Qonşu ölkədə yeni partiya yaradıldı

Baxış sayı:
2251

Gürcüstanda yeni “Qanun və hüquq” adlı, qərbyönümlü, sağ mərkəzçi siyasi partiya yaradılıb.
Muxalifet.az azərtac-a xəbər verir ki, martın 10-da Tiflisdə partiyanın təsis qurultayı keçirilib. Qurultayda 11 siyasi partiyanı özündə birləşdirən “Güc birlikdədir” blokunun və digər siyasi partiya və hərəkatların üzvləri iştirak ediblər.
Partiyanın sədri Tako Çarkviani çıxışında deyib: “Məqsədimiz ölkəni düşdüyü ağır vəziyyətdən xilas etməkdir. Bunun üçün elə edəcəyik ki, bütün siyasi partiyalar bizim sıralarımıza qoşulsunlar”.
Qurultayda partiyanın prioritet istiqamətləri açıqlanıb.
Siyasi partiya ilk növbədə korrupsiya əleyhinə qanun hazırlayacaq. Çalışacaq ki, korrupsiya hərəkətləri ilə yanaşı, korrupsiya mentaliteti də cinayət məsuliyyətinə səbəb olsun.
Siyasi partiya həmçinin, yaxın vaxtlarda Gürcüstanın regional inkişaf planını və soydaşların ölkəyə qayıtmaları üçün proqram hazırlayacaq.
Partiya ölkə ərazilərinin işğal faktı ilə barışmayacaq, işğal əleyhinə hərəkat yaradacaqdır.
Qanun və Hüquq Partiyası bütün qərb yönümlü partiyalarla əməkdaşlıq edəcəyini bəyan edib.
Tako Çarkviani bildirib ki, partiya tam müstəqil olacaq, siyasi qurumun fəaliyyəti, maliyyələşməsi tam şəffaf olacaq.
Qanun və Hüquq Partiyasının sədri pianoçu və publisistdir, məşhur gürcü şairi Cansunq Çarkvianinin qızıdır.
Tako Çarkviani 2018-ci ildə prezident seçkilərində Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzenin təbliğat kampaniyasında fəal iştirak edib.