​Qərar verildi: 135 şəhid vərəsəsinə birdəfəlik ödəmə...

Baxış sayı:
262

Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanının icrası ilə əlaqədar şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi istiqamətində işlər davam etdirilir. Artıq ödəniş prosesinə başlanılıb. Birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunması və şəffaflığın tam təmin edilməsi şəraitində həyata keçirilir.
Muxalifet.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, şəhid hərbi qulluqçuların vərəsələri nazirliyin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər. Sənədlər notariat kontorları tərəfindən elektron qaydada nazirliyə təqdim olunur. Nazirlikdəki müvafiq işçi qrupu həmin sənədlərin təhlilini aparılır.
Komissiya daha 110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edib.
Qeyd edək ki, Komissiyanın noyabrın 2-də keçirilmiş iclasında 114 şəhid hərbi qulluqçunun 146 vərəsəsinə ödəmələrin verilməsi ilə bağlı qərar qəbul edilmişdi. Beləliklə, artıq 224 şəhid hərbi qulluqçu üzrə 281 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün Komissiya tərəfindən qərarlar qəbul olunub.