Qobustan həbsxanasının məhbusları su qıtlığından əziyyət çəkirlər

Qobustan qapalı həbsxanada saxlanılan məhbuslar bu qızmar yay günlərində su çatışmazlığından əziyyət çəkirlər. Həbsxanaya gün ərzində iki saatdan bir su verilir, o da fasilə ilə.
Bu barədə Qobustan həbsxanasında saxlanılan məhbuslar vəkil Yalçın İmanova bildiriblər.
"Əksər kameralarda məhbuslar suyu vedrə ilə daşıyırlar. Qobustan həbsxanasındakı kameralarda yarıya qədər divarla ayrılmış açıq tualetlər var. Yayın qızmarında, belə şəraitdə suyun olmaması ciddi çətinliklər yaradır", - vəkil qeyd edib.
Məhbusların sözlərinə görə, rəhbərlik su problemini həbsxananın suya olan borcuyla izah edir.
Ombudsmanın nümayəndələri gəlməmişdən öncə "kars" otaqlarını təmir ediblər.
Avqustun 17-də Y. İmanov Qobustan həbsxanasında hüquqlarını müdafiə etdiyi şəxslərdən "Müsəlman Birliyi" Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə, onunla birlikdə həbs olunmuş Nardaran məhbusu Abbas Hüseynov və Azərbaycan İslam Partiyasının lideri, cəzasının qarşıdakı üç ilini qapalı həbsxana rejimində çəkmək üçün bir müddət əvvəl ora göndərilən Mövsüm Səmədovla görüşüb.
A. Hüseynov görüş zamanı bildirib ki, bir neçə gün əvvəl Ombudsman Aparatının nümayəndələri, Penitensiar Xidmətin Elçin adlı şöbə rəisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ayrı-ayrılıqda ona baş çəkiblər. A.Hüseynov həbsxanada ona verilən işgəncələr haqda detallı danışıb, üzərindəki işgəncə izlərini göstərib.
Onun sözlərinə görə, işgəncələr məsələsi ictimailəşdikdən və Ombudsman Aparatının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin Qobustan həbsxanasına gələcəyi bəlli olandan sonra hazırlıq işləri başlayıb. Ombudsman Aparatının nümayəndələri gəlməmişdən əvvəl ona təzə paltar verilib, avqustun 9-da cərimə təcridxanasından ("kars") çıxarıb, 2 "kars" kamerasını və karantn otağını təmir ediblər.
Ombudsman Aparatının nümayəndələri getdikdən sonra isə A. Hüseynov yenidən təmirsiz "kars" otağına salınıb.
Avqustun 12-də Penitensiar Xidmətin şöbə müdiri ilə görüşdə A.Hüseynov başına gələnləri şifahi şəkildə danışmaqla yanaşı, həm də bu haqda ərizə yazıb.
Avqustun 15-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları həbsxanada məhbuslara baş çəkiblər. Onlar A.Hüseynovla yanaşı T. Bağırzadə və M. Səmədovla görüşüblər. Həmçinin Penitensiar Xidmətin şöbə rəisi T. Bağırzadə ilə görüşüb.
A.Hüseynova verilən "kars" cəzasının müddəti avqustun 13-də bitib. O, avqustun 14-də karantinə, ardınca da korpusa köçürülüb. Ona deyiblər ki, "qalxacaqsan korpusa, burda problemli adamlar var", bu da məhbuslar tərəfindən açıq təhdid kimi qəbul olunub.
"Abbas Hüseynov xeyli arıqlayıb. O, həbsxanada verilən qidaların lazımi keyfiyyətdə olmadığını və bu səbəbdən də həmin yeməkləri yeyə bilmədiyini deyir. Abbas hazırda 8 nəfərlik kamerada saxlanılır", - vəkil bildirib.