Qohumları müxalifətçilərdən imtina etdi

Siyasi motivlərlə təqiblərə məruz qalaraq ölkədən didərgin düşərək hal-hazırda Fransada mühacir həyatı yaşayan ADP-nin üzvləri Ziyvər Rəhimova, onun oğlu Tural Həsənovun və Ziyvər xanımın ölkədə olan bacısı Xuraman Rəhimovanın bir qrup qohumları redaksiyamıza müraciət edib. Müraciət müəllifləri Abbasova Zümrüd, Rəhimova Suqura, Rəhimov Tahir və Rəhimov Mürsəl müxalifət partiyası sayılan ADP-nin üzvləri olan qohumları Ziyvər Rəhimova, bacısı Xuraman Rəhimova və Ziyvər Rəhimovanın oğlu Tural Həsənovdan imtina etdiklərini bildiriblər. Onlar mətbuat vasitəsi ilə dövlət orqanlarından anket məlumatlarında ADP-nin üzvləri Ziyvər Rəhimova, bacısı Xuraman Rəhimova və Ziyvər Rəhimovanın oğlu Tural Həsənovla yaxın qohumluq əlaqələrinin silinməsini xahiş edib:
“Həmin şəxslər bizim özümüzə və yaxın qohumlarımıza qara ləkədir. Əlavə olaraq bildirmək istəyirik ki, ADP-nin üzvləri Ziyvər Rəhimova və oğlu Tural Həsənov Fransada olduqları müddətdə orada Azərbaycan əleyhinə işləyən qüvvələrlə əməkdaşlıq etdikləri barədə məlumatımız var, bu baxımdan onlar ölkəyə gətirilib vətən xainləri kimi cəzalandırılmalıdırlar. Ziyvər Rəhimovın bacısı isə Xuraman Rəhimova da burda oturub ölkə prezidentinin çörəyini yeyə-yeyə ona qarşı asilik edir. Onların hərəkətləri nankorluqdur. Biz isə, cənab prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətini bəyənirik, dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik. ADP-nin üzvləri Ziyvər Rəhimova, bacısı Xuraman Rəhimova və Ziyvər Rəhimovanın oğlu Tural Həsənov kimi dövlətimizi sevməyən şəxslərə qarşı həmişə haqq sözümüzü demişik və bundan sonra da deyəcəyik. Bütün bunları nəzərə alaraq bəyan etmək istəyirik, bizi ADP-nin üzvləri Ziyvər Rəhimova, bacısı Xuraman Rəhimova və Ziyvər Rəhimovanın oğlu Tural Həsənovla artıq heç nə bağlamır”.
“Yuxarıda qeyd olunanlardan əlavə olaraq bildirmək istəyirəm ki, nəinki biz, hətta bizim ailə üzvlərimiz də respublikada gedən siyasi fəaliyyəti, inkişafı, cənab prezident İlham Əliyevin apardığı fəaliyyəti dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik. ADP-nin üzvləri Ziyvər Rəhimova, bacısı Xuraman Rəhimova və Ziyvər Rəhimovanın oğlu Tural Həsənov kimi respublikamıza xələl gətirən şəxslərə qarşı haqq sözünü, dövlətimizin siyasətini həmişə nəzərə çatdırmışıq və bundan sonra da öz ailə üzvlərimizlə birgə çatdıracağıq. Bu fikirlə bizim bütün ailə üzvlərimiz də razıdır. Onlar müraciəti yazarkən heç bir təzyiqə məruz qalmadıqlarını bildiriblər” – deyə, müraciətdə vurğulanır.
Redaksiyadan: Bu, Azərbaycanda nə ilk, nə də son haldır. Çünki daha öncə onlarla belə faktların şahidi olmuşuq, siyasi səbəblər ucbatından bu sayaq bəyanatları zaman-zaman eşitmişik. Bu hal istər ölkədə olan, istərsə də siyasi təqiblər üzündən ölkəni tərk edən müxalifət təmsilçilərinin timsalında özünü daha çox göstərib. Bundan sonra hansı azadlıqdan danışmaq olar? İnsanları 1937-ci il repressiyasında olduğu kimi öz qohumundan imtina məktubu yazmağa məcbur edirlər. Görün hətta ölkəni tərk edən, xaricdə olan vətəndaşlarımızdan əl çəkmirlər. Onlara əl çatmayanda ailə üzvlərini incidirlər.
 
Muxalifet.az