Qaz müharibələrində yeni raund - "QAZPROM"u NƏ GÖZLƏYİR?

“Avropa Rusiya və ABŞ-ın qaz maraqları arasında manevr edir”
Yaxın Şərq dənizlərindən uzaqlarda – Avropanın şimalında əsl qaz müharibəsi baş verir. Burada birinci rolu müttəfiqləri (ilk növbədə Almaniya) ilə birlikdə “Qazprom” oynayır. Almaniya Avropanın istehlak etdiyi qazın üçdə birini çatdıran Rusiya şirkətinin hal-hazırda onsuz da üstün olan mövqeyini bir daha gücləndirir.
Amma onlara qarşı Polşanın başçılıq etdiyi enerji müstəqilliyi tərəfdarları durur. Bu qüvvələr hətta daha yüksək qiymətə olmasına baxmayaraq, Amerikan qazının idxal edilməsinə üstünlük verirlər. Avropa Komissiyası hadislərin ortasında qalıb və hər hansı vahid fikrə gələ bilmir. Komissiya 2006-cı ildən 2009-cu ilədək baş vermiş Rusiya-Ukrayna qaz münaqişəsinin təkrarlanmasını istəmir. Avropaya idxal olunan qazın 40%-i Ukraynadakı tranzit zonadan keçir.
Bütün tərəflər manevrlərini getdikcə artırırlar. Sentyabrın sonunda Avropanın bütün qaz kəmərləri üçün vahid reqlament formalaşdırmaq niyyətini Brüsselin dilə gətirməsi son addım oldu. “Şimal axını-2”-nin tərəfdarları hesab edirlər ki, bu addımlar yeni qaz kəməri istismarının təxirə salınması üsuludur. Həmin layihə “Qazprom”a məxsusdur və Avropanın “Engie”, ”Shell”, ”OMV”, ”Uniper” (E.ON) və “Wintershall” (BASF) kimi şirkətləri tərəfindən maliyyələşdirilir. Boru kəməri Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya çəkilmiş birinci ”Şimal axını” kəməri boyunca getməlidir. Nəticədə Rusiya qazının Avropaya ixracı illik 55 milyard kubmetr, yəni indiki mövcud həcmin üçdə bir qədər artacaq. ”Nord Stream AG” rəsmi nümayəndəsi Sebastyan Zaas məsələ ilə əlaqədar deyib: ”Bizim qaz kəməri 2018-ci ilin birinci rübündə Rusiyada, Finlandiyada, İsveçdə, Danimarkada və Almaniyada tikilmək üçün icazə almalıdır”.
Yeni qaz kəməri Almaniya üçün çox vacibdir, çünki onlar nüvə energetikasından imtina etmək və kömür istehlakını azaltmaq niyyətindədirlər. Layihənin tərəfdarları deyirlər ki, o, Ukraynadan yan keçməklə və həmçinin də, durğunluğun yaranması və ya digər tədarükçülərin istehsalı düşürmələri fonunda (Norveç, Niderland, Əlcəzair) Avropanın artan tələbini təmin etməyə imkan verəcək. Rusiya qazının ucuz qiyməti də az rol oynamır.
Hər necə olsa da, qarşıdurma təkcə iqtisadi xarakter daşımır. Polşa öz köhnə düşmənindən asılı olmamaqda qərarlıdır və buna görə də, Baltik portu Svinoytzedə sıxılmış qazın qəbul edilməsi terminalını tikib. Polşa hakimiyyəti öz qarşısında böyük tapşırıq qoyub: hal-hazırda bütün istehlakın 75 faizini təşkil edən Rusiya qazının alışını beş ildən sonra sıfıra düşürmək. İyul ayında Varşavada səfərdə olan Donald Tramp Polşaya ABŞ-dan qaz çatdırılması ilə əlaqədar müqavilə imzalanmasını təklif etmişdi. Bununla yanaşı, ABŞ senatı “Şimal axını-2” tikintisində iştirak edəcək istənilən müəssisəyə qarşı sanksiya tətbiq edəcəyi xəbərdarlığını edib.
 “Engie” şirkətinin rəhbəri İzabel Koşer Amerikanın müdaxiləsinin qəbuledilməz olduğunu bildirib. Avropa Birliyinin başçısı Donald Tusk isə öz növbəsində deyib ki, Avropa Birliyinin qarşısında duran başlıca məsələlərdən biri enerjidaşıyıcı mənbələrin şaxələndirilməsidir. Amma hər halda ABŞ və Rusiya maraqları arasında manevr etmək sadə iş deyil.
Polşadakı terminal artıq bir ildir ki, Qətərdən gələn sıxılmış qazı qəbul edir, lakin onlar hələ də Amerikanın əsas ixracatçısı “Cheniere Energy” şirkəti ilə uzunmüddətli müqavilə imzalanmasını gözləyirlər. Həm də ki, burada yanacaq çatışmazlığından söhbət getmir. Şist qazı hasilatının çiçəklənməsi sayəsində Amerikanlar dünyanın ən iri istehsalçılarından biri olublar. Çox yaxın zamanlarda isə, onlar qaz ixracı üzrə dünya liderinə çevriləcəklər. Həm də ki, hələ indiyədək Amerika ilə Avropa arasında heç bir müqavilə imzalanmayıb (Donlad Trampın böyük peşmançılığına baxmayaraq). Amerika Avropa satış bazarı siyahısında ön cərgələrdə dayanmır. “Chenerie Energy” şirkətinin kommersiya direktoru Erik Bansod bunu belə izah edib: ”Biz 2019-cu ildə ixrac gücümüzü iki dəfə artıracağıq. Bizim üçün prioritet Asiya və Latın Amerikasıdır. Asiyaya qaz kəməri çəkilmədiyi üçün, orada sıxılmış qaza qarşı rəqabət yoxdur. İndi oradakı qiymətlər Avropaya nisbətən 25 % yüksəkdir”.
 “Qazprom”un rəqiblərini heç də sadə oyun gözləmir. Rusiya şirkətinin Asiyada irəliləməsi gözlənildiyindən çətin gedir və o öz ixracının 80 faizini təşkil edən Avropadakı satışlarda düşüş yaşanmasına imkan verə bilməz. Nəticədə “Qazprom” bazar payını saxlamaq üçün qiyməti aşağı salmağa hazırdır.
İstifadə etdiyi qazın 100 faizini Rusiyadan alan Litva belə vəziyyətdən istifadə edə bilib. Litva da həmçinin sıxılmış qazın qəbul edilməsi üçün terminal tikib. Litvalılar terminaldan hələlik istifadə etmirlər, ancaq onların bu addımı Rusiya inhisarını dağıtmaq üçün kifayət edib. Nəticədə Litva qazın qiymətinin 25 faiz aşağı salınmasına müyəssər ola bilib.
Sıxılmış qaz idxalı Avropada rəqabətədavamlı görünmür. Fransa beynəlxalq münasibətlər institutunun ekspertləri qeyd edirlər: ”2016-cı ildə Avropadakı sıxılmış qaz terminalları öz güclərinin yalnız dörddə birini istifadə ediblər”.
 “Qazprom”un vitse-prezidenti Aleksandr Medvedyev hələ yazda qiymət müharibəsinin faydasız olduğunu bildirmişdi. İş ondadır ki, Rusiya qazının üstün tərəfi onun təkcə iri həcmdə çıxarılması deyil, həm də onun maya dəyərinin aşağı olmasındadır.
Sebastyan Zass deyir: ”Təkcə 2012-ci ildə işə salınmış “Şimal axını” il ərzində 600-700 tanker qədər qaz çatdıra bilər”. Erik Bansod isə bildirib ki, ”Cheniere Energy” “Qazprom”un bazardan sıxışdırılmasını öz qarşısında məqsəd qoymur. Amerikan şirkəti Avropaya qaz göndərilməsi ilə, orada iqtisadi maraq gördüyü halda məşğul olacaq. Yəni yaxın gələcəkdə “Qazprom” imperiyasını Avropa qitəsində heç nə təhlükəyə atmır.
 (Le Figaro-Fransa)
Tərcümə azpolitika.info