Qorxaqlıqla qəhrəmanlıq bir pulun iki üzüdür

Niyə qəhrəman bir xalq bu qədər canından qorxan, hər cür səfalət və tiranlığa dözən olub?

Əlbəttə, Avropa xalqları üçün yox. Almanlar, ingilislər və başqaları üçün yox.

Doğrudur, elə xalqlar var ki, məsələn, farslar, ümumiyyətlə, döyüş əzmi və qəhrəmanlıq onlara genetik yaddır. Eləcə, gürcülər, taciklər, ermənilər və başqa millətlər.

Lakin onların anlaşılmaz qohumu olan əfqanlar kütləvi qəhrəmandır.

Söhbət ərəb və türk xalqlarından gedərsə, məsələ tamamilə özünü doğruldur. Lakin qəribə burasıdır ki, bu xalqlar vaxtaşırı tanınmayacaq dərəcədə dəyişilir, sanki tamam başqa xalq olurlar.

Məsələn, VI-IX yüzilliklərdə tarix səhnəsinə çıxan ərəblər Lev Qumilyevin təyinatınca tamamilə passionarlar olmuşlar. Qəhrəmanlıq və döyüş əzmi elə yüksək şəkildə özünü büruzə vermişdir ki, heç bir digər etnos və formalaşmış dövlət və sivilizasiya onların təzyiqi qabağında davam gətirə bilməmişdir.

Əgər Vikonun gözəl nəzəriyyəsinə inansaq, ərəblərin XIII yüzillikdən sonra qəhrəmanlıq və döyüş əzminin tənəzzülünün səbəbini anlamaq olar.

Lakin bəs onda budur, bizim günlərdə, gözümüzün qabağında bu millətin parlaq qəhrəmanlıq epopeyasını necə izah etməli? Bu nə Vikonun, nə də Qumilyevin nəzəriyyəsinə sığır.

Belə çıxır ki, bu xalqın azadlıq və ədalət hissləriylə bağlı qəhrəmanlıq əzmi və ruhu bir neçə yüz il beynin hansı bir qatındasa yatıb qalıbmış və XXI yüzillikdə bütün coşqunluğu ilə oyanıb nəinki bir zərbə ilə özlərinin köklü tiranlarını yıxıb aşırmış, hətta dünya hegemonu olan ABŞ-a belə, meydan oxumağa başlamışlar. Bu sxem müəyyən dərəcədə türk xalqlarına da tətbiq oluna bilər.

Təsəvvür edin ki, şah Nadir («Nadir şah» ifadəsi düz deyil, cənab Tarix institutunun bəyləri!) Hindistana böyük yürüşü zamanı saysız yad və ya qohum xalqların içindən onları yara-yara keçib gedərkən çox cəngavərlərinə rast gəlib ilişib qalanda son vasitə kimi kimləri irəli buraxmışdır? Siz bilmirsiniz, çünki o yürüşün təfərrüatına bələd deyilsiz. Mən isə Məşədi İbaddan fərqli olaraq həmin kitabı yarısına kimi deyil, axırına kimi, cümlə-cümlə oxumuşam.

Şah Nadirin hansı bir döyüşdəsə başqa orduları aciz qalanda o, qızılbaşları, yəni azərbaycanlıları irəli buraxırdı və bununla da hər cür maneə aradan götürülür, düşmən ya təslim olur, ya da qırılırdı.

Bəs indi nə olub? Niyə bu cür qəhrəman bir xalq bu qədər canından qorxan, hər cür səfalət və tiranlığa dözənlər olublar? Hanı Çaldıranda və ya Dehlidə tüğyan edən döyüş əzmi, qəhrəmanlıq nümunələri? Hanı hərraca qoyulmuş vətən eşqi? Hətta ölkənin yarısı düşmənlərə verilsə belə, heç bir etiraz yoxdur.

Eləcə də, milli zülmə məmnunluqla dözən 30 milyon İran türklərinə nə olub? Onlara nə ad vermək olar? Elə bil mahir bir sehrkarın çubuğuyla 200 ildir ölü kimi düşüb qalıblar. Niyə? Yazıq Çöhrəqanlının çığırmaqdan boğazı cırılıb, amma hələ də 30 milyonluq qədim bir etnos qorxaq bir millətin molla rejimi altında inildəyir.

Bəli, ərəb təcrübəsinə inansaq, belə çıxır ki, güneyli-qüzeyli letargiya yuxusundayıq və ağalarımız, tiranlarımız bizimlə istədikləri kimi rəftar edirlər.

Bu mənada demək olar ki, bütün türk xalqları bəşər zəncirində xüsusi bir dairədir.

Keçmişdə təbliğat, siyasi həyat mövcud olmadığına görə assimlyasiya ləng gedirdi. 500 illik fars, bir o qədər ərəb işğalı xalqımızın dilindən başqa demək olar ki, heç nəyində dərin iz buraxmadı. Bəlkə, xarakterimizi dəyişiblər? Buna da inanmaq olmur. Sizə hələ heç kimin bilmədiyi bir faktı da xatırladım.

1848-ci ildə rus imperiyasına qarşı macar xalqı üsyana qalxanda çar I Nikolay üsyanı boğmaq üçün ora kimləri göndərmişdir? Bəli, Azərbaycan diviziyasını. Və bu diviziya macarlara elə bir divan tutmuşdur ki, Nikolay kimi əzazil bir monarx, tiran həmin diviziyanı rus imperiyasının ən yüksək ordeni və bayrağı ilə mükafatlandırmışdır.

Qəribə burasıdır ki, Güneydə də, Qüzeydə də bu xalqın elə bil bioloji tələbdən başqa heç nəyə zərrə qədər ehtiyacı yoxdur. Təsadüfi deyildir ki, neçə illər qabaq dünya xalqlarının azadlığa və ədalətə olan tələbatının dərəcəsinə görə azərbaycanlılar axırıncı yerdə qərar tutmuşdur. 

Güneydə və Qüzeydə xalqımızın və onun ayrı-ayrı az-çox passionar nüsxələrinin başına nə oyun açılırsa-açılsın, xalq tərəfindən heç bir etiraz və heç bir cavab aktı baş vermir. Kimi istəyirsən, hansı ailənin atasını, oğlunu və ya qızlarını həbs edirlərsə, nəinki bütövlükdə xalq, hətta həmin ailənin heç bir üzvündə zərrə qədər etiraza və qisas hissinə rast gəlmək olmur. Belə də insan olar? Bacısı tutulub həbs olunur, qardaşı bazarda alver etməklə məşğuldur. Təki pul çıxsın. Acgözlük, sərvət ehtirası o dərəcədə bu xalqın damarlarına, qanına, hüceyrələrinə işləmişdir ki, başına nə oyun açırsan-aç, heç bir reaksiya yoxdur.

Tarix millətləri dönə-dönə ayağa qaldırıb, ardınca irəli çağırıb, amma xalq yenə də toz-torpaq içində sərilib qalır.

Ona görə istər güneyli-qüzeyli biz, istərsə Orta Asiyanın digər türkdilli xalqları neçə yüzillərdir ki, Avropa səviyyəsində azad, firavan, ədalətli, demokratik bir həyata həsrət qalmışlar.

Nazarbayev, Özbəkistanın prezidenti İslam Kərimov və ya türkmən prezidenti Qurbanqulu Berdiməhəmmədov kimi bir diktator çıxıb xalqı minir və onunla istədiyi kimi rəftar edir. Halbuki, gözümüzün qabağında ərəb millətləri bu diktatorlardan qat-qat ədalətli və ləyaqətli olan İraq, Misir, Liviya diktatorlarının qazandıqlarını burunlarından gətirdilər və hamısını ya qətlə yetirib, ya da Mübarək kimi ömürlük qazamata saldılar.

Öz xalqlarından ağlasığmaz dərəcədə qorxan diktatorların belə, öhdəsindən gələ bilmirlər.

Əlisa Nicat