QAŞIQÇI CİNAYƏTİ SÜRƏTLƏ BÖYÜYÜR - Jurnalisti öldürən sui-qəsd qrupu haqda məlumatlar yayıldı

Baxış sayı:
6028

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Konsulluğuna daxil olan və orada yoxa çıxan jurnalist Camal Qaşıqçı ətrafında müəmmalar davam edir. Xəbər verdiyimiz kimi, artıq ABŞ prezidenti Tramp Qaşıqçının itkin düşməsi xəbərindən narahat olduğunu bildirib. Dövlət Departamenti isə Səudiyyə Ərəbistanı hakimiyyətinə müraciət edərək istintaqla əməkdaşlıq etməyə çağırıb. Bu arada Səudiyyə Ərəbistanında “Müctəhid” ləqəbi ilə yazan sosial media fəalı Qaşıqçı təhqiqatının vəliəhd-şahzadə Məhəmməd bin Salmanın karyerası üçün son olacağını bildirib. Qeyd edək ki, “müctəhid” nikli müəllif gizli addır, Səudiyyə sarayından gizli məlumatları yayır, ancaq onun kimliyi hələlik bilinmir. Türkiyə və Qərb mediası isə Qaşıqçı hadisəsi ilə bağlı bir sıra versiyalar irəli sürüb. "Anadolu" agentliyi Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna Qaşıqçı itkin düşdüyü gün axşam saatlarında daxil olan 3 nəfərdən birinin əlində alət çantası olduğu barədə xəbər yayıb. Konsulluq qapısında işçilərdən biri tərəfindən qarşılanan 3 nəfər binada 1 saata yaxın qaldıqdan sonra çıxıblar. “Nyu York Tayms” qəzeti isə Türkiyə rəsmilərinə istinadən “krallıq ailəsinin qərarı əsasında Qaşıqçının konsulluq binasında öldürüldüyünü” yazıb. Adını açıqlamayan hökumət rəsmisi Qaşıqçı əməliyyatının “sürətli və qarışıq” olduğunu, iki saat davam etdiyini bildirib. Qəzet səudiyyəli xüsusi qrup konsulluq binasında Qaşıqçını öldürüb və doğrayaraq parçalara ayırıb konsulluqdan çıxardığını iddia edib. “Vaşinqton Post” qəzeti isə Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında saxlanılacağından ABŞ kəşfiyyatının əvvəlcədən xəbərinin olduğunu yazıb. Bildirilib ki, ABŞ kəşfiyyatı telefon danışıqları əsasında Səudiyyə Ərəbistanın hakimiyyəti təmsilçilərinin müxalif düşüncəli jurnalist Camal Qaşıqçını konsulluğun binasında saxlayacaqlarını bilirmiş. Məlumata əsasən, onu şirnikləndirərək, Səudiyyə Ərəbistanına aparıb, tutmağı planlaşdırıblarmış. Türkiyənin “Akşam” qəzeti isə Qaşıqçının ölümündə adı keçən və hadisədən bir gün qabaq İstanbula gələn, oktyabrın 2-də İstanbulu tərk edən 15 Səudiyyə Ərəbistanı vətəndaşının görüntülərini və şəxsi məlumatlarını paylaşıb. Məlumatlarda 15 nəfərin şəxsi bilgiləri, eləcə də Türkiyəyə gəldikləri saat, təyyarə reysi, qaldıqları otel və oteldən çıxma saatları, nəhayət, İstanbulu tərk etdikləri vaxtlar qeyd olunub. İstanbula gələnlər arasında olan Salah Məhəmməd əl-Tubaiqi (1971-ci il təvəllüdlü) adlı şəxsin Səudiyyə Ərəbistanı məhkəmə-tibbi ekspertiza idarəsində çalışdığı və dəlilləri gizləmək üçün gəldiyi iddia edilir. Mətbuatın yazdığına görə, Türkiyə polisi hazırda 150 kameranın qeydə aldığı kadrları araşdırır. Bu kameralarda konsulluq binasına gələnlər, onların getdikləri yerlər qeyd olunub. Bu günə qədər olan məlumata əsasən Səudiyyə Ərəbistanından olan 9 nəfər şübhəli şəxs oktyabrın 2-də sabah saat 3:28-də İstanbul Atatürk hava limanına daxil olub. Gələnlər saat 3:37-də pasport qeydiyyatından keçib və şəhərə çıxıblar. Hava limanında onları konsulluğa məxsus avtomobil qarşılayıb və saat 05.05-də şübhəliləri konsulluq avtomobili İstanbulun Levent rayonundakı “Mövenpick” otelinə gətirir. Oktyabrın 2-də saat 13:14-də isə jurnalist Qaşıqçı Səudiyyə konsulluğuna daxil olur. Ancaq bundan sonra ondan xəbər almaq mümkün olmur. “Mövenpick”də olan səudiyyəli 9 nəfər şübhəli isə səhər 3 qrupa bölünərək 09:40, 09:55 və 10.50-də oteli tərk edirlər. saat 12 radələrində Səudiyyə Ərəbistanının İstanbul konsulluğuna bir neçə avtomobil ardıcıl olaraq gəlir. Qaşıqçı konsulluğa daxil olduqdan bir qədər sonra, daha dəqiqi saat 15:08-də 34 CC 2248 nömrə nişanlı, ardınca isə 34 CC 1865 nömrə nişanlı avtomobil konsulluq binasını tərk edir. Saat 15:11-də konsulluq binasına 34 CC 1865 nömrə nişanlı "Mersedes Vito" markalı avtomobil gəlir və bir qədər gözlədikdən sonra Konqulluğun qarajına daxil olur. Axşam saat 19:57 və 20:11-də Səudiyyə Ərəbistanından gələn 9 nəfər yenə 3 qrup şəklində oteli tərk edir və konsulluq avtomobillərinə minərək hava limanına gedirlər. Saat 21-də isə onlar xüsusi təyyarə ilə İstanbulu tərk edirlər. Digər 6 nəfərlik qrup da saat 17:40-da İstanbulu tərk edib. Bu arada ABŞ-ın vitse-prezidenti Maykl Pens deyib ki, Qaşıqçı cinayətini araşdırmaq üçün ABŞ hökuməti İstanbula Federal Təhqiqatlar Bürosunun əməkdaşlarını göndərə bilər. Bilindiyi kimi, hazırkı ABŞ administrasiyası və Səudiyyə hakimiyyəti arasında, xüsusən də hazırda krallığın əsas adamı olan vəliəhd-şahzadə Məhəmməd bin Salmanla yaxşı əlaqələri var. Tramp özü də dəfələrlə Səudiyyə hakimiyyətini, şahzadə Məhəmmədi xeyli tərifləyib. İndi isə bu qalmaqal şahzadənin imicinə ciddi zərbə olmaqla yanaşı eyni zamanda Vaşinqton administrasiyasını pis vəziyyətdə qoyur. Türk əsilli Səudiyyə Ərəbistanı vətəndaşı Camal Qaşıqçı ölkəsinin məşhur qələm adamlarından hesab olunur. Hakim ailəyə yaxın olan jurnalist uzun illər nüfuzlu Ərəbistan medialarında çalışıb və ya onlara rəhbərlik edib. Ancaq Qaşıqçının “Müsəlman Qardaşlar” Hərəkatına yaxın olması, zaman-zaman demokratiya çağırışları, eləcə də hazırda hakimiyyətin sevmədiyi siyasilərlə yaxın olması onun özünə qapıları bağlayıb. Ötən il isə Qaşıqçı Ərəbistanı tərk edib. Bu dövrdə o “Vaşinqton Post” qəzetində yazıb, ABŞ və Türkiyədə yaşayıb. Ancaq yoxa çıxmamışdan bir neçə gün əvvəl BBC-yə verdiyi müsahibəsində Qaşıqçı ölkəsinə qayıda bilməyəcəyini, orda onu təhlükə gözlədiyini etiraf edib. Bu müsahibəni isə BBC dünən yayıb. Oktyabrın 2-də isə Səudiyyə Ərəbistanındakı kral sarayında çalışan keçmiş həyat yoldaşından boşanma işləri ilə bağlı bəzi sənədləri imzalamaq üçün krallığın İstanbul konsulluğunda gedən Qaşıqçı bir daha ordan çıxmayıb. Onun sağ olduğu və ya medianın iddia etdiyi kimi, konsulluqda öldürülüb çıxarıldığı bilinmir./musavat.com