​“Qoca”nı qaçıran taksiçinin həbs müddəti artırıldı - QƏRAR

Baxış sayı:
8929

Kriminal aləmdə “Qoca” ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunan taksi sürücüsü Məhəmməd Hacıyevin barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Nəsimi rayon Məhkəməsi təqdimatı təmin edib. Onun həbs müddəti daha iki ay uzadılıb.
Taksi xidməti göstərən Məhəmməd Hacıyev Günay Atakişiyeva ilə birlikdə məhbus Etibar Məmmədovun qaçmasına yardım göstərməkdə təqsirli bilinirlər. Onların hər ikisi Ağstafa rayon ərazisində həbs edilib, Etibar Məmmədov isə oradan qaçıb.
Hər iki şəxs Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, məhbus Əli Ağami və digər məhbus, “Qoca” ləqəbli Etibar Məmmədov ötən oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib.
Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında Etibar Məmmədovla Əli Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Əli Ağami Şirvanda həbs edilib. Etibar Məmmədov isə əməliyyat zamanı öldürülüb.
Cinayət işi üzrə müğənni Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Günay Atakişiyevanın həbs müddətinin artırılması barədə təqdimatla bağlı məhkəməyə müraciət edilməyib./Teleqraf/