Qondarma Dağlıq Qarabağda hərbi xunta rejiminin ÇÖKÜŞÜ

Baxış sayı:
3346

1991-ci ildən Azərbaycan Respublikasının ərazisində qondarma “Dağlıq Qarabağ rejimi” adlı etnik separatçı siyasət yürüdən hərbi xuntanın son həftə ərzində iflasa uğraması prosesinə başlanılıb. Bölgədəki prosesləri müşahidə edən analitiklərin fikrincə 2018-ci ilin aprel ayında Ermənistanda 1998-2018-ci illərdə hakimiyyətdə olmuş hərbi xuntanın çöküşündən sonra, Robert Köçəryan və Serj Sərkisyanın tərəfdarlarının tamamilə iflasa uğramasının ardında indi də bu proses Dağlıq Qarabağda davam etməsi gözlənilən bir sıra nəticələrə gətirib çıxarmaqdadır. İndiki məqamda qondarma rejim bu iflasın gerçək səbəblərini mümkün qədər gizlətməyə çalışsa da, “kadr islahatları” adı altında prosesin qapalılığı üçün cəhdlər göstərsə də, artıq bu yalanlara kimsə inanmır. Bununla yanaşı, erməni cəmiyyəti faktiki olaraq təlaş içindədir.

Xankəndində rejimin iflasa uğrmasının səbəbləri

Ötən həftə qondarma rejimin prezidentinin ən etibarlı müşaviri Artur Ağabekyan, sonra da “təhlükəsizlik şurası”nın katibi Levon Mnatsakyanın tutduqları vəzifədən istefaya göndərilməsi çox böyük skandallara səbəb oldu. Bunun ardınca isə, qondarma rejimin ən iddialı kadrlarından biri sayılan, Qarabağ müharibəsində tanınmş səhra komandiri kimi dəyərləndirilən Vitali Balasanyan da istefaya göndərilibdir. İrəvan və Xankəndindəki siyasi müşahidəçilərin fikrincə bu üç “önəmli” kadr ötən il İrəvanda “aprel inqilabı”ndan sonra hakimiyyətə gələn yeni siyasi gücün ilk dəfə olaraq mülki cəmiyyətin qurulmasına qarşı kəskin etiraz nümayiş etdirmişlər. Halbuki, Artur Ağabekyan, Levon Mnatsakyan və Vitali Balasanyanın Xankəndi və İrəvanda xeyli sayda keçmiş döyüşçülərdən ibarət tərəfdarları var idi. Erməni separatizminin qatı tərəfdarları bu üç şəxsin hakimiyyətdən uzaqlaşdırılmasını “odun üstünə yağın tökülməsi” kimi dəyərləndirirlər. Bununla yanaşı qondarma Dağlıq Qarabağın rejiminin rəhbərliyi Vitali Balasanyanı bölgənin polis idarəsi rəisi vəzifəsinə təyin etməklə coşmuş ehtirasları soyutmağa çalışır. Digər yandan isə, V. Balasanyanın son dəfə İrəvana gedərkən gedərkən Ermənistan polisinin onun maşınını yoxlamaq və şəxsiyyətini müəyyən etmək bəhanəsi ilə xeyli müddət yolda saxlaması iki tərəf arasında gərginliyə səbəb olmuşdu. Halbuki, Vitali Balasayan uzun müddət Dağlıq Qarabağ rejiminin hərbi qüvvələrinin baş qərargah rəisi olduğunu hər kəs bilirdi. Digər tərəfdən isə, növbəti prezident seçkilərində qondarma rejimin rəhbəri vəzifəsinə iddialı şəxslərdən biri sayılırdı.
Qondarma Dağlıq Qarabağdakı hərbi xunta rejiminin indiki rəhbəri Bako Saakyanın da istefaya göndərilməsi ilə bağlı son bir ayda Xankəndi, Xocavənd, Şuşa, və Əsgəran rayonlarında əhalinin mitinqləri keçirilib. Bunun əsas səbəblərindən biri də qondarma rejimin hökumətinin İrəvan hökuməti tərəfindən büdcənin maliyyələşdirilməsi üçün bəzi problemlərin yaranmasıdır. Ermənistanda hərbi xunta rejiminin devrilməsindən sonra hakimiyyətə gəlmiş mülki cəmiyyət siyasətinin tərəfdarları ilə qondarma Dağlıq Qarabağ rejimi arasında son bir ildə yaşanılan soyuq münasibətlərin gərginləşməsi yeni böhrana yol açıbdır. Xankəndində yenicə yaranmış “Milli Dirçəliş Partiyası” qollarını çırmalayaraq Bako Saakyanın istefasını tələb edən aksiyalara keçirməyə başlayıbdır. B. Saakyan və onun tərəfdarları isə, bildirirlər ki, onun prezidentlik dönəmi 2020-ci ildə tamamlanır və qanunla həmin vaxta kimi toxunulmazlıq statusu qorunmalıdır. Beləliklə ilk dəfə olaraq qondarma Dağlıq Qarabağ rejiminin monolitliyi görüntüsü də iflas durumu həddinə çatıbdır.

Nikol Paşinyan Xankəndinə təsir vasitələrini işə salıb

Xankəndində qondarma rejimin pezidenti statusunu daşıyan Bako Saakyanın faktiki olaraq heç kimsə sevmir. Bunun səbəbi isə, onun qondarma rejimin və Ermənistanın sabiq müdafiə naziri və prezidenti olmuş Serj Sərkisyanın ən etibarlı kadrı olması ilə izah edirlər. Bako Saakyan da Serj Sərkisyan kimi kinli və xalqa aşağılayıcı bir tərzdə yuxarıdan baxmaq kimi xəstəliyinin olmasıdır. Digər yandan isə, Bako Saakyanın nəinki 2020-ci ilə kimi, hətta 2030-cu ilə qədər hakimiyyətdə qalmaq ehtirasını kimsə qəbul etmir. B. Saakyanın əleyhdarları bildirirlər ki, o saxta yolla prezident seçilibdir. 2007-ci ildə onu bu vəzifəyə İrəvanın təzyiqləri ilə Serj Sərkisyan təyin edibdir. 12 ildir bölgəni heç nə olmamış kimi idarə edən Bako Saakyan qəddar xisləti ilə hərbi xunta siyasətinin ən qatı tərəfdarı kimi ad çıxarıbdır. Xankəndində əhalinin fikrincə ötən il İrəvanda baş vermiş “məxməri inqilab” onlarda yeni ümidlərə səbəb olubdur. Çünki, hərbi xuntanın sayəsində erməni əhalisi daim qorxu altında yaşamağa məcbur edirlir. Hərbi xuntanın rəhbərliyinin apardığı siyasətə görə, bu gün İrəvanda kimsə Dağlıq Qarabağ əhalisini sevmir. Bütün bunları nəzərə alaraq, ümidlər Ermənistanın baş naziri Nikol Paşiyana doğru çevrilibdir. Xankəndindəki erməni əhalisi artıq “hərbi rejim” şəraitində yaşamaq istəmirlər. Onlar da İrəvandakı kimi mülki cəmiyyət siyasətinin şərtlərinə uyğun həyat tərzini tərcih edirlər.
İrəvanda dərc olunan “Araçin Lradvakan” qəzetinin son sayında açıq şəkidə qeyd olunur ki, baş nazir Nikol Paşinyan Ermənistan və Dağlıq Qarabağdakı hərbi hissələrdə Serj Sərkisyana bağlı olan bütün kadrların uzaqlaşdırılması prosesinə başlayıbdır. Belə ki, Dağlıq Qarabağın müdafiə nazirinin müavini general-leytenant Vardan Balayan, hərbi səhra komandirləri şurasının komandanı general-mayor Levon Mnatsakyan və general-mayor Samvel Karapetyan artıq istefaya göndəriliblər. İrəvandakı siyasi kulislərdə gəzib dolaşan bilgilərə görə, Nikol Paşinyanın atdığı bu addımlar əslində Dağlıq Qarabağın lideri Bako Saakyanın tərk-silah edilməsi siyasətinə xidmət edir. Beləliklə də “məxməri inqilabı”n gətirdiyi yeni siyasətlə hakimiyyətə qarşı gözlənilən hərbi çevriliş tərəfdarları tutduq ları vəzifələrindən kənarlaşdırılırlar.

ABŞ-ın Ermənistan-İran sərhədlərinə marağının səbəbləri

2018-ci il aprel seçkilərinin nəticəsində “Daşnaksütyun Partiyası” İrəvanda məğlubiyyətə uğramaqla yanaşı, həm də ilk dəfə Ermənistanda bu siyasi avantüra partiyasına əhali “YOX!!!” dedi. Ona görə də daşnaklar partiyanın mərkəzi qərargahını İrannın paytaxtı Tehrana köçürmək qərarını verdilər. Çünki, Suriyada İranın himayəsi altında olan 120 minlik “Hezbollah Ordusu” və 47 minlik yerli ermənilərdən ibarət “Erməni Fədai Ordusu” daşnakların Yaxın Şərq və Qafqaz siyasətində himayədarı statusu ilə çıxış edirlər. Bu da təbii olaraq, ABŞ və onun müttəfiqlərinin nəzərindən qaça bilməzdi. Digər yandan isə Dağlıq Qarabağ probleminin həll edilməməsi və dondurulmuş vəziyyətdə qalması üçün daşnaklar Suriyadakı “Erməni Fədai Ordusu”nun sayəsində yeni avantüralara əl atmaq üçün Tehranda məskunlaşmaq qərarını məhz buna görə vermişdilər. Tehran rejimi çox yaxşı dərk edir ki, ABŞ və müttəfiqlərinin ona qarşı embarqo tətbiq etməsi bu ölkənin sərhədlərində yerləşən ölkələrə bağlıdır. Suriyanın Hələb, Qamışlı, Deyr əz Zor, Kesab, Tartus, Homs, Latakiya, Ras əl Ayn, Cəzirə, Hasicə, Terik, Düzağac, Esquran, Çinar, Çahalceh, Kərkun, Ekizli, Baxçağac, Karaduran, Karadaş və digər bölgələrində yaşayan ermənbilər 1960-cı illərdən “Daşnaksütyun Partiyası”nın standartları çərçivəsində həyat nizamına uyğunlaşıblar. Bu gün Tehranda mərkəzi qərargahını yaradan daşnakların əsil məqsədi Dağlıq Qarabağ probleminin həlli istiqamətində gündəmə gələn proseslərin qarşısını almaq üçün, Suriyadakı könüllü döyüşçülərini, yəni fədailəri Dağlıq Qarabağda istənilən an yerləşdirmək taktikasını sərgiləyir. “Qarabağ böhranı”nın uzanması isə, həm də Tehran rejiminin maraqları ilə üst-üstə düşür. Bir sözlə ABŞ və müttəfiqlərinə əngəl olmaq hədəflərini sərgiləyirlər. İrəvanda “məxməri inqilab”dan sonra hakimiyyətə gəlmiş yeni nəzil siyasətçilərinin Qərb yönümlü baxışları həm də ABŞ-ın maraqları ilə uzlaşan bir anlamdır. ABŞ-ın bu gün ehtiyatlı şəkildə Ermənistan-İran sərhədlərini incələməsi də bu hədəfləri dəqiqləşdirmək və qiymətləndirmək marağına xidmət edir. Qərbin nəhəng şirkətlərinin Cənubi Qafqazda təhlükəsizlik strategiyasının tərkib hissəsi olan “İpək Yolu” vasitəsilə TransXəzər enerji resurslarının dünya bazarına çıxarılması ideyası həm də beynəlxalq miqyasda alternativ nəhəng iqtisadi layihələrin həyata keçirilməsi deməkdir. Bunun üçün, “etnik separatizm”, “terrorizmin tüğyan etdiyi”, “dini təriqət və məzhəblərin savaş bölgələri” tipli süni qarşıdurma məkanlarına son verilməsi strateji hədəflərdən biridir.

Etirazlar dalğasının sonu və iflası

Nüfuzlu “EADaily” nəşrinin son araşdırmalarına görə, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra, uzun müddət İrəvan və Xankəndindəki “hərbi xunta” rejiminin tərəfdarlarının dəyişəcəyinə ümidlər bəsləyirdi. Onlar yaranmış fürsəti dəyərləndirmək əvəzinə, mülki cəmiyyət ideyasına qarşı çıxmaq üçün bir sıra aksiyalara əl atmağı tərcih etdilər. Buna görə də Nikol Paşinyan cəmiyyhəti sdəfərbər edərək, bir sıra sərt addımları atmağa başlayıbdır. Bu, ilk öncə Konstitusiya Məhkəməsində, Polis İdarəsində, Müdafiə nazirliyində müəyyən qədər xüsusi çəkisi olan və hərbi xuntanın qatı tərəfdarlarını küncə sıxışdırmağa başlayıbdır. Hətta onların könüllü şəkildə istefa verməyəcəkləri təqdirdə, keçmişdə törətdikləri cinayət işlərini gündəmə gətirməklə həbs olunmaları təhdidləri açıq-aşkar görünür. Buna görə də, bəziləri istefaya getsə də, digər iri çəkili məmurlar gizli şəkildə Serj Sərkisyan və Robert Köçəryana dəstək verməkdə davam edirlər. Xüsusilə “Qarabağ kartı”ndan məharətlə istifadə edərək əhalini qanuni hökumətə qarşı körükləmək üçün fürsət axtardıqlarını gizlətmirlər. Son aylarda bir sıra etiraz aksiyalarının keçirilməsi də məhz bu məqsədlərə xidmət etdi. Ancaq, hədəflərinə hələ ki, nail ola bilmirlər. Bunun əsil səbəbi isə, artıq cəmiyyət mülki idarəetmə düzənini müdafiə edir. “Hərbi xunta” rejiminin yaramzalıqlarının hansı bəlalara səbəb olduğunun fərqindədirlər. “Hərbi xunta” anlayşının aradan qalxması bu ideyanın tərəfdarlarının da iflasa uğrması ilə nəticələndiyi göz önündədir.

Ə. Yusifoğlu