QHT-lərin tacsız dönəmi – AYGÜN MURADXANLI YAZIR

Baxış sayı:
2665

Vətəndaş cəmiyyəti institutlarının iflic edilməsi hakimiyyətlə vətəndaş arasında yaranan boşluğun dərinləşməsinə necə “töhfə” verir, yəqin hamınız son günlər yaşanan olaylar fonunda müşahidə etməkdəsiniz.
COVİD-19-un alt-üst etdiyi cəmiyyət həyatının keçmiş düzəni hər gün yeni, çox ciddi narahatlıq yaradan xəbərlərlə bir qədər də pozulur. Xəstəliyin çoxalması, çoxalmanın qarşısının alınması üçün təbliğatın düzgün qurulmaması, xəbərin şayiəyə qarışması, pandemiya elan edən Dünya Səhiyyə Təşkilatının Bakı təmsilçisinin karantin qaydalarını pozaraq Quba, Qusar dağlarında poz verib İnstagramda yayması, Nazirlər Kabinetinin Bakıdan çıxmağı yasaqlayan qərarına baxmayaraq minlərlə insanın heç bir maneə olmadan paytaxtdan çıxması, məsul qurumların hətta 2 cümləlik açıqlama verməməsi, 3 aydır Rusiya-Azərbaycan sərhəddində Vətənə dönmək üçün ölkəsindən yardım istəyib sonda Rusiya milisinin təpiyini qazanan vətəndaşlarımızın faciəsi əsəbləri tarıma çəkir.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ildə bir neçə dəfə müsabiqə elan edir. Hər dəfə prosesdə QHT-lərin sıxlığı yaranır – lap karantin zamanı Bakıdan çıxıb, indi geri qayıtmaq istəyənlərin yaratdığı tıxac kimi… Bəs, hanı onların gördüyü iş? Şuranın prioritetləri sırasında vətəndaş həmrəyliyinin yaradılması, ayrı-ayrı vətəndaş qruplarının maarifləndirilməsi varsa, niyə humanitar sahədə fəaliyyət göstərən minlərlə QHT-dən çox demirik, 10-nun rəhbəri ortada yoxdur? Hanı onların çalışdıqları fokus qruplar? Axı, layihə üzrə hesabatlarında hədəf bölgələri kənd-kənd, məhəllə-məhəllə gəzdikləri göstərilir. Belə çıxır, onların da fəaliyyəti DST sədri Handə Harmançının işinə bənzəyib – ver yeyim, ört yatım, gözlə canım çıxmasın. Xəzəl kimi başlarına səpələnən qrant paraları torpaq olub, demək?
Bir zamanlar xaricdən maliyyələşən və heç də hamısı siyasi hakimiyyət üçün problemlər yaratmayan vətəndaş cəmiyyəti institutları da səssizdir. Onları müəyyən mənada anlamaq olar. QHT-lərin xaricdən maliyyələşməsinin dayandırılması ilə illərlə davam edən çalışmaları yarımçıq qaldır, yeni siyasi xətt onlarla işbirliyi bir yana, hətta təcrübələrinin öyrənilməsini belə gərəkli saymadı. Sonucda çoxu sıradan çıxdı. Çox güclülər dolayı yollarla ortaq regional layihələrə qoşulub ömürlərini uzatmağa çalışsalar da, bu, fəaliyyətlərini genişləndirməyə yox, sadəcə var oluşlarını qorumağa yetdi. Ona görə də bu gün bəlkə də haqlı olaraq hakimiyyətdən illərlə çox ciddi dəstək alan vətəndaş cəmiyyəti institutlarının yükü üzərlərinə götürmələrini gözləyir, ara-bir sosial şəbəkələrdə gündəmlə bağlı qısa paylaşımlar edirlər. Yəni, bizi istəmədiz, bizdən bu qədər…
Vətəndaş cəmiyyəti quruculuğu Vətən sevgisi, dövlət təfəkkürü, daha sivil cəmiyyət yaratmaq eşqi ilə yox, qazanc yeri yaratmaq sevdası ilə qurulanda ortaya bugünkü mənzərə çıxır. İnanın, sabah QHT Şurası “Pandemiya dövründə vətəndaşların maarifləndirilməsi” adlı müsabiqə elan etsə, yenə basabas düşəcək. Ağzına su alan QHT rəhbərləri yavaş-yavaş mediada boy göstərəcək, sosial şəbəkələrdə üzlərinə çox ciddi ifadə verib canlı paylaşımlar edəcəklər.
COVİD-19 göstərdi ki, para dünyada heç də hər şey deyilmiş. Elə bir dönəm gəlib çata bilər ki, əzizlənən əskinaslar insanları nə dünyaya çıxara, nə əhvalını düzəldə, nə çevrələrinə mutluluq verə bilər. Fərqindəsizmi – biz özəl uçaq sahibi olan şəxslərin belə hərəkət imkanları ucqar dağ kəndində 5 quzusunu yaşıl təpələrdə asudə otaran sadə kəndli babadan daha məhdud olduğu dönəmdən keçirik? Cəmiyyətdəki hər gərginlik, hər dağılma meyli istisnasız olaraq hər birimizin düzəninə təsir edir.
Çarə hökumətin duyarlığında, vətəndaşın məsuliyyətində, vətəndaş cəmiyyəti institutlarının hakimiyyətlə xalq arasında sağlam körpü olmasındadır.
Aygün MURADXANLI