Qorxmaz Hüseynovun qohumu Ucar sakinlərinə zülm edir – “Vətəndaşları saxta protokollarla cərimləyib, pul qazanırlar”

Baxış sayı:
1147

““Azərsu” ASC-nin 2 saylı Ucar regional su-kanal idarəsinin müdiri Əvəz Nəbiyevin cibində adı işdə, özü kənarda olan çoxlu sayda şəxsin maaş kartları var”
 
Ucar rayonu 20 Yanvar küçəsi döngə 12 ev 1 sakini Cəbrayılov Abbas Malik oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır:
““Azərsu” ASC-nin 2 saylı Ucar regional su-kanal idarəsinin müdiri Əvəz Nəbiyevin qoçuları vətəndaşları saxta protokollarla cərimləyib pul qazanırlar. Mənə məxsus evimdə işlətdiyim suya görə qoyulmuş sayğaca heç bir müdaxilə etməsəm də, məni əsassız şəkildə cərimələyiblər. Sonradan öyrəndim ki, tək məni yox, rayonda çoxlu sayda sakinlərə belə saxta protokol tərtib edib, cərimələyiblər. Buna isə sifarişi birbaşa “Azərsu” ASC-nin 2 saylı Ucar regional su-kanal idarəsinin müdiri Əvəz Nəbiyev verib.
Korrupsiyaya qurşanmış Əvəz Nəbiyevin sifarişi ilə tək Ucar rayon sakinlərinə yox, həmçinin 2 saylı Ucar regional su-kanal idarəsinin əhatəsində olan İsmayıllı, Şamaxı, Ağsu, Göyçay, Zərdab, Kürdəmir və Qobustan rayon sakinlərinə qarşı da edilir.
Ucar rayonunda Əvəz Nəbiyevin talançılıq siyasətini həyata keçirənlər onun müavini Elvin İbrahimov və əməkdaşı Nurlan Şıxəliyevdir.
Ucar rayon ərzisində kanalizasiyalar işləmir, bərbad vəziyyətdədir. Nəticədə də rayonunun mərkəzini üfunət iyi bürüyüb. Həmçinin sakinlərə verilən su nəinki içməyə, heç əl yumağa belə yaramır. Buna görə rayon sakinləri öd daşı, böyrək xəstəliklərindən əziyyət çəkirlər.
Ucarlılar içmək üçün bu sudan istifadə etmirlər. Ucar rayon sakinləri Göyçay rayon ərazisində olan arteziandan su gətirmək üçün somalilər kimi saatlarla növbə gözləyirlər.
“Azərsu” ASC-nin 2 saylı Ucar regional su-kanal idarəsinin müdiri Əvəz Nəbiyevin cibində adı işdə, özü kənarda olan çoxlu sayda şəxsin maaş kartları var. Bu ilin iyun ayından yaradılan bu idarənin az müddətdə etdiyi talançılığın sayı-hesabı yoxdur. İnsanlarla kobud davranan “Azərsu” ASC-nin 2 saylı Ucar regional su-kanal idarəsinin müdiri, onun qoçuları əhali arasında kütləvi narazılıqlar yaradırlar. Əvəz Nəbiyev özünü “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovun qohumu kimi təqdim edir.
Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət ünvanlayıb, xahiş edirəm, talançılıq fəaliyyəti ilə vətəndaşların cibini soyan “Azərsu” ASC-nin 2 saylı Ucar regional su-kanal idarəsinin müdiri Əvəz Nəbiyevin və onun qoçu dəstəsi barədə ciddi tədbirlər görəsiniz”.


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.