Qışda qızınmaq üçün qozalar toplayırlar - FOTO/VIDEO

Maştağa sakinləri təbii qazın verilməməsindən şikayətlənirlər
 
Əlindəki şam ağacının qozalarını göstərərək, "bax bunları yandırırıq soyuqda" deyən Səmayə Əliyeva qış tədarükünü indidən görür.
O, Maştağa qəsəbəsindəki evinin bir balaca otağında sellofan torbalara yığılmış qozalar saxlayır: "Bax bunlarla qızışırıq, yoldaşım gedir yollardan yığır".
Bu qəsəbənin "Bakı fəhləsi" küçəsində yaşayan sakinlər 1990-cı illərin əvvəllərindən qaz problemi ilə üzləşdiklərini deyirlər.
"Havalar dəyişən kimi və külək olan kimi qaz kəsilir". Sakinlər deyir ki, onların şikayətlərinə baxılmır.
Lakin “Azəriqaz” İstehsalat Birliyi bu iddiaları təkzib edir. Qurum bildirir ki, hazırda Bakıda təbii qazın mövcudluğu ilə bağlı hər hansı problem yaşanmır.
Qəsəbə sakini Cəbrayıl Quliyev deyir ki, Sovet dövründə qaz korluğu çəkməyiblər, problem isə müstəqillik dövrünün başlanğıcından başlayıb.
O, qış aylarında evdə odun peçi yandırdığını deyir. Quliyev bu vəziyyətdən əziyyət çəkdiklərini bildirir.

BBC Azərbaycancaya danışan sakinlər deyirlər ki, qəsəbədə bir neçə küçədə qaz problemi yaşanır - Bakı fəhləsi, Həzi Aslanov, Xanlar, Məmmədyarov, Sultan Əliyev, Məhəmməd Şəfai və bir neçə başqa küçədə qazın təzyiqi çox aşağıdır.
Digər qəsəbə sakini Azər Seyidzadənin sözlərinə görə, onların yaşadığı Xanlar küçəsində artıq bir neçə ildir həftənin çərşənbə axşamı və cümə günləri qaz kəsilir.
"Gah deyirlər təmirdi. Ya da deyirlər hələ qış qazı vurulmayıb, bu yay qazıdı. Mən qaz üçün pul ödəyirəm, nə fərqi var qışdı, yoxsa yay? Nə qədər ödəyirəmsə, o qədər qaz olmalıdır", o deyir.
Sakinin sözlərinə görə, qışın soyuğunda bütün ailə bir otağa yığışır və otağı isitmək üçün elektrik peçindən istifadə edilir.
Bundan başqa qəsəbə sakinləri yemək və çay isitmək üçün propan qaz balonlarından istifadə edirlər. Sakinlərin sözlərinə görə, bu üsul təhlükəlidir, amma onların başqa çarəsi yoxdur.
Qaz təzyiqinin aşağı olması problemi ilə üzləşən təkcə Sabunçu rayonunun Maştağa qəsəbəsi deyil. Binəqədi, Səbail, Yasamal rayonlarından, Sumqayıt şəhərindən də bənzər şikayətlər var.

Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Arifə Mikayılova da mütəmadi qaz problemi ilə üzləşdiklərini deyir.
O deyir ki, son bir neçə gündür qaz verilişi yaxşılaşıb.
"Özümüz də inanmırıq", deyən Arifə ötən qış aylarında evini ancaq elektrik enerjisi ilə işləyən peçlərlə qızdırdığını deyir.
O deyir ki, bu hal ailə büdcəsinə də təsirsiz ötüşmür.
"Normal qazımız gəldiyi ay işıq pulu 15-20 manat arası ödəyiriksə, qaz zəif gələn aylar bu xərc 50-70 manata qədər olur. Zəif qazda kombi işləmir, məcbur elektrikli qızdırıcı işlədirik. Yemək bişirmək üçün də elektrikdən istifadə edirik", o izah edir.
Arifə deyir ki, bu halla əlaqədar şikayət ediblər, hətta qonşuları bir yerə toplaşaraq yolu kəsiblər.
"Fərdi şəkildə şikayət edəndə deyirlər ki, sizin qaz xətlərində problem var. Ümumi məhəllə şikayət edəndə deyirlər yəqin məhəllədəki qaz xətlərində problem var".
"Bir dəfə guya linyada sıçovul tapmışdılar. Dedilər ölüb qalıb ona görə qazın təziqi yox imiş. Sonra dedilər xətlərin arasına su dolub xətlər işləmir, qazı zəif ötürür. Amma heç nə dəyişmədi", sakin deyir.
 
"Problem yoxdur"
 
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyir ki,  qazın verilməsində illərlə müşahidə olunan problem qurum tərəfindən qeydə alınmayıb.
O bildirir ki, şikayəti olan vətəndaşlar qurumun 24 saat işləyən qaynar xəttinə məlumat verməlidirlər, bu zaman məsələ araşdırılacaq.
Müsahiblərimizin quruma dəfələrlə müraciət etdiklərini xatırladanda Azəriqaz İB-nin sözçüsü "hazırda heç bir çatışmazlıq yoxdur" deyə cavab verir.
Kərbalayev müxtəlif rayonlarda qaz təzyiqi ilə bağlı yaranmış problemlərlə bağlı bildirib ki, havaların qəfil soyuması ilə qaza olun tələbat artdıqda belə hal müşahidə olunur, amma tənzimləmə işləri aparılır.
"...qaz xətlərini texniki təhlükəsizlik baxımından birdən-birə yükləmək olmur, tələbat artdıqca təbii qazın verilişi də artır."
Kərbalayev əlavə edib ki, hazırda təbii qazın mövcudluğu ilə bağlı hər hansı problem yaşanmır.