Qeyrihamıyla hamının nağılı – PRITÇA

Qeyrihamı hamıya nifrət edirdi, hamı isə onun mindiyi Səmənd atına görə ona hörmət və nifrət edirdilər. Nifrət artdıqca, qul təbiətlərinə uyğun olaraq hörmət də artırdı.

Qeyrihamı çox qeyri-səmimi idi, onu Səmənd atına mindirən özündən güclülərə müti, orda onların  dabanlarını öpür, burda isə hamının başına qapaz vururdu.

Nəhayət, bir gün qeyrihamını Səmənddən aşırdılar və o, başına qapaz dəyə-dəyə güclə özünü hamının yanına çatdırdı. And-aman edib and içdi ki, onlara olan məhəbbəti bitib-tükənməzdir. Ancaq onun qeyri-səmimiliyinə bələd olanlar onu Səməndə yaxın qoymadılar və o, hiyləyə əl atıb hamını yuxuya verdi və yenidən Səməndə mindi.

İndi o, hamının başının üstü ilə çapır, Allahın hamıya verdiklərinin hamısın alıb qapır, ölkəni talayıb-çapır, hamı da ona nalə-nifrin yapırdı.

Doğrudur, qızmış Səməndin cilovlarını güclə saxlayırdı, ancaq qeyrihamı nə qədər ki, o, Səmənd üstündə idi, ona heç nə edə bilməyib cəfa içində yaşayırdılar. O isə səfa görürdü. Əbləhlər yeyib-içib məst-xumar idi, zəkalar və alilər isə evlərində xar idi.

Əlisa Nicat