"Qızı yerdən götürüb direktorun otağına apardıq” - ELİNANIN MƏKTƏB YOLDAŞLARI İFADƏ VERDİ

Baxış sayı:
12817

Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın növbəti məhkəməsi keçirilib.
 
Hakim Azər Tağıyevin icraatında olan prosesdə mərhum E.Hacıyevanın nümayəndəsi Emin İsayev vəsatət verərək Sevinc Abbasovanın həbs edilməsini istəyib: “O, şahidlərə təzyiq edir, prosesdən əvvəl onlarla danışıq aparır. Həmçinin jurnalistlərə açıqlama verərək Elina Hacıyevanın ölümünün səbəblərində valideynlərinin günahı olduğunu bildirir. Onun azadlıqda qalması cəmiyyətdə qıcıq yaradır”.
 
Hakim vəsatəti təmin etməyib.
 
E.Hacıyevanın məktəb yoldaşı Oqtay Hacıyev hadisənin necə baş verdiyini danışıb: “2-ci mərtəbəydim, birdən nəsə düşdüyünü gördüm. Əvvəl elə bildim kiminsə gödəkçəsi düşdü. Sonradan gördüm ki, qızdır. Qaçaraq aşağı düşdüm, sinif yoldaşım Hüseyn də mənimlə idi. Qızı yerdən götürüb direktorun otağına apardıq”.
 
Məktəb direktorunun katibəsi Nigar Məmmədova deyib ki, Elinanı uşaqlar  gətiriblər: “Tibb bacısının otağına qalxdıq, bağlı olduğu üçün direktorun otağına gətirib uzandırdıq. Həmin vaxt otaqda direktor və müavinləri vardı. Elina həmin vaxtı suallara “yuxuluyam”, “heç nəyi başa düşmürəm”, “dərman içmişəm” kimi cavablar verdi.  Məktəbə daha sonra polis gəldi, bir müddət sonra isə Xalidə xanım özünü çatdırdı. Elinanın bədənində hər hansı bir xəsarət yox idi. Sonra direktor təxminən saat 12-yə işləmiş təcili yardıma zəng elədi”.
 
Klinik Tibbi Mərkəzin uşaq cərrahı Əkrəm Çovdarov deyib ki, həmin günü növbədə olub: “Elinanı rentgen, ultrasəs müayinələrindən keçirdik. Cərrahiyyə əməliyyatına ehtiyac yox idi. İlkin diaqnozu mən, Vaqif doktor və şöbə müdiri İlqar doktor məsləhətləşərək çıxardıq. Müayinə olunması üçün Reanimasiya şöbəsinə göndərdik. İlk olaraq Elina Hacıyevaya sistem köçürdük. USM müayinəsində keçirmişik. Həmin vaxt ağciyərində ödəm var idi. Ona görə reanimasiyada konservatik müayinə aparılmalıydı.
 
Polislər gəlmişdi, Elinanı dindirmək istəyirdilər. Yetkinlik yaşına çatmadığı üçün valideynini çağırdılar. Atası  içkili olduğu üçün ifadə verməsinə icazə verilmədi.  Həmin vaxt rəhbərlik məni çağırdı. Orda dedilər ki, Xalidə xanımı yuxarı qaldırım.  Mən də Xalidə xanımla reanimasiyaya qalxdım. Orada o Elinanı gördü”.
 
Prosesdə fasilə elan olunub./qafqazinfo