​Qızına 2 milyon dollarlıq toy edən hakim bəraət aldı – Toya dəvət olunan “ulduzlar” pulsuz çıxış ediblərmiş…

Baxış sayı:
835

“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, uzun müddətdir medianın gündəmindən düşməyən hakim Yelena Xaxaleva ilə bağlı istintaq araşdırmalarına son qoyulub.
Hər şey ondan başlayıb ki, ötən ilin iyununda Krasnodar Şəhər Məhkəməsinin hakimi olan E.Xaxalevanın qızının toyundan çəkilən kadrlar mətbuatda yayımlanıb. Həmin kadrlarda toyun olduqca möhtəşəm və təmtəraqlı keçdiyi görünür. O vaxt Rusiya mətbuatında bu məclisin ən azı 2 milyon dollara başa gəldiyi iddia edilirdi.
Tanınmış rusiyalı jurnalist Andrey Karaulov o zaman iddia etmişdi ki, təkcə toya dəvət olunan Valeri Meladze, Nikolay Baskov və digər “ulduzlara” 400 min avro qonorar ödənilib. Bəylə gəlinə isə bahalı “Bentley” avtomobili bağışlanıb.
Bu hadisəni gündəmə çevirən ölkə mətbuatı xanım hakimin fəaliyyətini araşdırmış və hətta onun Tbilisi Universitetindən aldığı hüquqşünas diplomunun saxta olduğu barədə məlumat yaymışdı.
Nəticədə E.Xaxaleva ilə bağlı araşdırma aparmağa məcbur qalan Krasnodar Vilayətinin hüquq-mühafizə orqanları hakimin diplomunun saxta olmadığını aşkarlayıb və bu səbəbdən müstəntiqlər ona qarşı cinayət işi açmaqdan imtina ediblər.
Krasnodar Vilayətinin Hakimlər Şurası da araşdırma apardıqdan sonra xanım hakimə bəraət verib. Qurumun məsələ ilə bağlı yaydığı açıqlamada bildirilir ki, bütün Rusiyaya səs salan toya 2 milyon dollar deyil, cəmi 5 milyon rubl, yəni təxminən 75 min dollar xərc çəkilib. Bu vəsait isə hakim yox, bəy tərəfindən ödənilib. Bəyin isə Rusiya İstintaq Komitəsinin Krasnodar İdarəsinin əməkdaşı olduğu qeyd edilir.
Hakimlər Şurasının açıqlamasındakı ən maraqlı məqam isə Rusiya estradası “ulduzlarının” qonorarı ilə bağlıdır. Qurum iddia edir ki, onlar hakimin qızının toyunda pulsuz çıxış ediblər. Rusiyanın əksər mətbu orqanları isə bu açıqlamanı ironiya ilə qarşılayıb.