ona görə, biz “stavka”nı sadə Azərbaycan vətəndaşına, millətimizə etməliyik. Biz çalışmalıyıq ki, xalq maariflənsin, qalxsın, öz etiraz səsini ucaltsın, haqqını istəsin. Beynəlxalq təşkilatların heç vecinə də deyil. Beynəlxalq təşkilatların burda “stavka” etdiyi adamlar vardı, gördünüz, saldılar içəri, onlar bir-iki bəyanat verdi, qurtardı getdi.
Əlbəttə, beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, əlaqə qurmaq lazımdır. Amma daxildə güclü etiraz olmasa, heç bir beynəlxalq təşkilat, iri dövlət, demokratik dövlət bizə dəstək verməyəcək. Reallıq budur. Biz bu reallığı ölçüb-biçməliyik və sadə insalarımızın etirazını, haqqı-hüququ uğrunda mübarizəsini təşkil etməliyik. 

Ayxan İLDIRIMTÜRK