Qiyas İbrahimin işgəncələrlə bağlı məktubu “Azadlıq”da… FOTO

Heydər Əliyevin heykəlinin postamentinə “Qul bayramınız mübarək!” yazdığına görə narkotiklə şərlənən və 10 il həbs cəzası verilən Qiyas İbrahimova saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində verilən işgəncələrlə bağlı heykəl məhbusunun özünün məktubu:
 
“Cəzaçəkmə müəssisəsinə 17.06.2017-ci il tarixdə gətirildim. Rəis qəbulu üçün gözləyərkən əməkdaşlardan biri şalvarımın rəngi ilə bağlı sərt şəkildə irad bildirdi. Mən təzə gəldiyimi, üstümdə başqa rəng olmadığını, daha sonra lazımlı rəngdə şalvar gətirə biləcəyimi bildirdim. Əməkdaş rədd edib, həmin cəzaçəkmə müəssisəsinin şalvarlarından birini verəcəyini dedikdə, bunların köhnə və  yararsız olduğunu, üstəlik, ölçülərinin uyğun olmadığını bildirdim. Həmin əməkdaş sərt şəkildə danışmağa başladı və bununla yanaşı saçımın da ölçüsünü bəhanə gətirməyə başladı. Halbuki saçım da yetərli qədər qısa idi. Sonra məni rəis müavininin yanına qaldırdılar, guya problem yaratdığımı dedilər. Müavin Şakir Qəniyev nəylə bağlı həbs olunduğumu soruşdu. Mən narkotik maddələrin döövriyyəsi ilə saxta ittihamla şərləndiyimi, bununsa səbəbinin Heydər Əliyevin heykəlinə siyasi etiraz məqsədilə şüar yazmağım olduğunu bildirdim. Bunu eşidərkən müavin cəza müddətini nəzərdə tutaraq, “az veriblər” dedi. Sonrasa rəis Fikrət Qafarovun qəbuluna aparıldım. Rəis də nə üçün tutulduğumu soruşduqda səbəblərini dedim. O, narkotiklə nə işim olduğunu yenidən soruşduğunda, mən bu barədə Bakı Paş Polis İdarəsindən, onun rəisindən məlumat ala biləcəyimi bildirdim. Bu cür cavab rəisin xoşuna gəlmədi və daha sərt danışmağa başladı. Mənim suallara doğru cavab vermədiyimi bildirdi. Sonrasa “get suala doğru cavab verməəyi öyrən, ağıllan 15 sutka” deyib məni cəza tədricxanası – karserlə cəzalandırdı. Mən karserə aparıldım və bir gecə qaldıqdan sonra aclıq aksiyasə etdiyimi bildirdim. Lakin mənə bunu etmək üçün icazə vermıdilər.
Karserə salındığım ilk gün izahat yazmaqçün əməliyyat rəisi tərəfindən çağırıldım. İzahatı özüm yazmaq istədikdə, o, “mən deyəcəm, sən yazacaqsan” cavabını verdi. İmtina etdim, əvəzində həmin şəxs kobud ifadələrlə danışmağa başladı. “Mən Qobustandan bu yana nə istəyirəm eləyə-eləyə gəlirəm” və digər hədələyici ifadələr işlətdi. Mənsə kimə nə etdiyinin indi mənə dəxli olmadığını, mənə qanundankənar heç nə edə bilməyəcəyini dedim. Əməliyyat rəisi buna söyüşlə cavab verdi. Bu cür danışmağın qanunsuz və tərbiyəsizlik olduğunu dedikdə o yenidən nalayiq ifadə işlətdi. Onun ad və soyadını soruşdum və yenidən söyüşlə cavabladı. Bu dəfə mən də cavab qaytardım. Digərləri məni ordan çıxarıb kameraya qaytardılar.
Səhəri gün yoxlanış zamanı rəis müavini Şakir Qəniyev gəldi və karserin kamerası qarşısında düzülərkən, məni qanunsuz karserə saldıqları üçün aclıq etdiyimi, bunu elan etməkçün ərizə kağızı tələb etdiyimi bildirdim. O, cavabında məni ələ saldı və həbsimin səbəbi haqda bir gün əvvəl deməyimə baxmayaraq, qıcıqlandırıcı tərzdə yenidən məni narkotik satıcısı kimi ittiham etdi. Buna qarşılıq mən ona “narkotiki sizin kimilər satır” cavabını verdim. Bu cavabıma o, məni üç dəfə bərk vurmaqla cavab verdi. “Gəl, mənə sübut edərsən bunu” deyib, əlimi arxadan qandalladı və rəisin otağına apardı. Əməliyyat rəisi də orda idi və bir gün əvvəlki məsələ ilə bağlı rəisə şikayət etmişdi. Əlim arxadan qandallı halda, rəis müavini tərəfindən döyülməyə başladım. Bununla yanaşı, rəis də nalayiq ifadələr işlədir və müavinə əmr verirdi ki, vursun.
Rəis hədə-qorxu gəlməyə başladı və məni yükləyəcətini, qapalı həbsxanaya göndərəcəyini dedi, Qobustan həbsxanasıyla hədələdi. “Sənin kimiləri mən belə ağıllandırıram, qanunum budu, xoşuna gəlirmi?” dedi və müavinə daha bir zərbə vurmağı əmr etdi. Üst-üstə hər zərbədən sonra yıxılırdım. Ayağım zədələndi, başımın sağ tərəfinə vurduğu üçün qulağım şişmişdi.
Daha sonra yenidən “karsa” aparıldım. Bu vaxtdan sonra daha üç gün aclıq etdim. Məni yenidən rəisin qəbuluna apardılar. Bu dəfə sakit tərzdə danışmağa başladı. Mənim həbs səbəbim haqda danışdı və mənim kimi gənclərin guya aldadıldığı və s. kimi banal fikirlər səsləndirdi. “Kars”a qaytarıldım və 15 sutka cəza müddətini bitirdikdən sonra daha iki gecə karantində saxlanıldım”.
azadliq.info