“Qəbul imtahanlarında nəticələr aşağı düşəcək” – DİM-in yeni qərarının şərhi

Baxış sayı:
479

Martın 3-dən koronavirus pandemiyası ilə bağlı tədris müəssisələrində dərslər dayandırılıb. Tədris prosesinin dayanması bütün təhsilalanlar üçün mənfi göstərici olsa da, daha çox buraxılış mərhələsində olan şagirdlər “təşviş” keçirir. Ali məktəblərə imtahan verəcək abituriyentlər və onların valideynlərini isə daha çox imtahanlarla bağlı suallar maraqlandırır. Qeyd edək ki, artıq Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi imtahan prosesinin başlanması ilə bağlı məlumatları açıqlayıb. Yeni qaydalar da məlumdur. Mayın 12-dən ali və orta ixtisas məktəblərinə ərizə qəbulu başlayacaq.

Bu il keçiriləcək imtahanlarla bağlı hansı çatışmazlıqlar gözlənilir? İmtahan verənlərin daha az zərər görməsi üçün hansı addımlar atılmalıdr?

Lent.az-a builki imtahanlarda yeniliklərin kifayət qədər olduğunu deyən təhsil eksperti Kamran Əsədov imtahan nəticəsinə mənfi təsir edə biləcək məsələlərdən də danışıb: “Hər il qəbul imtahanı iki dəfə keçirilsə də, bu il mövcud vəziyyətə görə bir dəfə olacaq. Ən ziddiyyətli məqam 9-cu siniflərlə bağlıdır. Bu siniflərin imtahanı iki mərhələli keçirilirdi. Martın 1-də imtahanın birinci mərhələsindən keçənlər var. Birinci mərhələdən keçənlər ikinci mərhələdə iştirak etməyəcəklər. Birinci mərhələnin nəticələri ümumi nəticə kimi qəbul olunacaq, bu, düzgün yanaşma deyil. Çünki birinci mərhələdə təqdim olunan test tapşırıqlarının ağırlıq səviyyəsi və balölçmə vasitələri ikinci mərhələ ilə uyğun deyil. İmtahan iştirakçıları birinci mərhələdə maksimum 30 bal toplaya bilərdilər. İndi həmin 30 bal 100 balla əvəz olunur. Birinci mərhələdə şagirdin müvəfəqiyyət göstəricisi heç də ikinci mərhələ ilə uyğun deyil. Birinci mərhələdə 30, ikincidə isə 70 bal toplamalı idilər. Birincidə açıq və çətin test tapşırıqları, ikincidə isə qapalı test tapşırıqları təqdim edilirdi. Şagirdlər üçün kinci mərhələ daha asandır. Ona görə düşünürəm ki, birinci mərhələnin nəticələrinin götürülməsi doğru deyil. Düzdür, DİM açıqlayıb ki, birinci mərhələnin nəticəsindən razı olmayan ikinci mərhələdə könüllü iştirak edə biləcək. Amma məncə, bütün şagirdlər məhz ikinc mərhələ imtahanı kimi imtahan olunmalıdır”.

K.Əsədov qəbul imtahanında yarana biləcək problemlərə də toxunub: “İkinci yenilik qəbul imtahanları ilə bağlıdır. İmtahanın bir dəfə keçirilməsi şagirdlərə müəyyən qədər psixoloji gərginlik yaradacaq. Bu il sınaq imtahanı bir dəfə keçirilib. Abituriyentlər bilik və bacarıqlarını tam yoxlaya bilməyiblər. İmtahana iki ay qalmış yenilklərin elan edilməsi nəticələrin aşağı düşməsinə səbəb olacaq. Mövcud vəziyyət göstərir ki, orta məktəbdə oxuyan şagirdlərin yalnız 6-7 mini sınaq imtahanına cəlb olunub. Builki abituriyentlərin imtahana hazırlığı o qədər də uğurlu alınmayıb. Pandemiya dövrü olduğu üçün dərslər, kurslar dayanmışdı. Bütün bunları nəzərə alsaq, imtahanın iki dəfəyə keçirilməsi zəruri idi”.

İki aylıq müddətdə bir sıra imtahanların keçirilməsi səbəbindən DİM-in yüklənəcəyini xatırladan ekspert imtahanların iki mərhələdə keçirilməsi üçün test tapşırıqlarında dəyişikliyin edilməsinin zəruriliyini vurğulayıb: “İmtahanların çoxluğu, vaxtın az olması reallıqdır. Amma imtahanları iki dəfə keçirmək imtahandan situasiya tipli test tapşırıqlarını çıxarmaqla mümkün ola bilər. Beləliklə, imtahanı 20-25 günlük ara ilə iki dəfə keçirmək mümkün idi”.