Qobustan həbsxanasının məhbusu aclıq edir

Qobustan həbsxanasında ömürlük həbs cəzası çəkən Vüqar Əliyev martın 2-dən ağzını tikərək aclıq edir. Məhbus bu şəkildə barəsində çıxarılmış ağır cəzaya etiraz edir. Bu barədə onun valideynləri bildirib.

Əliyev 17 il əvvəl əks-səda doğurmuş Şəmkirin İcra Hakimiyyəti başçısı Aslan Aslanovun oğlunun qətli işi üzrə cinayət məsuliyyətinə cəlb edilib.

Bu qətl, iddialara görə, namusun qorunması zəminində törədilmişdi. Elə həmin vaxt V.Əliyevin sevgilisi Lamiyə Quliyeva da məsuliyyətə cəlb olunmuşdu. Əliyev ömürlük həbsə, Lamiyə isə 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Amma 2015-ci ildə o, hamiləliklə əlaqədar vaxtından əvvəl azad edilmişdi.

Əliyevin valideynləri hesab edirlər ki, oğulları həddindən artıq ağır cəzaya məhkum edilib, belə ki, onun təqsirli bilindiyi 120.1-ci (qəsdən adam öldürmə) maddə üzrə Azərbaycanda heç kim ömürlük həbs edilməyib. Bu cəza iki və ya daha artıq şəxs öldürüldükdə verilir.

Valideynləri hesab edirlər ki, öldürülən şəxsin atası dövlət məmuru mövqeyindən istifadə edərək, istintaqa təzyiq göstərib.

Məhkum işinə yenidən baxılmasını və cəzasının yüngülləşdirilməsini tələb edir. Valideynləri də videomüraciətlərində Azərbaycan prezidentindən işə yenidən baxılmasında və cəzasının 17 ilini çəkməsi ilə əlaqədar Əliyevin azad edilməsində və ya əfv olunmasında köməklik göstərməyi xahiş edirlər./Turan