Qoca Artur və onun komandası

Hökumətin fəaliyyəti iflic durumdadır

Nazirlər Kabinetinin sədri Artur Rəsizadə ildə bir dəfə 10-15 dəqiqəlik görünməklə sonradan səssizcə qeybə çəkilir. Sanki bu ölkənin baş naziri yoxmuş kimi sonardan it-bata düşür. Hakimiyyət çevrələrindən daxil olan məlumatlara görə, Artur Rəsizadə yaşının 80-ə yaxın olması səbəbindən ilin yarıdan çoxunu müalicə adı altında heç işə də çıxmır. Bəs belə bir vəziyyətdə Nazirlər Kabineti necə işləyir? Yaranmış durum onu göstərir ki, bütün nazirliklər və komitələr daha çox feodal qayda-qanunları prinsipi ilə fəaliyyət göstərir. Çünki hər bir hökumət strukturu daha çox “mərkəzləşdirilmiş” iş prinsipini əsas hesab edir. Məhz bu səbəbdən hökumətin müvafiq strukturları iflic vəziyyətindədir. Bunu sübut etmək üçün bir sıra faktları açıqlamaq zorundayıq.

Klinikaların sayı və şad evləri

Son 15 ildə ölkədə ən çox reklam olunan şəbəkə şadlıq evləri və restoranlar idisə,  Oqtay Şirəliyev səhiyyə naziri təyin olunandan sonra, indi onları klinikalar əvəz etmişlər. Vergilər Nazirliyinin məlumatına görə, Bakıda klinikaların sayı artır restoran və şadlıq evlərinin sayından 3-4 dəfə artmışdır. Yağışdan sonra göbələk kimi artmaqda olan bu qədər klinikanın açılmasının səbəbləri isə heç zaman araşdırılmamışdır. Hələ bu klinikaların keyfiyyətli iş əmsalı haqqında da heç bir incələmələr aparılmıır. Onların mövcudluğu haqqında yeganə məlumat isə “reklam” şəbəkəsində yer almalarından ibarətdir. Belə ki, hər klinikada bir neçə ağxalatlı professor oturaraq gecə-gündüz əhalinin necə talan olunması sallaqxanasının süzgəcini yaradıblar. Çünki, onların adicə qəbul qiyməti ən azından 50 manat civarındadır. Bunun ardınca isə pasientini müalicə etmək əvəzinə mənşəyi şübhəli olan xaricdə istehsal olunmuş bir yığın dərmanın respetini yazmaqla kifayətlənirlər. Ona görə ki, ölkədə istehsal olunan dərmanların heç biri “işə” yaramır. Göbələk klinikalarının digər fırıldağı isə onların texniki bazaları ilə öyünməsidir. Onda ortaya haqlı bir sual çıxır: Tibb elmləri doktoru və elmlər namizədisənsə və yaxud, həkimsənsə, bu qədər texniki avandanlığı nə üçün ortaya tökmüsən? 
Elə bu klinikaların çevrəsindəki aptek şəbəkələri, dərman ticarəti də vahid stukturdan ibarətdir. Çünki resept yazan həkim həmin dərmanların məcburi qaydada onun qeyd etdiyi aptekdən alınmasını israr edir. Sanki, bu həkimlər Hippokratın vicdanına deyil, onun cibinə and içiblər.
Dövlət xəstəxanalarında və polikliniklarında kadr siyasəti də bərbad haldadır. Guya həkimlər, digər tibb sahəsi mütəxəssisləri vakant yerlərdə işləmək üçün məcburi “test”dən keçməlidirlər. Buna görə də həmin yerlərdə çalışmaq üçün hökmən Bakıya, Səhiyyə Nazirliyinə ayaq döyməlisən. Rayon səhiyyə idarələrinin, xəstəxana və poliklinikaların baş həkimlərinin ixtiyarı yoxdur ki, gözətçi, sanitar, aşbaz, laborant belə işə götürsünlər. Kadr siyasətinin təşkili birbaşa nazir Oqtay Şirəliyevin “bığı”nın altından necə keçməkdən asılıdır.
Araşdırmalar zamanı bəlli olmuşdur ki, ölkəyə ixdal olunan qida mallarının əksər hissəsi tamamilə geni dəyişdirilmiş orqanizmlərdən ibarətdir. Digər yandan isə ölkə daxilində oliqarxların himayəsində olan aqrar sektorda da məhz geni dəyişdirilmiş bitkilərin əkinindən daha çox istifadə olunduğu üçün, insan orqanizmində böyük problemlər yaranır. Beləliklə müxtəlif xəstəliklərə düçar olmuş insan seli elə bu klinikalara axır. Səhiyyə Nazirliyi və oliqarxlar ölkə vətəndaşlarının bir tərəfdən canını alır, digər yandan da cibini soyaraq onları talan etməkdə “ANALOQ”u olmayan bir ölkə modelini tətbiq ediblər. Bəşər tarixində öz millətini bunca aşağılayan səhiyyə siyasəti hələ mövcud olmayıb. Məhz Oqtay Şirəliyev səhiyyə naziri təyin olunandan sonra Azərbaycanda belə bir siyasət gündəmə gəlmişdir. Nazirliyin laboratoriyaları ölkəyə idxal olunan və ya ölkə daxilində istehsal olunan dərman və ərzaq məhsulları haqqında heç zaman həqiqəti söyləməyib. Milyonlarla insan həyatı üçün ölüm saçan “terminator qidalar”ın ticarətinə Azərbaycanda rahatlıqla yol verilməsində birbaşa Səhiyyə Nazirliyi məsuliyyət daşısa da, baş nazir Artur Rəsizadədən əxz olunan susqunluq siyasətini Oqtay Şirəliyev bir estafet olaraq davam etdirir.

Vergilər, yoxsa töycü nazirliyi?

İaşə və ticarət sektorunda çalışan iş adamları bildirirlər ki, əvvəllər ildə bir dəfə onlardan iri məbləğdə “fond pulu” adı altında Vergilər Nazirliyinin müvafiq strukturları töycü yığardılar. Düz üç ildir töycü siyasəti artıq kvartalda bir dəfə olmaqla, elə əvvələr yığılan qeyri-rəsmi ödəmələr həcmində toplanılmaqdadır. Bu qanunsuz əməllərdən ən çox şikayətçi olan iş adamları isə iki qrupa bölünürlər. Onlar ya yaşlıdırlar və xarici ölkələrə köçmək fikrində deyillər, ya da həddindən artıq vətənpərvər insanlardırlar və birtəhər dözməklə başlarını dolandırırlar. Xırda və orta biznes strukturlarında çalışan iş adamları bildirirlər ki, onlar daim səksəkə içində yaşamağa məcburdurlar. Çünki istənilən anda onların biznesi əllərindən çıxa bilər. Yerli icra hakimiyyətlərindən savayı, nə az, nə çox, düz 23 dövlət stukturu hər ay onların boğazına çökür. Buraya vergilər, baytarlıq, xidməti, patentləşdirmə, sosial təminat,  yanğınsöndürmə, polis, bələdiyyə, maliyyə, torpaq, səhiyyə, ekologiya, arxitektura, antikorrupsiya, sanitar epidomologiya, prokurorluq, qızıl aypara, gömrük və digər müvafiq strukturlar da daxildirlər. Hələ bunlar azmış kimi, Respublika Həmkarlar İttifaqları Konfederasiyası və onun “ölməz”, “dahi”, “yenilməz” rəhbəri, ən nəhayət deputat Səttar Mehbalıyev də hücuma keçmişdir. Bu qədər stukturları yüksək səviyyədə razı salmaq isə iş adamlarından xüsusi istedad tələb edir. İş adamlarının ən çox narazı qaldıqları dövlət stukturu isə Vergilər Nazirliyidir. Çünki bu nazirliyin müfəttişlərinin gündə bir hoqqa ilə onları soymaları, töycü məzənnələrinin həcminin artırılması əsil məşəqqət və işgəncə deməkdir. Faktiki olaraq sahibkarlıqla məşğul olan işadamlarının hamısı qanunla dövlətə lazım olan vergiləri ödəyirlərsə, onda bu əlavə vergi, yəni töycü nə üçündür? Nazir Fazil Məmmədov elə bil ki, töycü nazirliyi yaratmış və özü də ölkənin töycübaşı olaraq ən ali rütbəli məmurudur...

 “Kazarma kommunizmi” və...

“Kazarma kommunizmi” ideyası ilk “Qırmızı kxmerlər” rejiminin diktatoru Pol Pot tərəfindən ötən yüzilin 60-70-ci illərində Kampuçiyada ortaya atılmışdır. Onun yaratmış olduğu rejimdə adicə kənd bələdiyyəsi üzvü prezidentin təyinatı sayəsində mümkün ola bilərdi. Kəndlərdə adicə meşəbəyi, elektrik, dükanda satıcı, klub gözətçisi, anbardar belə Pol Potun qərarı və imzası ilə bu vəzifələrə təyin olunurdular. İndi baxalım və görəlim Azərbaycanın gözəl, inkişaf etmiş və analoqu olmayan təhisl siyasəti ilə Kampuçiya arasında hansı ortaq nöqtələr var? Bəlli olduğu kimi rayon və şəhərlərdə yerli təhsil idarələri mövcuddur. Bu idarələrdə müvafiq stukturlar qanunla yerli təhsil siyasətini həyata keçirməlidirlər. İndi təhsil idarələrinin bütün səlahiyyətləri onların əlindən alınmış və bu funksiyalar təhsil nazirinin özü tərəfindən icra olunur. Belə ki, rayon təhsil idarələrinin orta məktəblərə adicə gözətçi, ocaqçı, bağban, aşbaz, ibtidai sinif müəllimi və digər yuxarı səviyyəli kadrları təyin etmək, zəruri təmir ehtiyaclarını həyata keçirmək hüquqları birbaşa təhsil nazirinin inhisarına keçmişdir. İndi Azərbaycanda orta hesabla 3 mindən yuxarı orta məktəb var. Təbii olaraq təhsil sahəsində bu yöndə müvafiq kadrlarla təmin olunma siyasətini hər zaman yerli təhsil idarələri tənzimləyirdilər. O da bəllidir ki, ən xırda dövlət qulluğu vəzifəsində çalışmağın xüsusi “məzənnəsi”, “test” sisteminə daxil olan pərdəarxası “zəruri xərcləri” vardır. Deməli, korrupsiya və rüşvətin “mərkəzləşdirilmiş” qaydada “bir pəncərəli” üsulla tətbiq olunmasının monopoliyasının piramidası beləcə yaranmışdır. Təhsil nazirinin Pol Potdan fərqi ondadır ki, Kampuçiyada müəllim, gözətçi, sanitar, bufetçi olmaq üçün heç kimə rüşvət ödənilmirdi. Hələ məktəb direktoru, təhsil idarəsinin müdiri olmaq haqqında incələməyə ehtiyac görmürük.
Qonşu Gürcüstanda təhsil idarələri yerli bələdiyyələrin stukturlarından biri kimi fəaliyyət göstərir. Bununla yanaşı məktəb direktorları müəllim, valideyn və yuxarı sinif şagirlərindən ibarət Məktəb Şuralarının qərarı ilə seçilirlər. Bu şuranın qərarı ilə işə müəllim götürülür və ya azad olunur. Azərbaycanda isə təhsil naziri sanki Pol Pot, müəllimlər də “qırmızı kxmerlər” funksiyasını icra edirlər. Beləliklə də Azərbaycan sayağı “kazarama kommunizmi” siyasəti öz reallığını tapmışdır.

Məmləkətin digər müvafiq dövlət stukturları da yuxarıda adlarını sadaladığımız səhiyyə, vergilər və təhsil nazirliklərinin apardıqları siyasətə uyğun fəaliyyət göstərirlər. Elə buna görə də nazirlər kabineti və onun baş naziri Artur Rəsizadə ölkəni iflic duruma salmışlar. Analoqu olmayan inkişaf əslində, analoqu olmayan rüşvət, korrupsiya və traybalizmin ən pik həddə çiçəklənməsi ilə müşahidə olunur. Belə olmasaydı, adicə bir körpünün tikintisinə ayrılmış yüzmilyonlarla manat göyə sovrulmazdı. Ölkə büdcəsinə dəyən yüz milyonlarla manat zərərə görə isə baş nazir Artur Rəsizadənin heç tükü də tərpənmir. Mədəni ölkələrdə hər hansı bir nazir xırda qüsuruna görə dərhal istefaya göndərilir. Avropa ölkələrində 1 km. yolun inşaatına sərf olunan maliyyənin həcmi 1-3 milyon dollar arasında dəyişirsə, Azərbaycanda 1 km. yolun salınması üçün 12-15 milyon manat xərclənir. Bunca miqyasda talançılıq siyasəti məhz baş nazir Artur Rəsizadə tərəfindən lal baxışla müşaiyət olunmaqdadır. Bir iş adamının ironik şəkildə qeyd etdiyi kimi: “Artur və onun komandası ölkəni 21-ci yüzilin deyil, ötən yüzilin 70-ci illərinə sürükləməklə  tarixdə analoqu olmayan bir hökumət yaratmışlar. Hələ tarixdə görünməyib ki, hansısa bir dövlət irəliyə doğru deyil, geriyə, özü də plantator rejimlərinə xas olan bir dönəmə üz tutsunlar. Belə bir təcrübə ilk dəfə olaraq Azərbaycanda tətbiq olunmuşdur. Çünki Artur və onun komandası bundan başqasını görmür”.

muxalifet.az