"Qoca"nın arvadı məhkəmədə dindirildi - "Mən onun işlərinə qarışmırdım..."

Baxış sayı:
1252

Müğənni Fədayə Laçın və həbs edilən digər şəxslərin məhkəməsi davam etdirilib.

Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində müğənni Fədayə Laçının ögey bacısı Telli Ağayeva ifadə verib.

Məlum olub ki, Telli Ağayeva Fədayə Laçının "Qoca" üçün istədiyi xüsusi açarı tapıb.

T.Ağayeva həmin vaxt dəmiryolu idarəsində işlədiyini və bacısının istəyi ilə ona açar verdiyini deyib. O, Fədayə Laçından açarı nə məqsədlə istədiyini də soruşub.

"Dedi ki, bir tanışının həyətində qəfəs var, onu açacaq. Mən də tapıb verdim. Həmin açar xüsusi açar deyil. Hər kəs əldə edə bilər. Qaz sayğacları və digər sayğacları da açmaq olur. Onu hər kəs əldə etmək olar".

T.Ağayeva bacısının şəxsi həyatından, Etibar Məmmədovla münasibətlərindən xəbərsiz olduğunu deyib.

Suallara cavab verən T.Ağayeva bu hadisədən sonra işdən çıxarıldığını deyib.

Məhkəmədə "Qoca"nın xanımı Mahizər Almazova da ifadə verib. O deyib ki, həbsdə olanlardan Əli Ağamini, Aqili, Fədayə Laçını tanıyır.

Mahizər Almazova "Qoca"ya bir neçə dəfə pul göndərdiyini deyib. Bildirib ki, həmin pulları "Qoca"nın dostları gəlib aparıb.

Həmin pulları isə öz qızıllarını sataraq əldə edib: "Qızılları mənə Etibar almışdı. Onun pulları ilə alınmışdı. Satıb ona göndərdim. Dedim ona xərcləyən, ehtiyacı var. Sonrası isə Allah kərimdir".

Suallara cavab verən M.Almazova "Qoca"nın pulu nə məqsədlə aldığı haqda dəqiq məlumatı olmadığını deyib:"Mən onun işlərinə qarışmırdım. Çünki bunu xoşlamırdı".

M.Almazova həyat yoldaşının Fədayə Laçınla münasibətlərindən xəbərsiz olduğunu da deyib.

Səs-küylü hadisə ötən il oktyabrın 23-də baş verib. Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Bildirək ki, mühafizə altından qaçan Əli Ağami həbs olunub, kriminal aləmdə "Qoca" ləqəbi ilə tanınan Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. "Qoca" ilə sevgi münasibəti olan müğənni Fədayə Laçın da ona kömək etdiyi üçün həbs edilib. Əli Ağami və "Qoca" adam öldürməyə görə həns edilmişdilər. Əli Ağami törətdiyi əmələ görə 19 il müddətinə azadlıqdan məhrum edilib.