“Qiymət artsa, siqaretdən istifadə azalar” iddiasına reaksiyalar

Baxış sayı:
6487

Tütündən istifadə ilə mübarizədə qiymət amili necə rol oynayır...

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Fatoş Hande Harmancı ölkə əhalisinin tütündən istifadəsi ilə bağlı rəqəmləri açıqlayaraq həyəcan təbili çalıb. Müşahidələrini bölüşən ekspert bildirib ki, Bakıda gənclərin siqaretdən və ya qəlyandan istifadə etməyə maraqları çoxdur. Onun sözlərinə görə, 1 saatlıq qəlyan çəkmək 40 siqaretə bərabərdir: “Bütün dünyada tütündən istifadə ciddi problem olaraq qalır. Təəssüf ki, Azərbaycanda da tütündən istifadə edən kifayət qədər insan var”.

ÜST rəsmisi bildirib ki, Azərbaycanda təxminən 1,3 milyon insan tütündən istifadə edir. O qeyd edib ki, həmin insanların da yarısı 70 yaşına çatmadan dünyalarını dəyişəcəklər: “Ona görə də bunun qarşısını almaq üçün həyata keçiriləcək mübarizə çox vacibdir. Bu istiqamətdə atılacaq addımlardan başlıcası tütün məmulatlarının qiymətinin artırılmasıdır. Çünki Azərbaycanda siqaretlərin qiyməti çox ucuzdur. Bu da xüsusilə gənclərin siqaret çəkməyə başlamasının qarşısını nisbətən almış ola bilər”.

ÜST rəsmisi əlavə edib ki, tütün məmulatlarının reklamlarını azaltmaq lazımdır: “Dükanlarda, böyük marketlərdə siqaretlər açıq şəkildə satılır. Bunu qapalı şəkildə satmaq, yaxud qutularının yenilənməsini təmin etmək olar. Ölkədə keçən il qəbul edilən qanunu təqdirəlayiq hal kimi qiymətləndirirəm”.

H.Harmancı hesab edir ki, əgər tütündən istifadə ilə bağlı mübarizə tədbirləri həyata keçirilməsə, siqaret çəkənlərin sayı durmadan artacaq: “Çünki tütün satışı ilə məşğul olan sahibkarlar qazanc əldə etmək istəyirlər”.

Bəs görəsən, tütün məhsullarının qiymətinin artması onlardan istifadəni azaldacaqmı?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan sosioloq Əhməd Qəşəmoğlu qiymət artımının problemi köklü şəkildə həll etməyəcəyini bildirdi: “İndiki vaxta cəmiyyət gündən-günə mürəkkəbləşir və birtərəfli  hər hansı metodun tətbiqi problemi heç vaxt həll edə bilməz. Çünki cəmiyyət mürəkkəbləşdikcə  bu məsələlərə münasibət də dəyişir. Ola bilər ki,  tütün məhsullarının bahalaşması kimlərinsə onu daha az alması ilə nəticələnə bilər. Ancaq  bu, ümumilikdə problemin həllinə gətirib çıxartmaz. Bu prizmadan yanaşsaq, narkotik maddələr də həddindən artıq bahadır, ancaq  ondan  istifadə edənlərin sayı da azalmır.  Bu mənada qiymətləri artırmaq çıxış yolu deyil. Burada kompleks yanaşma həyata keçirilməlidir. İndiki dövrdə hər hansı problemin həlli üçün mexaniki yollarla təsir o qədər də effekt verməyəcək. Mexaniki yollardan biri də qiymətləri artırmaqdır, yəni kənardan mexaniki təsir etməkdir. İdarəetmə o zaman uğurlu sayıla bilər ki, obyekt  özü də problemin aradan qalxmasında köməkçi olsun”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, bunun üçün ciddi maarifləndirmə işinə ehtiyac var: “Ancaq maarifləndirmə işi də bu cür olmamalıdır. Harasa plakat yazıb asmaqla və ya televiziyada bir-iki çarx verməklə maarifləndirmə tamamlanmır. Bu, yanlış yanaşmadır. Tədris sistemində, orta məktəblərdə aşağı yaşlardan bu iş başlamalıdır. Əgər valideyn siqaret çəkirsə, onun qucağında böyüyən uşaq istər-istəməz o tütün iyini öz atasının iyi kimi qəbul edir. Onun beynində elə kodlar formalaşır ki, sonradan hansı qiymətə olsa da siqareti alıb çəkəcək.  Ona görə də bu məsələdə elmi metodlardan istifadə edilməli, fəaliyyət proqramları hazırlanmalıdır. O zaman bəlli olacaq ki, təhsil sistemində hansı işlər görmək lazımdır, hansı inzibati metodlara əl atmaq lazımdır. Bunları etmədən biz istəyirik ki, hər hansı problemin həllində uğur qazanaq. Mən sosial -iqtisadi sahədə mütəxəssisəm və əminliklə deyirəm ki, bu kimi prosesləri hər hansı bir-iki tədbir görməklə həll etmək mümkün deyil. Hər hansı rol oynasa da arzuolunan nəticəni verməyəcək”.

Qeyd edək ki, tütünün bir çox ziyanları haqqında danışılıb. Onlardan ən önəmlisi ağciyər xərçəngi, astma, ağciyərin xroniki xəstəliklərinə yol açmasıdır. Həmçinin siqaret çəkmək eyni zamanda immunitet sistemini də zəiflədir. Siqaretin və siqaret tüstüsünün  tərkibi dəyişkən xüsusiyyətli zərərli maddələrdən ibarətdir. Aparılan araşdırmalar siqaret tüstüsündə minlərlə zərərli maddə olduğunu ortaya çıxarıb. Bu maddələrin böyük bir qismi xərçəng xəstəliyinə səbəb olur. Bu səbəbdən hökumət də siqaretlə mübarizə istiqamətində bəzi inzibati addımlar atıb. Qadağan edilən yerlərdə siqaret çəkilməsini təklif edənlərə cərimə tətbiq olunacaq. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. Yeni bəndə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilən yerlərdə  tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək. Bundan başqa, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.

“Tütün və tütün məmulatı haqqında” Qanunda isə deyilir ki, tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağandır.