"Qonşunu çağırıb ki, hasarının dibində nəsə yanır" - 10 yaşlı qızın DƏHŞƏTLİ QƏTLİ

Baxış sayı:
3058

Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 10 yaşlı Nərmin Quliyevanın "qəsdən öldürülməsi" ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluq məlumat yayıb ki, azyaşlının yanmış meyiti aşkar edilən kimi hüquq-mühafizə orqanlarının əməkdaşları Tovuz rayonuna ezam olunublar.

10 yaşlı Nərmin Quliyeva noyabr ayında itkin düşüb. "Valideynlərinin deməsinə görə, uşaq günorta saat 3-4 arasında evdən çıxıb əmisigilə gedib, bir də axşam xəbər tutublar ki, qız yoxdur", Tovuz rayonun Dondar Quşçu bələdiyyəsinin sədri Elmar Mürşüdov BBC News Azərbaycancaya deyib.

Onun sözlərinə görə, indiyədək bu kənddə hər hansı uşaq itməyib: "Kənddə evlər sıx-sıxdır, günorta vaxtlarında da çöldə-bayırda adam olur", o bildirib.

Nərmin Quliyevanı heç yerdə tapa bilməyəndən sonra ailə polisə müraciət edib: "Polis gündə kənddəydi. Bütün evləri axtarıb, hətta ot tayalarına kimi baxırdılar. Axtarışlar kənddə də, rayonun başqa kəndlərində də gedirdi. Polis hər gün təkrar-təkrar qayıdıb qonşuların evlərini, həyətyanı sahəsini yoxlayırdı", Elmar Mürşüdov əlavə edib.

Bələdiyyə sədri deyib ki, kənddə əhalinin sayı 4500-4600-dür. Onun sözlərinə görə, kənddə boş ev, qeydiyyatda olub kənarda yaşayan adam, demək olar ki, azdır.

Azyaşlının meyiti bazar ertəsi günü axşam saatlarında "təsadüfən tapılıb".

Elmar Mürşüdov deyib ki, azyaşlının meyitini qonşulardan biri tapıb: "Qonşu çölə çıxıb siqaret çəkməyə, görüb ki, o biri qonşunun hasarının dibində nəsə yanır, yaxınlaşıb. O da deyib birdən ev yanar, qonşunu çağırıb, deyib ki, hasarın böyründə nəsə yanır. O da torpaq töküb söndürüb. Sonradan görüblər ki, uşaq meyitidir. Polisə xəbər ediblər".

Tovuz Rayon Polis Şöbəsindən BBC News Azərbaycancaya bildirilib ki, noyabrın 21-də itkin düşmüş azyaşlının tapılmamasından bir neçə gün sonra onun qəsdən öldürülməsindən şübhələr olub və ona görə də iş Baş Prokurorluğa verilib.

Noyabrın axırından bəri azyaşlının izini niyə tapmaq mümkün olmayıb? Baş Prokurorluğun mətbuat xidməti yaydığı son məlumatda bildirib ki, azyaşlı itkin düşəndən sonra Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb ediliblər.

Baş Prokurorluq bildirib ki, azyaşlının atası Şərif Quliyev 2019-cu il noyabrın 21-də saat 14:00 radələrində özünə məxsus gödəkçəni gətirmək üçün qızı Nərmin Quliyevanı həmin kənddə yaşayan qardaşının evinə göndərmiş və Nərmin Quliyeva əmisinin evinə gedib oradan çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb.

Nərminin meyitini bir kənd sakinin aşkar etdiyini deyən Baş Prokurorluq hadisəni törədənlərin tapılması üçün intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin keçirildiyini bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) adının çəkilməsini istəməyən əməkdaşının BBC News Azərbaycancaya verdiyi məlumata görə, 2018-ci ilin ilk 9 ayının nəticələrinə görə, Azərbaycanda məişətdə baş vermiş cinayət hallarının 135-i özünü öldürmə həddinə çatdırma ilə bağlıdır: "Bunlardan 112 faktda qadın özünü öldürüb. Onlardan 11-i azyaşlı qızlar" olub.

Rəsmi statistikaya görə, 2017-ci ilin doqquz ayı üzrə məişət zorakılığı üzrə cinayət halları 700-dən çox, 2018-ci ildə isə 700-ə yaxın olub.