​Qorbaçovun erməni ideoloqunun SSRİ-də islahatı...

Baxış sayı:
1109

20 Yanvar hadisəsi əvvəl baş vermiş Tiflis və sonrakı Vilnüs olayları kimi SSRİ-ni qoruyub saxlamaq cəhdi idi.
Muxalifet.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, ona görə də Mixail Qorbaçovun guya Qərblə əlbir olaraq şüurlu şəkildə SSRİ-ni dağıtdığı haqda Rusiyada və ümumən postsovet məkanında populyar olan nəzəriyyə əsassızdır:
"Qorbaçov iflas etmiş bir ölkə təhvil almışdı. Aclıq və səfalət hökm sürürdü. Sistem tamamilə öz yarıtmazlığını sübut etmiş və tükənmişdi. Təsəvvür edin ki, 1980-ci ildə xammal (neft-qaz) satışından əldə olunan gəlirlər SSRİ büdcəsinin 67%-ni təşkil etmişdi. Neftin qiymətinin aşağı düşməyə başlaması iqtisadiyyatın çarxlarının dayanmasına səbəb oldu, mal və xidmətlərin defisiti yarandı. Ət, yağ, şəkər tozu və s. zəruri istehlak məhsullarının talonla verilməsi, yayın istisi, qışın soyuğunda əlində talon növbə gözləyənlərin sırasının mağazalardan kənara çıxaraq uzanması, boş piştaxtalar o dövrü yaşayanların yaddaşında acı xatirə kimi hələ də qalır. Sov. İKP MK-nın elan etdiyi “Ərzaq proqramı” fiasko ilə nəticələnmişdi. Ümidsizlik, çarəsizlik alkoqolizmə meyli artırırdı və təkcə rəsmi qeydə alınmış alkoqoliklərin sayı 21 milyon nəfər idi. Problem o qədər böyümüşdü ki, rəhbərlik alkoqolizmlə mübarizəyə başlayıb, üzümlükləri qırmağa başladı, bunun isə ziyanı yenə əhaliyə dəydi. Bütün bunların nəticəsində doğumun səviyyəsi də kəskin azalmış, gənclərin əhali arasında çəkisi buna müvafiq aşağı düşmüş, istehsalatda çalışanların yarıdan çoxu qadınlardan ibarət olmuşdu. Problemlər gizli iqtisadiyyata stimul vermiş və beləliklə, partnomenklaturaya yaxın olan qeyri-leqal sahibkarlar (sexovşik) təbəqəsi əmələ gəlmişdi".
Politoloqun sözlərinə görə, digər tərəfdən də Əfqanıstan avantürası, sosialist düşərgəsini ayaqda tutmaq üçün sovet xalqının boğazından kəsib, həmin ölkələrə verilən yardımlar, ABŞ-la silahlanma yarışı xəzinənin sürətlə boşalmasına səbəb olurdu:
"Qorbaçova qədər ABŞ-ın ümumi daxili məhsulu SSRİ ÜDM-ni 3 dəfə üstələmişdi. Qorbaçov belə bir ölkənin başına gəldi və vintləri müəyyən qədər boşaldıb islahatlara getmək, Qərblə dil tapmaqdan başqa çarə görmədi. Ardıcıl iqtisadi islahat həmlələri edildi, əvvəlcə Aqanbeqyan, sonra Rıjkov-Abalkin planları ortaya çıxdı, bunlar nəticə vermədikdə tənzimlənən bazar iqtisadiyyatına keçidə cəhd edildi, Yavlinski və Şatalin tərəfindən hazırlanan liberal “500 gün” proqramı da qismən diqqətə alınaraq ortaq bir iqtisadi proqram masaya qoyuldu, amma faydası olmadı".
Politoloq vurğulayıb ki, siyasi yumşalma isə o zamana qədər basqı altında tutulan müttəfiq respublikalarda vəziyyətin nəzarətdən çıxmasına, milli azadlıq hərəkatlarının cücərib vüsət almasına səbəb oldu:
"KQB bu prosesləri nəzarət altına almağa və idarə etməyə cəhd göstərdi, güc tətbiqinə getdilər, qan tökdülər, lakin cin artıq şüşədən çıxmışdı. Ucsuz-bucaqsız ölkəni yığıb-yığışdıra bilmədilər və çöküş gerçəkləşdi".