Qeyri-neft sektorunda 1.3 milyardlıq kəsir

Nemət Əliyev
 
Qeyri-neft sektorunda bir milyard 136 milyon dollar məbləğində kəsir yaranıb. Mərkəzi Bankın açıqladığı rüblük Tədiyə Balansından belə məlum olub.
 
Bu ilin birinci rübündə qeyri-neft sektorunda aparılmış Cari Əməliyyatlardan xarici ölkələrə 2,704 milyard dollar məbləğində valyuta ödənişi həyata keçirilib. Belə əməliyyatlardan ölkəmizin gəlirləri isə 1,568 milyard dollar olub. Odur ki, xarici ölkələrlə həyata keçirilmiş bu əməliyyatlardan ölkəmiz bir milyard 136 milyon dollar məbləğində valyuta itkisi verib. Mərkəzi Bankın yanvar-mart dövrünə dair açıqladığı Tədiyə Balansından məlum olub ki, kəsir (itki) məbləği ötən ilə nəzərən bu il 19% və ya 181 milyon dollar artıb.
I rübdə qeyri-neft sektorundan mal ixracının 11% artması valyuta qazancımıza 25 milyon dollar məbləğində artırıcı təsir göstərsə də, bu sektordan mal idxalının 20% artması valyuta qazancımıza 233 milyon dollar məbləğində azaldıcı təsir göstərib. Bu səbəbdən qeyri-neft mallarının xarici ticarətindən valyuta itkilərimiz 22,4% böyüyüb.
Qeyri-neft sektorunda rezidentlərlə qeyri-rezidentlər (xaricilər) arasında aparılmış qarşılıqlı xidmətlərdən valyuta itkilərimiz bu dövrdə 21,6% çoxalıb. Ötən ilə nəzərən Təkrar Gəlirlər hesabı üzrə valyuta axınlarında yaxşılaşma müşahidə olunsa da, İlkin Gəlirlər hesabı üzrə valyuta qazancımız 71% azalıb.
Neft sektorunu da buraya əlavə etsək, aydın olar ki, ötən ildən fərqli olaraq bu il ümumi Cari Əməliyyatlar hesabı üzrə 380 milyon dollar məbləğində müsbət saldo yaranıb. Burada pis hal odur ki, bu müsbət saldo neft-qaz sektorunun, daha konkret desək, neftin qiymətinin artması hesabına təmin edilib. Belə ki, bu dövrdə xam neft və neft məhsullarının ixrac kütləsi 796 min ton (14%) azalsa da (DGK-nin məlumatına əsasən), bu məhsulların ixrac (FOB) dəyəri 53% artıb. Odur ki, qiymətin artması hesabına neft sektorunun artmış gəlirləri qeyri-neft sektorunda yaranmış kəsiri kompensasiya etməyə imkan verməklə yanaşı ümumi hesabda müsbət saldo yaranmasını da təmin edib. Deməli, Tədiyə Balansının Cari Əməliyyatlar hesabı qiymət amilindən asılı vəziyyətdədir.
Bu səbəbdən neftin qiymətinin düşməsi ilə Cari Əməliyyatlar hesabında müşahidə olunan bu nisbi yaxşılaşma dərhal aradan qalxa və vəziyyət tamamilə alt-üst ola bilər.
Bundan sonrakı dövrdə ölkəmizdə neft hasilatının və neft ixracının düşmə ehtimalının çox yüksək olması, habelə ABŞ-ın xarici ölkələrə enerji ixrac etmək məsələsində israrlı görünməsi bu Hesab üzrə nisbi yaxşılaşmanı təhdid altına almaqla vəziyyəti daha da gərginləşdirir.
Odur ki, nə qədər gec deyil, uğursuz iqtisadi siyasətdən imtina etmək, gerçək islahatların önünü açmaq lazımdır.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb