Qonşularını qətlə yetirən şəxsi polis yaxaladı

Baxış sayı:
4354

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün rayon sakinləri Teymur Sadıqovu və Kamran Yaqubovu qətlə yetirməkdə şübhəli bilinən rayon sakini, 42 yaşlı Firqət Əliyev saxlanılıb.

F.Əliyev Sabirabad rayon ərazisində Teymur Sadıqovu bıçaqla qətlə yetirib, sonra Saatlı rayonuna gedərək K.Yaqubovu da qətlə yetirib. O, hadisə yerindən uzaqlaşarkən keçirilən istintaq-axtarış tədbirləri ilə saxlanılaraq Sabirabad RPŞ-yə gətirilib.

Dindirilmə zamanı F.Əliyev törətdiyi cinayətləri etiraf edib. Qətlləri törədərkən istifadə etdiyi bıçaq ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Sabirabad və Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

*   *   *12:27

Bu gün səhər saatlarında Sabirabad şəhərinin “Pambıq zavodu “ məhəlləsində və Saatlı rayonun Sarıcalar qəsəbəsində eyni şəxs tərəfindən bıçaqlanma hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosuun məlumatına görə, Sabirabad rayonunun Vidadi küçəsində yaşayan 40 yaşlı Firqət Əliabbas oğlu Əliyev əvvəlcə Saatlı rayonunun Sarıcalar qəsəbəsinə gedərək orada dəmir yolunda işləyən qonşusu Kamran Elniz oğlu Yaqubovu (30-35 yaşlarında) bıçaqlayaraq qətlə yetirib.

Sonra o, yaşadığı Sabirabad rayonuna qayıdaraq “Pambıq zavodu” məhəlləsində qonşusu Teymur Əlikişi oğlu Sadıqovu (30-35 yaşlarında) bıçaqlayaraq eyni üsulla qətlə yetirib.

Qətl hadisələrini törətmiş Firqət Əliyev Sabirabad RPŞ-ə gələrək könüllü təslim olub. Hazırda hadisə yerlərində hüquq-mühafizə əməkdaşlarından ibarət qrup işləyir.

Hələlik qətllərin hansı səbəbdən törədildiyi məlum deyil.