QƏLƏBƏYƏ BƏRABƏR MƏĞLUBİYYƏT! - Sərdar Cəlaloğlu narazı toplumun namizədinə çevrilməyi bacardı

Baxış sayı:
2947

Mərkəzi Seçki Komissiyasi (MSK) 11 aprel prezident seçkilərinin yekun nəticəsini açıqladı. MSK sədri Məzahir Pənahov aprelin 12-də keçirdiyi mətbuat konfransında elan etdi ki, 3 milyon 962 min 123 bülletendən 3 milyon 962 min 96 səsvermə bülleteni sayılıb və Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev 86.03%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülən Zahid Oruc 3.11%, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 3.03%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 3.02%, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 1.52%, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə 1.38%, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev 1.17% “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev 0.74% səs qazanıb.
 
MSK-nın səsləri bölüşdürmə prinsipi...
 
Təbii ki, prezident İlham Əliyevin seçkilərin qalibi olacağı gözlənilməz deyildi. Doğrudur, onun 86.03% səs qazandığı ilə bağlı müəyyən şübhələr var. Ancaq nəzərə alsaq ki, artıq bütün namizədlər seçkinin legitimliyini tanıyıb və İlham Əliyevi qələbə münasibəti ilə təbrik ediblər, o zaman onun neçə faiz səslə qalib gəlməsi o qədər də əhəmiyyət daşımır. Əsas odur ki, İ.Əliyevin qalibiyyətinə heç bir namizəd şübhə ilə yanaşmır. Burada şübhə doğuran məsələ İlham Əliyevin seçicilərin 86.03%-nin səsini qazandığı haqda MSK-nın açıqlamasıdır ki, bunun da səbəbləri haqda saytımızda geniş təhlil yazısı dərc etdiyimizdən, yenidən bu mövzuya qayıtmağı məqbul hesab etmirik. Bu yazımızda əsas məqsədimiz MSK-nın birincidən sonrakı namizədlər arasında səs faizini hansı prinsiplə bölüşdürməsinə aydınlıq gətirməkdir.
 
Seçicinin deyil, Məzahir Pənahovun “seçimi”
 
Əslində, bu seçkilərdə İlham Əliyevdən sonrakı namizədlərin ikincilik uğrunda yarışdığı kimsəyə sirr deyildi. Bu məsələyə həm də hakimiyyət daxilindəki qrupların nüfuz savaşı kimi də yanaşmaq olardı. Hanası ki, bu savaşdan kənarda qalan yeganə namizəd məhz ADP sədri Sərdar Cəlaloğlu idi. Çünki, o, bu seçkilərdə hakimiyyət daxilindəki hansısa qrupun yox, müxalifətin, daha dəqiq desək, cəmiyyətdəki narazı kəsimin namizədi kimi çıxış edirdi. Bu səbəbdən də S.Cəlaloğlu bəlli qruplaşmalar arasındakı mübarizənin tamamilə fövqündə dayanmışdı. Onun prezidentliyə namizədlərin debatlarında sərgilədiyi müstəqil mövqe və böyük cəsarətlə bütün məmurların üzərinə getməsi də bunu deməyə əsas verirdi.
 
Təsadüfi deyil ki, məhz bu səbəbdən də ADP sədri bütün namizədləri öz üzərinə qaldırmış və 7-nin 1-ə nisbətində mübarizə aparmaq məcburiyyətində qalmışdı. Üstəlik, boykotçu müxalifətin də ADP sədrini hədəfə almasını və ona qarşı qarayaxma kampaniyası aparmasını da nəzərə alsaq, S.Cəlaloğlu üçün bu seçkinin heç də asan keçməyəcəyi bəlli idi. Ancaq ağıllı seçici də hər şeyi görürdü və hər kəs ADP sədrinə cəmiyyətdəki narazı kəsimin danışan dili kimi yanaşırdı. Sözsüz ki, bu yanaşma da özünü 11 aprel seçkilərində çox aydın şəkildə göstərdi və seçicilərin etimadı nəticəsində Sərdar Cəlaloğlu faktiki olaraq ikinci yeri qazandı. MSK-nın siyahısında üçüncü yerə layiq görülməsi isə seçicinin deyil, Məzahir Pənahovun “seçimi” idi. Onun da bu göstərişi hardan aldığı bəllidir...
 
Gümüş və bürünc medal uğrunda mübarizə?
 
Şübhəsiz, idman yarışlarından fərqli olaraq seçki yarışında ikinci, üçüncü və dördüncü yerlər, demək olar ki, heç bir önəm daşımadığından, ADP sədrinin də ikinci və yaxud üçüncü yeri qazanmasının hüqiqi cəhəddən heç bir fərqi yoxdur. Çünki S.Cəlaloğlu bu seçkidə gümüş və bürünc medal uğrunda mübarizə aparmayıb. Odur ki, biz bu məsələ ətrafında hər hansı mübahisə predmeti yaratmadan, MSK-nın rəsmi nəticələrinə diqqət edək. Məsələn, əminliklə deyə bilərik ki, seçkidə İlham Əliyevin vəkili rolunda çıxış edən Zahid Orucun 3 332 səs fərqi ilə (0,08 %) Sərdar Cəlaloğlunu “qabaqlaması” taleyin ironiyasından başqa bir şey deyil. O cümlədən ruspərəstlərin sözçüsü Qüdrət Həsənquliyevin 284 səs fərqi ilə (0,01 %) ADP sədrini təqib etməsinə də başqa ad qoymaq mümkün deyil. Amma, yazımızın əvvəlində qeyd etdiyimiz kimi, artıq bütün namizədlər seçkilərin legitimliyini tanıdığından, bizim MSK-nın qərarını şərh etməyimiz arxadan atılan daşa bənzəyər. Amma, hətta rəsmi nəticəyə əsasən də deyə bilərik ki, Sərdar Cəlaloğlu bu seçkidə böyük nailiyyət əldə edib. Bu fikrimizi əsaslandırmaq üçün yaxın keçmişə nəzər salaq...
 
Son prezident seçkilərinin müqayisəli təhlili
 
Diqqətli oxuculara bəllidir ki, 2003-cü il prezident seçkilərində 35-dən çox siyasi və ictimai təşkilatın birləşdiyi “Bizim Azərbaycan” Blokunun namizədi İsa Qəmbər, rəsmi nəticəyə əsasən, cəmi 14% səs toplamışdı. Eləcə də 2008-ci il prezident seçkilərində Ümid Partiyasının namizədi İqbal Ağazadə 2.82 % səslə ikinci yerə layiq görülmüşdü. 2013-cü il prezident seçkilərində isə, yenə də onlarla ictimai-siyasi təşkilatın birləşdiyi Milli Şuranın namizədi Cəmil Həsənli 5.53 % səslə ikinci yerdə qərarlaşmışdı.
 
Odur ki, bu gün ADP sədri Sərdar Cəlaloğlunun MSK-nın siyahısında 3,03 % səslə üçüncü yerə layiq bilinməsini heç də zəif nəticə hesab etmək olmaz. Əksinə, Azərbaycanda 2003-cü ildən bu yana baş tutan prezident seçkilərinin nəticəsini təhlil etsək, görərik ki, S.Cəlaloğlu 2018-ci ildə təkbaşına qatıldığı seçkidə müxalifətin vahid namizədləri İsa Qəmbər və Cəmil Həsənlidən daha yüksək nəticə əldə edib. Üstəlik, nəzərə alaq ki, 2003 və 2013-cü il prezident seçkilərində müxalifət kifayət qədər güclü olub və seçki zamanı bir-birinə qarşı mübarizə aparmayıb. Amma 2013-cü ildən sonra müxalifətin süst vəziyyətdə olmasına, əksər siyasi partiyaların seçkiləri boykot etməsinə və boykotçu düşərgənin qarayaxma kampaniyasının hədəfi olmasına, o cümlədən hakimiyyətə və yandaş namizədlərə qarşı təkbaşına mübarizə aparmasına rəğmən, ADP sədri faktiki olaraq ikinci yerin sahibi olub. Bu isə Sərdar Cəlaloğlunun digər müxalifət liderlərindən daha böyük siyasi çəkiyə malik olduğunu və cəmiyyətdəki narazı kütlənin namizədinə çevrildiyini ortaya qoyur.
 
Ayxan İLDIRIMTÜRK, Hurriyyet.org