​Qəhrəmanlarımız haqqında türkcə məqalələr yaradılır

Baxış sayı:
8356

Türk dilində olan “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması və redaktə olunması prosesi bu işə daha çox könüllünün qoşulması nəticəsində sürətlənir.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) sərbəst elektron resursları şöbəsinin müdiri Elnur Eltürk məlumat verib.
“Türkcə “Vikipediya”da ölkəmizlə bağlı məlumatların zənginləşdirilməsinə MEK-in “Vikipediya” Metodik Mərkəzinin könüllüsü, İstanbul Universitetinin magistrantı Mərdan Orucoğlu və tanınmış “Vikipediya” idarəçisi Araz Yaquboğlu dəstək verəcəklər. Bununla da, türk dilində olan “Vikipediya”da Azərbaycan tarixi ilə bağlı yanlış məlumatların, boşluqların aradan qaldırılması diqqətdə saxlanılacaq. Vikikönüllülər Azərbaycanın tarixinə və mədəniyyətinə dair etibarlı məlumatların çatdırılması məqsədilə nüfuzlu elm adamlarımız və qəhrəmanlarımız haqqında məqalələri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə uyğunlaşdırdıqdan sonra “Vikipediya”da yerləşdirəcəklər”, - deyə Elnur Eltürk bildirib.