“Qızıma dedim ki, bu evlilik baş tutmaz” – QƏTLİN YENİ TƏFƏRRÜATI

Baxış sayı:
3457

Bakıda sevgilisini öldürməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Fərhad Şaqaliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, 2017-ci il oktyabrın 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində paytaxt sakini Fərhad Şaqaliyev qeyri-rəsmi nikah münasibətlərində olduğu 1982-ci il təvəllüdlü Gülnarə Sadıqovanı boğaraq öldürüb. Hadisə vaxtı o, sərxoş olub.
Bir müddət əvvəl o, tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova ilə sevgili həyatı yaşamağa başlayıb və Bakıxanov qəsəbəsində kirayə mənzil tutub. Ailəli, 2 uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşüb.
Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməsini, ona daha çox diqqət ayırmasını tələb edib. Bu səbəbdən onların arasında tez-tez münaqişələr yaşanıb. Növbəti dəfə eyni mövzuda mübahisə zamanı Fərhad Şaqaliyev sevgilisini döyüb. Yerə yıxılan qadının söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub. Hadisə Gülnarə Sadıqovanın azyaşlı oğlunun gözü qarşısında baş verib.
Qətldən sonra Fərhad Şaqaliyev azyaşlı uşağı da götürərək Sabunçu rayon Polis idarəsinə gəlib. O, könüllü təslim olaraq törətdiyi hadisə barədə məlumat verib.
Məlum olub ki, Fərhad Gülnarənin 3-cü həyat yoldaşıdır. Hadisəni törədən Fərhad Şaqaliyev isə kiçik sahibkardır.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə ifadə verən Fərhad Şaqaliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Gülnarəni öldürmək niyyəti olmayıb: “Onu ehtiyatsızlıqdan öldürmüşəm. Bir dəfə vurdum, yerə yıxıldı. Sonradan bildim ki, ölüb".
Daha sonra o, özünün pis hiss elədiyi üçün hazırki mərhələdə ifadə verməkdən imtina etdiyini söyləyib.
Daha sonra zərərçəkmiş Gülnar Sadıqovanın hüquqi varisi, anası Gülər Sadıqova ifadə verib. O, bildirib ki, mərhum qızı Fərhad Şaqaliyevlə yaşamağa başlayıb: “Onların birgə yaşamalarına etiraz etmişəm. Çünki Fərhad ailəli idi. Qızıma dedim ki, bu evlilik baş tutmaz. Rəsmi nigahlarının olmadığını, sadəcə kəbinli olduğunu deyirdi”.
Gülər Sadıqovanın sözlərinə görə, bir müddət sonra qızı Gülnarı Fərhad Şaqliyevdən ayrılmağa razı sala bilib: “Qızımın Sabunçuda evi var idi. Həmin evi satırdı. Bu adam da qızımı o zaman tanıyıb. Tanış olandan sonra qızım evi satıb, pulu da buna verib ki, ev tikdirsin. Sonra da həmin pul yoxa çıxıb. Aralarında mübahisə pul söhbətinə görə düşüb”.
Gülər Sadıqova qeyd edib ki, qızı ona satılan evin pulunu Fərhad Şaqliyevə verdiyini deyib. Əlavə edib ki, qızı ilə Fərhadın arasındakı münasibətlərin pisləşməsindən xəbəri olmayıb: “Münasibətlərinin pis olduğunu görməmişəm. Normal yaşayıblar, yola gediblər. Qızım qan azlığından əziyyət çəkirdi. Bir neçə dəfə də birlikdə İrana müalicəyə gediblər”.