“Qızlar Azərbaycanda həyat yoldaşı tapa bilmir” – Xaricə ərə gedənlər

Baxış sayı:
463

Bu ilin 6 ayı ərzində Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbi və vətəndaşlığı olmayan şəxslər arasında 1013 nikah bağlanıb. Rəsmi məlumata görə, əcnəbilərlə nikaha daxil olanlardan 544-ü azərbaycanlı qadınlar, 469-u azərbaycanlı kişilərdir. Bəs, Azərbaycan qadınlarının və kişilərinin xarici vətəndaşlarla evliliyə bu qədər meylli olmasının səbəbi nələrdir? 

Bununla bağlı Jurnalist Araşdırmaları Mərkəzinin sədri, ekspert Seymur Verdizadə “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, Azərbaycan vətəndaşlarının xarici vətəndaşlarla evlənməsinin səbəbləri müxtəlifdir. 

“Mən o düşüncədəyəm ki, sevgi sərhəd tanımır. Gənclər sevib, seçdikləri insanla ailə həyatı qura bilərlər. Burda heç bir məhdudiyyət yoxdur. Onlar öz həyat yoldaşlarını seçməkdə sərbəstdirlər. 

Amma mən hesab etmirəm ki, bu 1013 nigah bağlamış şəxslərin hamısı qarşılıqlı anlaşma, qarşılıqlı sevgi nəticəsində ailə həyatı qurublar. Mənə elə gəlir ki, bu xarici vətəndaşlarla nigaha girən gənclərin yarısı bu təmannalı evliliyə imza atıblar. Öz müşahidələrimə görə deyirəm ki, zənnimcə, qızların böyük əksəriyyəti  Azərbaycanda özlərinə yaxşı həyat yoldaşı tapa bilməyiblər. Obyektiv və subyektiv səbəblərdən onların ailə həyatı qurması mümkün olmayıb. 

Buraya həmçinin mentalitetimizdəki çürük nüanslarda daxildir. Kimisə onların xoşbəxliyinə mane olub, kimisə oları məcbur ərə verib, nişanlanıb ayrılıblar və s. Bunların nəticəsində onlar cəmiyyətimizdə arzuolunmaz partnyora çevriliblər. 

Məncə, oğlanlarla bağlı hissəsi isə bir qədər fərqlidir. Oğlanların evliliyində də təmanna mövcuddur. Onlar xarici vətəndaş xanımlarla ailə quraraq, xaricin qapılarını üzlərinə açmaq istəyiblər”.

S. Verdizadə həmçinin qeyd edib ki, Azərbaycandaki şərait də vətəndaşlarımızı xaricə üz tutmağa vadar edir:

“Mənə ən maraqlı olan nüans odur ki, bizdə xaricə can atan, xarici vətəndaşlarla əlaqə qurmaq istəyənlərin sayı sürətlə artır. Hətta ali təhsil gənclərimiz 2-3 kursda burdakı təhsillərini yarıda qoyub, xarici ölkələrə təhsil almağa gedirlər. Bu gün təkcə Türkiyədə 15 min azərbaycanlı tələbə, Ukraynada 10 mindən çox tələbə təhsil alır. 

Hamı bir vasitə ilə Azərbaycan sərhədlərini keçmək istəyir. Biz işləmək üçün xaricə üz tuturuq, oxumaq üçün xaricə üz tuturuq. Bu məni çox qayğılandırır. Elə hesab edirəm ki, Azərbaycanda sosial, iqtisadi durum yaxşı olsaydı, Azərbayca vətəndaşları bu qədər xaricə üz tutmazdılar. 

Azərbaycanda xaricə getməyin digər bir səbəbi də maddi durumun ağırlığıdır. Təəssüf ki, gənclərimiz öz ölkələrində parlaq bir perspektiv görmürlər. Çox gözəl olardı ki, dövlətimizin iqtisadi, sosial məsələləri araşdıran institutlar bu məsələyə diqqət ayırsınlar. Çünki 10 milyon azərbaycanlının hamısının Azərbaycanı tərk etmək imkanı yoxdur. Mən həmişə yazmışam və dəfələrlə müsahibələrimdə demişəm ki, bizim əziz məmurlara bu ölkədə də sözçü lazımdır, xadimə lazımdır, çörəkbişirən lazımdır və s. Elə şərait qurulsun ki, heç olmasa, ölkənin bir yarısı burda qala bilsin”.