​Qasırğa Almaniyaya yarım milyard avro ZƏRƏR VURDU

Baxış sayı:
702

Almaniya sığortaçılarının birləşmiş ittifaqı (GDV) “Friderike” qasırğasının ölkəyə vurduğu zərəri 500 milyon avro həcmində qiymətləndirib.
Muxalifət.az xəbər verir ki, “Friderike” qasırğası gücünə görə 2007-ci ildə Almaniyada baş verən “Kirill” qasırğasından sonra ikinci yerdədir. Lakin vurduğu zərərə görə “Kirill” “Friderike” qasırğasını xeyli qabaqlayır – o vaxt Almaniyaya dəyən zərər təxminən 2 milyard avro olub.
Əlverişsiz hava şəraiti ilə əlaqədar dayandırılan uzaq səfər qatarlarının hərəkəti yanvarın 19-da qismən bərpa olunub, lakin qasırğa 200-dən çox dəmir yolunu zədələdiyi üçün tam gücü ilə fəaliyyət göstərə bilmir. Bundan başqa, “Mitnetz Strom” elektrik kompaniyasının məlumatına əsasən, Saksoniya, Saksoniya-Anhalt və Turingiya federal torpaqlarında 16 min evin elektrik təminatı hələ də bərpa edilməyib.
Qeyd edək ki, yanvarın 18-də “Friderike” qasırğası səbəbindən Almaniya ərazisinin çox hissəsində qırmızı təhlükə səviyyəsi elan olunub. Dağlıq ərazilərdə küləyin sürəti saatda 200 kilometri keçib. Təbii fəlakət qurbanlarının sayının 8 nəfərə çatdığı bildirilir.