QMİ-dən seyidlik vəsiqəsi ilə bağlı – Açıqlama

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının əsasnaməsində qazıların belə bir sənəd vermək hüququ nəzərdə tutulmayıb.
 
Bu barədə Teleqraf.com-a açıqlamasında QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova qurumun qazısı Hacı Mirqiyas Təhməzovun Tağıyev Elnur Mirverdi oğluna “Seyid Ağa” vəsiqəsi verilməsi ilə bağlı yaranan qalmaqala münasibət bildirərkən deyib.
Rəhimə Dadaşova belə bir sənəd verilməsini qazının şəxsi təşəbbüsü adlandırıb. Onun sözlərinə görə, möhür də sübut edir ki, sənəd idarənin deyil, qazının öz möhürüdür.
Qeyd edək ki, Hacı Mirqiyas Təhməzov Cəlilabad, Masallı və Biləsuvar rayonları üzrə qazıdır.
Sosial şəbəkələrdə QMİ qazısı Hacı Mirqiyas Təhməzov tərəfindən Tağıyev Elnur Mirverdi oğluna “Seyid Ağa” vəsiqəsi verilməsi ilə bağlı sənədin fotosu geniş müzakirələrə səbəb olub. Vəsiqədə sənədin etibarlılığının müddətsiz olduğu göstərilib.
Hacı Mirqiyas Təhməzov isə açıqlamasında belə bir sənəd vermək səlahiyyətinin olmadığını və səhv etdiyini söyləyib. Onun sözlərinə görə, ilk dəfədir ona seyidlik vəsiqəsi ilə bağlı müraciət olunubmuş.