“Qardaşınız tarix müəllimi işləyə bilməsə də indi tarix yazır…” - ŞUŞADA ŞƏHİD OLAN TARİX MÜƏLLİMİ ELGÜN BELƏ DEMİŞDİ

Baxış sayı:
2849

...Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Elgün Quliyev bacılarına təskinlik dolu son mesajında yazıb: “Qardaşınız tarix müəllimi kimi işləyə bilməsə də, tarix yazır. Bir az səbr edin, qələbə xəbərini özüm çatdıracam”. 

Şamaxının Göylər kənd sakini 28 yaşlı Elgün Qarabağda hərbi əməliyyatlar başlamadan bir müddət əvvəl Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu imtahanına qatılıb, yüksək balla Lerik rayonu, Sors kəndinə təyinat alıb. Lakin ona tarix müəllimi kimi işləmək qismət olmayıb, Vətən müharibəsinin başlayan kimi könüllü cəbhəyə gedib, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. 

Qəhrəman şəhidimiz haqqında virtualaz.org-a yaxın qohumu Könül İbrahimova danışıb. 

Anası, 3 bacısı da  müəllimədirlər...

Elgün orta məktəbi bitirəndən sonra Şəki İslam Hafizlik Kollecinə qəbul olub, Quran hafizi kimi (Quranı əzbər bilən) kolleci bitirib. Təhsilini Sumqayıt Dövlət Universitetində davam etdirib, tarix müəllimi ixtisasına yiyələnib. “Elgün millətə, vətənə, torpağa bağlı biri idi. Tarixi gözəl bilirdi, torpaqlarımızın işğal edilməsi ilə barışmırdı. Saatlarla ermənilərin tarixi keçmişindən, onların Qarabağa nə vaxt gəlib yerləşməsindən, uydurma tarixlərindən danışırdı, yorulmurdu. Elə qisas hissi də onu cəbhəyə apardı”,-Könül deyir. 

Elgünün anası və bacıları da müəllimədir. Qohumu danışır ki, müəllimliyə  sevgisi anasından, bacılarından gəlirdi. 

“Güllə altında zəng vurub deyirdi ki, uşaqlara tariximizi öyrədin. Qoyun ermənilərin necə bir millət olduqlarını unutmasınlar. Uşaqlara tarixi qəhrəmanlarla bağlı danışırdı. Özü də qəhrəman kimi tarixə düşdü. Onun yolunu bacısının oğulları davam etdirəcək”, -Könül deyib.

Cəbhəyə getmək üçün könüllü müraciət edib

Elgün Quliyev hərbi xidmətini cəbhə bölgəsində- Füzuli rayonunun Şükürbəyli kəndində keçirib. K. İbrahimova deyir ki, Aprel döyüşlərinə könüllü qatılmaq istəyib, rəsmi müraciət də edib: “Hərbi xidmətdən qayıdandan sonra sözünün əvvəli də,axırı da Qarabağ olurdu. Torpaqların gec-tez işğaldan azad ediləcəyini söyləyirdi. Təsəvvür edin, müharibənin başlamasına necə sevinirdi. Deyirdi ki, nəhayət, qələbə qazanacağıq. Yenə də könüllü kimi cəbhəyə getmək üçün müraciət edib. Sentyabrın 29-da yola düşdü. Biz isə onun cəbhəyə könüllü getdiyini yalnız şəhid olandan sonra öyrəndik”.

 

Elgün senytabrın 29-dan noyabrın 8-dək cəbhənin müxtəlif istiqamətlərində döyüşüb. Noyabrın 9-da Şuşada şəhid olub. 

Şuşa ətrafında ağır yaralanıb, döyüş meydanında qalıb...

Könül həmin günü xatırlayır: “Sonuncu dəfə anası ilə danışıb, deyib ki, telefonu ver atamın da səsini eşidim. Daha sonra bacıları, bacısının övladları ilə danışıb. Deyib ki, bir az səbr edin, qələbəyə az qalıb. Qələbə xəbərini ailəmizə özü çatdırmaq istəyirdi. Bir də deyib ki, işıq yoxdur, telefonuna zəng çatmasa, narahat olmasınlar”. 

Ailəsi Elgünlə tez-tez telefonla danışsa da, heç kim onun hansı bölgədə olduğunu bilməyib. Yalnız bir neçə gün əlaqə saxlamaq mümkün olmadığından onu axtarmağa başlayıblar: “Nəhayət bir nəfərin köməyi ilə Şuşa istiqamətində döyüşdüyünü öyrəndik. Bəlli oldu ki, ağır yaralanıb, bir-iki gün döyüş ərazisindən çıxarmaq mümkün olmayıb və orada şəhid olub”. 

 

Elgün noyabrın 12-də böyüyüb, boya-başa çatdığı Dağ Göylər kəndində torpağa tapşırılıb. Bütün kənd şəhidini son mənzilə yola salıb. Anası Qənirə xanım, atası Vasif kişinin tək təsəllisi yeganə oğul övladlarının çox sevdiyi vətəni uğrunda canından keçməsidir. Yaxınları çox arzu edirlər ki, Elgünün təyinat aldığı Lerik rayon Sors kəndində olan məktəb onun adını daşısın. 

Allahdan Elgünə və  bütün digər şəhidlərə rəhmət diləyirik. 

Ü.Xudiyeva