"Qızımı şərlədilər, ölünün dili yoxdur ki, danışsın"- arvadını 18 bıçaq zərbəsi ilə öldürüb - TƏFƏRRÜAT

Baxış sayı:
834

Arvadını amansızlıqla öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. O, qətli namus üstündə törətdiyini desə də mərhumun anası bunun yalan olduğunu deyib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 49 yaşlı Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət irrihamçısı ittiham aktını elan edib.

İttihama görə, Tufan Qurbanov arvadının başqa şəxslə münasibətinin olduğunu iddia edərək onu qətlə yetirib.

Elan olunmuş ittihamla T.Qurbanov özünü qismən təqsirli bilib. O deyib ki, yaşadığı məhəllədə biabır olduğu üçün bu hadisəni törədib.

Müttəhim bildirib ki, keçmiş arvadını başqa şəxslərlə görüşdüyünü bilib və buna görə də onu qətlə yetirib: "Hansı kişi bunu qəbul edərdi? Mənim uşağımın yanında başqa şəxslə danışıb, görüşüb".

Məhkəmədə mərhumun anası, hüquqi varisi Səmimə İsmayılova ifadə verib.

O deyib ki, qızının qətlinin səbəbləri ilə bağlı deyilənlər yalandır:

"Onlar 1997-ci ildə ailə qurublar. 5 il övladları olmadı. Sonra 3 uşaqları dünyaya gəldi. Münasibətləri də sonuncu uşaqdan sonra pozuldu. Bu dedi ki, üçüncü uşaq bundan deyil. Dedim ki, Allahın var, bu nə sözdür? Həmin söz hələ də qulağımdadır. Bu adam heç yerdə işləməyib. Harda da işləyib arxasınca polis gəlib. İşlədiyi yerdən oğurluq edib.

Qızım əziyyət çəkib, zülm görüb. Əriştə kəsib, düşbərə büküb satıb pul qazanıb. Mən onun uşaqlarına özüm baxmışam. Bütün müalicələrini özüm eləmişəm. Sənədlərin hamısı evdədir.

Qızım illərlə döyülüb, işgəncə görüb. Çənəsini sındırıb, başına ağır zərbələr endirib. Qızım iki dəfə də polisə şikayət eləmişdi. Axırıncı dəfə dedi ki, artıq bezib, yaşaya bilmir".

Mərhumun anası deyib ki, qızı boşanmaq istədiyi üçün öldürülüb. O bildirib ki, qızı haqda deyilənlər yalandır:

"Ölənin arxasınca söz qoşmaq asandır. Qızım heç vaxt xəyanət etməyib. Namusu ilə, əziyyəti ilə uşaqlarını böyüdüb. Mən özüm üçüncü işdə işləyirdim ki, onlara baxım. Bu dəfələrlə qızımı güddü, bağçada işləyəndə də arxasınca gedirdi. Hər yerdə də kameralar var. Baxıb aydınlaşdıra bilərlər. Nəvəm qızımın yasında mənə dedi ki, anamın cibinə başqa şəxsin nömrəsini nənəm qoyub. Bunu mənə o, dedi. Qızımı şərlədilər, ölünün dili yoxdur ki, danışsın. İndi nəvələrim təzyiq altındadır".

Məhkəmə iclasında Tufan Qurbanovun anası Xeyransə Qurbanova da dindirilib.

O deyib ki, oğlunun gəlinini öldürməsinin səbəbi olub: "Qəbahəti olub ki, öldürüb. Amma mən hadisə olan qədər heç nə bilməmişəm. 6 il idi ki, gəlinim mənimlə danışmırdı. Qapılarımız da ayrı idi. Həmin gün hadisə olanda oğlum mənə dedi ki, namusumu yudum".

X.Qurbanova söyləyib ki, hadisədən sonra gəlinin başqa şəxslə münasibəti olması haqda söhbətlər eşidib.

Suallara cavab verən Xeyransə Qurbanova deyib ki, oğlunun ailəsində problemlərin səbəbkarı mərhumun anası Səmimə İsmayılova olub: "Səmimə qızına ər idi, ata idi. Bütün söz-söhbətləri o yaradırdı. O yaxşı ana deyil. Bütün günah ondadır".

Mərhumun anası buna etiraz edib, deyib ki, hadisə günü Xeyransə Qurbanova ona zəng edib: "Mənə dedi ki, qızını nəyə göndərmisən? Bıçaq istəyir".

Xeyransə Qurbanova bunun yalan olduğunu deyib.

Səmimə İsmayılova deyib ki, qızı dəfələrlə gecə saat 2-də 3 uşağı ilə döyülərək evdən qovulub.

Məhkəmə araşdırması davam etdirilir.

Qeyd edək ki, adisə 2019-cu il fevralın 11-də baş verib.

Bakının Binəqədi rayonu, İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.

Araşdırma zamanı məlum olub ki, onu əri Tufan Qurbanov mətbəx bıçağı ilə 18 zərbə vuraraq qətlə yetirib. Daha sonra isə boğazını kəsib.