Qazaxıstanda etnik zəmində toqquşmalar - 8 ÖLÜ, ONLARLA YARALI

Baxış sayı:
3060

Qazaxıstanda etnik zəmində toqquşmalar nəticəsində ən azı səkkiz nəfər ölüb, onlarla insanın yaralandığı bildirilir.

Etnik qazaxlarla dunqan azlığı arasında qarşıdurma ölkənin cənubundakı Cambul vilayətinin Korday rayonu ərazisində yerləşən yaşayış məntəqələrində baş verib.

Qarşıdurmaya səbəb Masançı kəndi ətrafında yer alan "məişət davası" olub.

Daha sonra yaranan toqquşmalara etnik çalarlar verməyə başlayıblar, rəsmilər bildirir. Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev "təxribatçı şayiələr və dezinformasiya" yayanların məsuliyyətə cəlb olunmasını tələb edib.

Cümə günü Masançı yaxınlığındakı Sortobe kəndində polis tərəfindən saxlanılmış avtomobilin sürücüsü qaçmağa cəhd edərkən yerli sakinlər polis əməkdaşlarını daşa tutublar. Bu hadisənin sonrakı toqquşmalarla əlaqəli olub-olmadığı məlum deyil.

İğtişaşlar zamanı 30-a yaxın ev və 15 ticarət obyekti dağıdılıb, rəsmi məlumatlarda göstərilir. Sosial mediada yayılan görüntülərdə, alovlanan evlərin arasındakı kənd küçəsiylə gedən əli dəyənəkli gəncləri görmək olar.

Daxil olan xəbərlərə görə, Masançı kəndinə giriş və çıxış bağlanılıb. Qazaxıstan hökuməti iğtişaşlar baş verən ərazilərin "nəzarət altında" olduğunu bəyan edib.

Masançı kəndi 19-cu əsrdə Çindən gəldiyi deyilən müsəlman dunqan icmasının mərkəzlərindən biri hesab olunur.