QAZAXISTANDA HƏBSLƏR: 4 jurnalist saxlanıldı

Baxış sayı:
4882

Qazaxıstan hüquq-mühafizə orqanlarının əməkdaşları “Forbes” jurnalı və “Ratel.kz” portalının ofislərində axtarış aparıblar.
Muxalifət.az xəbər verir ki, axtarış zamanı polis ofislərin əmlaklarını müsadirə edib, jurnalistlərin isə mobil telefonlarını əllərindən aıb. Axtarış başa çatdıqdan sonra “Forbes”in baş redaktorunun müavini Aleksandr Vorotilov polis tərəfindən saxlanılıb. Bir müddət sonra isə “Ratel.kz”saytının rəhbər şəxsləri olan Marat Asipov, Sapa Mekebayev və Anna Kalaşnikov həbs edilib. Saxlanılan jurnalistlərin hər biri naməlum istiqamətdə aparılıb.
 “Forbes Qazaxıstan”ın sahibi olan Armancan Baytasov artıq açıqlama yayaraq axtarışın fotosunun çəkilməsinə belə izn verilmədiyini deyib:
 “Biz axtarışı aparanlara suallar veririk. Onlar heç kimlə danışmırlar, sadəcə telefonla məsləhətləşirlər. Bizə axtarış barədə orderi təqdim etmirlər”.
 “Ratel.kz” saytı isə artıq öz Feysbuk səhifəsində axtarışın və həbslərin keçmiş Maliyyə naziri Zeynulla Kakimcanovun şikayəti əsasında baş tutduğu haqqında informasiya yayıb.
Qeyd edək ki, Kakimcanovun hər iki saytla uzun illər məhkəmə çəkişməsi olub. Məhkəməni sonda keçmiş nazir udub. Qərara əsasən, hər iki KİV orqanı Kakimcanov haqqında dərc etdikləri materialları pozmalı və 50 milyon tengə cərimə ödəməli idilər. Lakin sonradan hər iki KİV orqanı bunu icra etməkdən imtina edib.