“Qiymətlər ona görə artır ki, ölkədə total korrupsiya sistemi mövcuddur” - NATİQ CƏFƏRLİ

“Ölkədə qiymət artımı qaçılmazdır, hər il vətəndaşın birbaşa cibindən çıxan xərclər artacaq, çünki həm dövlətin, həm dövlət şirkətlərinin borcu artır. Borcları qaytarmaq üçün mənbələr yoxdur, bir neft var, onun da hasilatı da düşür (bu ilin ilk 6 ayında 9% düşüb), qiyməti də, qazdan isə gələn vəsait, elə həmin qazın Avropaya daşınması üçün çəkilən borulara alınan kreditlərin illik faizini ancaq ödəyəcək”. Hurriyyet.org xəbər verir ki, bu fikirləri REAL Hərəkatının icra katibi Natiq Cəfərli "feysbuk” səhifəsində  yazıb.

“Ölkədə total korrupsiya sistemi mövcuddur”

“Qiymətlər həm də ona görə artır ki, ölkədə total korrupsiya sistemi mövcuddur, hər hansı bir məmur özünə Avropada villa, ABŞ- da ev, Rusiyada və Türkiyədə obyekt aldıqca, burada büdcədən oğurlanan pul artır, büdcədə yaranmış kəsr isə qiymətlərin artması ilə doldurulur. Eyni zamanda qiymətlər ona görə artacaq ki, hökumət köklü idarəetmə və hüquq islahatı etmək istəmir, bacarmır, bu addımlardan qorxur, amma bilin ki, hüquq və idarəçilik islahatı olmasa, iqtisadiyyat düzəlməyəcək”, - deyə icra katibi qeyd edir.

“Qiymətlərin artımı köklü islahatlarla paralel olsa, effekt verə bilər”

Cəfərlinin fikrincə, qiymətlərin artımı köklü islahatlarla paralel olsa, effekt verə bilər: “Bəzi populist siyasətçilər deyirdi ki, etiraz etdik deyə, məsələn, yumurtanın qiyməti düşdü, manat möhkəmləndi. Polşa 1989-91-ci illərdə “şok terapiyası” tədbiq etdi, qiymətlər 8-10 dəfə artdı, amma sonra iqtisadiyyat dövlət nəzarətindən çıxdı, orqanik inkişaf başladı, iqtisadi qanunlar işlədi, qiymətlər tənzimləndi, Polşa inkişaf etməyə başladı. Aşağı-yuxarı bütün Şərqi Avropa ölkələrində belə oldu, indi mən sizlərdən soruşuram, bu sistem dəyişib, normal, ədalətli sistem qurulsa, 2-3 il mərhumiyyətlərə hazırsınızmı, bir müddət dözməyə qadirsinizmi? Yoxsa 25 il susub, dözüb, sonra bütün hirsinizi yeni hökumətə tökəcəksiniz? “Bunlar gedən kimi hər şey əla olacaq, yağ-bal içində üzəcəksiniz” deyən populistəmi, yoxsa, “millət, bunlardan sonra hətta bir müddət daha çətin olacaq, yeni sistem oturan zamana qədər ağır olacaq, gecə-gündüz işləməli, bir müddət qiymət artımına, maaşların dondurulmasına, dövlət büdcəsindən maaş alan 900 min insanın 30-40% ixtisarına dözməliyik”, deyən realistəmi səs verəcəksiniz?! Bu çox vacib məsələdi”.

“Korrupsiya ləğv edilən kimi sistemdə ciddi sancılar, ağrılar olacaq”

“Bu sistem, obrazlı desək, xərçəng xəstəliyi tutub, korrupsiya isə bu sistemin ağrikəsicisidir, korrupsiya ləğv edilən kimi sistemdə ciddi sancılar, ağrılar olacaq, “çörəkverən yaxşı oğlanlar” korrupsiyadan kəsilən kimi, minlərlə insan “çörəksiz” qalacaq - buna hazırsınızmı?!”, - deyə icra katibi sual edir.

“Populist olmayan bütün qüvvələr, istər iqtidarın içində olsun, istər müxalifətdə - fərq etməz, birləşib ölkəni qaranlıq gələcəkdən qurtarmalıyıq”

Cəfərli deyir ki, belə davam etsə, bir müddət sonra ölkə “regional fahişəxanaya” dönəcək, müsəlman ölkələrindən gələn “haram turizm” axtaran insanlar ölkənin dolanışıq yeri olacaq:“Bu vəziyyət yerli dini qrupların ritorikasını sərtləşdirəcək, etnik millətçiləri gücləndirəcək, yoxsulluq və ədalətsizlik isə o çevrələri güc mərkəzinə çevirib, ölkədə onların “diktaturasının” qurulmasına səbəb olacaq, yağışdan çıxıb, yağmura düşəcəyik. Gerisini özünüz düşünün, artıq vaxtdı, ölkədə sağlam məntiqə malik, düşünə bilən, populist olmayan bütün qüvvələr, istər iqtidarın içində olsun, istər müxalifətdə - fərq etməz, birləşib ölkəni qaranlıq gələcəkdən qurtarmalıyıq. Başqa yol, sadəcə, yoxdur...”